Ötən il Azərbaycan Polisi yaranmasının 100 ilini qeyd etdi. Bir əsrlik yaşı olan polisimizin qocamanlığı ilə bərabər ildən-ilə yeniləşməsi, çağdaş dövrə uyğun peşə fəaliyyətini təkmilləşdirməsi, beynəlxalq təcrübəni daha dərindən mənimsəməsi, ilbəil peşəkarlaşması göz qabağındadır.
Son 15 ildə Azərbaycanın polis sistemi özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. Reportyor.info-nun Araşdırma Mərkəzi yazır ki, sistemdəki müəyyən neqativlər aradan qaldırılır, cəmiyyətin polisə münasibətində dəyişikliklər müşahidə olunur, istərsə çevik polis alayı, post patrul xidməti, istərsə yol polisi sistemlərində xoşagəlməz hallara son qoyulur.
Etiraf eləmək lazımdır ki, ötən dövrdə polisdən şikayətlər daxil olurdu, vətəndaşlar Daxili İşlər Nazirliyinə, mətbuata müraciətlər ünvanlayırdı.
Lakin son illərdə bu tendensiya demək olar ki, azalıb. Mətbuata polisdən şikayət məktubları nadir hallarda göndərilə bilər. Buna bir səbəb polis sistemindəki bəzi neqativ fəaliyyətin aradan qaldırılmasıdır, digər mühüm faktor isə cənab nazir Ramil Usubovun müraciətlərə həssaslığı, dərhal araşdırılması barədə göstəriş verməsidir.
Bu gün bir vətəndaşın belə DİN-ə müraciəti cavabsız qalmır, operativ tədbir görülür, təqsiri olanlar cəzalandırılır. Eyni zamanda ötən dövrdə ayrı-ayrı polis əməkdaşlarına töhmət verilməsi, xidmət sıralarından azad olunması sübut edib ki, nazirlik heç bir qanunsuzluğu bağışlamır.
Habelə, xüsusi vurğulanmalıdır ki, 102 Xidməti qədər heç bir dövlət qurumunun qaynar xətti operativ, çevik fəaliyyət göstərmir. Vətəndaş üçün polis güvən yeri, etibar istinad gahıdır.
Mənzilinə oğru girən də, dələduzluqla üzləşən də, çıxılmaz vəziyyətə düşən şəxs də qohumuna yaxud qonşusuna deyil, ilk növbədə polisə xəbər verir. Çünki polisə inanır.
Son illərdə narkotacirlərə qarşı amansız mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın, terrorizmin məhv edilməsi istiqamətində DİN, ümumilikdə Azərbaycan polisi misilsiz xidmətlər göstərib, uğurlu əməliyyatlar keçirib. Həm Bakıda, həm bölgələrdə polis narkotiklərlə, cinayətkarlıqla mübarizədə kifayət qədər sərt mövqedədir.
Polislərimiz dəfələrlə yanğın olan ərazidə imdada çataraq köməksiz uşaqları, qadınları ölümdən xilas ediblər, həyatlarını risqə ataraq, ölümlə üz-üzə qalaraq ən ekstremal şəraitdə vətəndaşı düşünüblər, bir polis yox, vətənpərvər oğul kimi fədakarlıq ediblər.
Ümumiyyətlə, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın daxili işlər orqanları milli müstəqilliyin qazanılması və qorunması, torpaqlarımızın düşmən hücumundan müdafiəsi sahəsində əzmkarlıq nümayiş etdiriblər.
Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyətinin 1695 şəhid verməsi, 1710 əməkdaşın isə yaralanması buna əyani sübutdur.
Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə daxili işlər orqanlarının 66 əməkdaşına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.
Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir.
Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.
Reportyor.info-nun Araşdırma Mərkəzi yazır ki, Dövlət Yol Polisi sistemində də çox müsbət irəliləyişlər var. Artıq sürücülərin əsassız saxlanması, cərimələnməsi kimi bəzən baş verən neqativ hallara rast gəlinmir.
Avtomobillərin texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı şəffaflıq tam təmin olunub, sərxoş və avtoxuliqan sürücülərə qarşı mübarizə aparılır.
Eyni zamanda avtobus sürücüləri arasında maarifləndirici təbliğat aparılır, sürücülər nizam-intizama dəvət olunur, aşkar qayda pozan, qəza risqinə səbəb olan sürücülər sərt şəkildə cəzalandırılır, sərxoş vəziyyətdə sükanı idarə edənlər sürücülükdən məhrum olunurlar.
Bundan başqa, Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi, tıxacların aradan qaldırılmasında DYP əməkdaşlarının böyük əməyi var.
Təkcə bu da deyil. Yol polislərimiz yaşlı qadınları, kişiləri, körpəli anaları nəqliyyatın intensiv hərəkəti olan yollardan keçməsinə köməklik edir, insanlıq nümunəsi ortaya qoyurlar.
Yol polislərimiz dəfələrlə qəhrəmanlıq edərək insanları ölümdən xilas ediblər. Bu haqda mətbuatda məlumatlar çoxdur.
DYP əməkdaşları Bakıda keçirilən beynəlxalq yarışlar zamanı nəqliyyatın hərəkətinin nizamlanmasında da hər zaman peşəkarlıq göstəriblər, sürücülər çətinlik yaşamayıblar.
DYP hissələrinin texniki vasitələrlə təmin olunması, onların texniki cəhətdən saz saxlanılmasına nəzarət edilməsi ən əsas məsələdir.
Yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi yüksək səviyyədədir.
Yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması, DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi istiqamətində irəliləyiş var.
DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi ən yüksək səviyyədə təşkil olunub.
Onu da deməliyik ki, yol polislərinin işi dünya satandartlarına uyğun şəkildə qurulub. Amma bütün bunlar fonunda Azərbaycanda yol qəzalarının sayının bu qədər çox olması bizi məyus edir.
Yollarda baş verən qəzalara nəzər yetirdikdə adama elə gəlir ki, Azərbaycanın yollarında müharibə gedir.Əgər yol polisləri olmasa Azərbaycan yollarında avtocəngəllik baş alıb gedər.
Əsas diqqət sürücü mədəniyyətinin artırılmasına yönəldilməlidir. Bizim sürücülərin mədəniyyət göstəricisi orta dünya statistikasından belə qat- qat aşağıdadır. Qəzaların artmasının əsas səbəbi isə insan faktorudur.
Həyatımızı bir günlük də olsa, polissiz təsəvvür etmək mümkün deyil. Elə gəlin təkcə yol polisinin gün ərzində gördüyü işlərə nəzər salaq.
Etiraf edək ki, bir çox sürücülər yol hərəkəti qaydalarına öz təhlükəsizlikləri üçün deyil, DYP-dən çəkindikləri üçün əməl edirlər.
Yol polisi bircə saat iş başında olmasa el arasında “avtoş” adlandırdığımız mahir sürücülər, daha doğrusu avtoxuliqanlar yollarda “at oynadar”, heç kim heç kimə yol verməz, tıxacların sayı artar, bir sözlə, yollarda hərcmərclik baş alıb gedər.
Əsas vəzifəsi demokratik və hüquqi dövlətin prinsiplərinin, ölkə vətəndaşlarının təhlükəsizliyinin yüksək səviyyədə təminatı, ölkədə sabitliyin davamlı mühafizəsi olan polissiz cəmiyyəti düşünmək özü belə insanda təşviş yaradır.
Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan Bakı polisi bu gün müasir tələblərə cavab verən inzibati bina, texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşları mütəmadi olaraq artırılır, sosial vəziyyəti yaxşılaşır.
Reportyor.info Araşdırma Mərkəzi