“QIZIM TƏHQİR OLUNUB, ONA ƏXLAQSIZ DAMĞASI VURULUB…” – İntihara cəhd edən şagirdin atası
10-05-2019, 17:07
Bakıda V sinif şagirdinin intihar cəhdi ilə bağlı cinayət işi başlanıb
Paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəb həmin məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Məktəbdən ONA-nın sorğusuna verilən cavabda bildirilir ki, aprelin 30-da təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib: “Evə təcili tibbi yardım çağırılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub, uşağa müvafiq psixoloji yardım göstərilib. Hər zaman valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması tövsiyə olunur”. 109 nömrəli məktəbin V sinif şagirdi F.Ə.-nin atasıŞamxal Əliyev isə ONA-ya açıqlamasında iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib:“Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar müəllim və informatika müəllimi Nigar müəllim qızıma dəfələrlə təzyiq göstəriblər. Qızım başqa müəllimin yanına hazırlığa getdiyinə görə dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub”. Şamxal Əliyev deyib ki, qızı 6 qutu dərman atıb: “Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək, bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”. Ş.Əliyev qeyd edib ki, baş verən hadisə ilə bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb:“Dünən prokurorluq əməkdaşları qızımı və sinif yoldaşlarını prokurorluğa çağırmışdılar. Bu hadisə qızıma təkrar sarsıntı yaşadıb və o, dünən təkrar intihara cəhd edib. Bu uşaqların cəmi 11 yaşları var. Yaxşı olardı ki, onlar məktəbdə, psixoloqun iştirakı ilə dindirilsinlər”. Atası hazırda övladının məktəbə getmədiyini bildirib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ONA-ya açıqlamasında qeyd edib ki, sözügedən məktəbli şöbədə 3 sutka qalıb: “Dərmanların əlavə təsiri vardı. Psixoloji durumu gərgin idi. Ona görə psixoloq da gəldi, bir az söhbət elədi. Bizə intihara cəhd haqqında heç nə demədi. Haradasa 5 gün bundan əvvəl onu evə yazmışıq. Öz ayağıyla, rahat şəkildə evinə gedib”.