Bu il Azərbaycanda ali məktəblərə qəbul prosesində bir ilk yaşanacaq. Belə ki, ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında abituriyentlər əvvəlki illərdən fərqli olaraq 5 deyil, cəmi 3 fənn üzrə, ümumilikdə 90 suala cavab yazmalı olacaqlar. Bu ilə kimi isə 3 saat ərzində abituriyentlər 125 suala cavab verirdilər.
Bəs bu yeni qaydalar abituriyentlərin vəziyyətini, imtahan prosesini asanlaşdırır yoxsa əksinə?
Bakupost xəbər verir ki, Lent.az bu sualla aydınlıq gətirməsi üçün təhsil üzrə ekspert Kamran Əsədova müraciət etdi. Ekspert bildirir ki, hazırda imtahanda abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
Abituriyent sual kitabçasında verilmiş 1) 1-22, 31-52, 61-82 saylı qapalı test tapşırıqlarının hər birinə verilən 5 cavab variantından düzgün hesab olunan bir cavabı seçməli və cavab kartında müvafiq sualın nömrəsini tapıb və seçdikləri cavaba uyğun dairəni tam qaralamalıdır:
Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.
2) 23-26, 53-56 və 83-86 saylı hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazılmalıdır.
Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairə tam qaralanmalıdır. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.
3) 27, 57 və 87 saylı uyğunluğu müəyyən etmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqlar müəyyən edilməli və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralanmalıdır.
4) 28-30, 58-60, 88-90 saylı situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazılmalıdır.
Ümumi bal hesablanarkən qapalı suallar üzrə doğru cavabların sayından həmin suallar üzrə səhv cavabların sayının ¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir”.
K.Əsədov onu da vurğuladı ki, hər bir abituriyentdə saatın olması mütləqdir.
"Vaxtdan düzgün istifadə etmək baxımından saat vacibdir. Amma başqa aksesuarlardan istifadə düzgün deyil. Parıltılı, qoxulu geyimlərin yerinə, rahat geyimlər seçilməlidir. Qızlar saçlarını toplasalar, daha rahat olarlar”.
Müsahibimizin sözlərinə görə, şərh edilən bu qayda ilə ilk dəfə olaraq kurikulum yolu ilə məktəbi bitirənlər imtahan verəcəklər.
Qeyd edək ki, mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.
Məlumat üçün bildirək imtahanda 32173 abituriyent iştirak edəcək. Onlardan 27225 abituriyent I qrup üzrə, 4948 abituriyent isə IV qrup üzrə imtahan verəcək.