İqor Subbotin
“Nezavisimaya gazeta”, 13.05.2019
ABŞ dövlət katibi Mayk Pompeonun gözlənilmədən Moskvaya deyil, avropalı həmkarları ilə söhbət üçün mayın 13-də Brüsselə səfər etmək qərarı Fars körfəzi ölkələrində təşviş doğuran Oman boğazındakı hərbi fitnəkarlıqla üst-üstə düşüb. Dörd kommersiya gəmisi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazi sularında “təxribat əməliyyatı”na məruz qalıb.
Ərəbistan monarxiyaları günahkarın adını çəkmir, amma güman etməyə hər cür əsas var: yaranmış durum indi ABŞ tərəfdən basqı yaşayan İranın xeyrinə işləmir.
AB Şurasının xarici işlər nazirləri səviyyəsində mayın 13-ə nəzərdə tutulmuş planlı toplantısının baş mövzusu İran problemi olub.
Vaşinqton antiiran sanksiyalarını gücləndirəndən, Tehran isə cavab gedişi kimi, “nüvə sazişi” çərçivəsində öz öhdəliklərinin bir qismini dayandırandan sonra sazişi bütünlükdə necə qüvvədə saxlamaq vəzifəsi qalan imzaçıların qarşısında durub. Avroüçlük (Britaniya, Almaniya və Fransa) İranı sazişə tam əməl etməyə çağırıb, amma eyni zamanda ABŞ tərəfdən məhdudlaşdırıcı ekstraərazi tədbirlərini pisləyib.
Lakin Amerika rəhbərliyi tərəfindən güclü basqı şəraitində necə hərəkət etməyin vahid strategiyası yoxdur. Pompeonun mayın 13-də Belçikaya elan edilməmiş səfəri də Avropa nazirlərinə yüngüllük gətirməyib. Dövlət katibi Rusiyaya səfər qrafikini birdən dəyişərək Soçidə danışıqlardan qabaq Brüsselə baş çəkməyi qət edib, AB-dən həmkarlarını çaş-baş salıb.
BƏƏ sularında atəşə tutulmuş müxtəlif bayraqlar altındakı kommersiya gəmiləri haqda məlumatlar da gözlənilməz olub. Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurasının (FKƏDƏŞ) baş katibi Əbdüllətif bin Rəşid əz-Zəyani bilinməyən canilərin təşkil etdikləri “təxribat”ı pisləyib. Onun FKƏDƏŞ-in rəsmi saytında yerləşdirilən bəyanatında deyilir: “Bu, bölgədə gərginlik və münaqişələrin güclənməsinə gətirə bilər, habelə yerli əhalinin maraqlarına ziyan vurmağa qabildir”.
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əbu əl-Geytin Oman boğazındakı insident haqda bəyanatından atəşə tutulmuş iki gəminin mənsubluğu aydınlaşır. Əl-Geytin mətbuat xidmətinin bəyanatında özəlliklə səslənir: “Baş katib BƏƏ-nin ərazi sularının yanında dörd kommersiya gəmisinə, o cümlədən Fars körfəzində Səudiyyənin iki neft tankerinə qarşı təxribatı qəti şəkildə pisləyib”.
Hadisə Fuceyrə limanının (BƏƏ) yaxınlığında – Amerikanın qeyri-proporsional güc tətbiq edəcəyi halda İranın bağlamağa dəfələrlə söz verdiyi Hörmüz boğazının cəmi 140 km-liyində baş verib. ABŞ bu yaxınlarda İran sərhədinin yaxınlığında özünün hərbi iştirakını gücləndirmək qərarına gəlib (bax: 13.05.2019 tarixli “NG”). FDƏKƏŞ-in aparıcı üzvləri atəşin mümkün günahkarını göstərmirlər, amma güman etmirəm ki, baş vermiş olayın konteksti Tehrana nəsə yaxşı bir şey vəd etsin.
Bu da qəribə görünür ki, “təxribat” haqda məlumatlardan qabaq İranın xəbər agentliklərinin Fuceyrədə hansısa partlayışlar barədə məlumatları gəlib. Bu təsdiqlənməyib. Ədalət xatirinə diqqət yetirmək gərəkdir ki, İran Xarici İşlər Nazirliyi, demək olar, bir anda olayın ayrıntılarının aydınlaşdırılmasına çağırıb. Diplomatik idarənin rəsmi təmsilçisi Abbas Musəvi Oman boğazında sabitlik və güvənliyi pozmaq üçün “pis niyyətlilərin təşkil etdikləri sui-qəsdi” istisna etməyib.
Ekspert mühitində ehtimal edirlər ki, şüurlu fitnəkarlıqlar haqda məlumatlar həqiqətdirsə, onda mümkün icraçıların çevrəsi elə də geniş deyil.
“İndi Vaşinqtonun məşğul olduğu İran ətrafında süni böhran yaratmaq üçün necəsə qəribə bir örtüyü deyil, təxribatlar haqda məlumatların düzgünlüyünü ehtimal etsək, onda husilərlə bağlı bəzi ərəb fəallarının sosial şəbəkələrdə səsləndirdiyi versiyanı rədd etmək olar, – Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Anton Mardasov “NG”-yə bildirib. – Göstərilən bölgə Yəməndən çox uzaqda Oman boğazındadır. Hər şeydən göründüyü üzrə, burada İran güclərinə – həm HDQ-ə, həm də İslam İnqilabı Keşikçiləri Korpusuna eyham gözə dəyir, çünki bu bölgə onların ortaq məsuliyyət zonasıdır. İranlılar belə təxribat həyata keçirə bilərlər, amma sual – bu, birbaşa indi onların nəyinə gərək? Amma onlar hipotetik olaraq yaranmış durumda gözləntini yüksəltməyə hazırdırlar, Hörmüz boğazını bağlamağa daimi hədələr bunu göstərir”.
Analitik yada salır ki, olay yerinin yaxınlığında birgə Rusiya-İran hərbi təlimi keçirmək planlaşdırılıb. İran HDQ komandanı Hüseyn Xanzadi bu yaxınlarda iki ölkənin belə planını təsdiqləyib. “Mən bu düşüncədən uzağam ki, onu (təlimi-“NG”) bu şəkildə pozmağa çalışırlar, amma belə versiyanı kimsə hökmən səsləndirəcək, – Mardasov ehtimal edir. – Ancaq düşünürəm ki, (dörd tanker atəşə tutulduğuna görə-“NG”) “məsul şəxs”in elan edilməsində bu qaranlıq pauza elə-belə götürülməyib, bu, duruma marağı ancaq qızışdırır. Başqa məsələdir ki, məhz İran KİV-ləri tankerlərdəki partlayışlar haqda ən ilk məlumat yayanlardan biri olub – ola bilsin, bu durum İranda daxili gündəliyi yeritmək üçün gərəkdir”.
Tərcümə Strateq.az-ındır.