Əlilliyin təyinində Sovet modeli dəyişir: Azərbaycanda çətindən asana keçid

16-05-2019, 17:10   


Əlilliyin təyinində Sovet modeli dəyişir: Azərbaycanda çətindən asana keçid

"Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq". 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu günədək Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcud idi: 

"Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçülərək onun əlilik dərəcəsi müəyyən ediləcək".

Sahil Babayev bildirib ki, bu kriteriyalar həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb: 

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək".

Sözügedən məsələ ilə bağlı “Cümhuriyət” qəzetinin suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev cavablandırıb. O bildirib ki, əlilliyin müəyyən olunması meyarları dəyişilir: 

“Əlilliyin qiymətləndirilməsi İKT üzərindən yaradılmış xüsusi proqram təminatları vasitəsilə aparılır. Yəni inzibatçılıq, məmur-vətəndaş təması olmadan həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi üçün onun nazirliyin tabeliyində olan Tibbi-sosial ekspert Komisiyasına gəlməsinə ehtiyac qalmır. Qeyd edim ki, ötən gün Beynəlxalq Sosial Təminat Attestasiyasının Bakıda Regional Sosial Təminat Forumu keçirildi. Həmin təşkilat tərəfindən məhz əlilliyin qiymətləndirilməsi təcrübəsi müsbət və qabaqcıl təcrübə kimi qiymətləndirilərək xüsusi mükafata layiq görüldü”.

Əlilliyin hansı meyarlar əsasında qiymətləndirilməsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, bu, Nazirlər Kabinetinin 413 saylı qərarı ilə tənzimlənir:

“Bu, daha çox ümumiləşdirilmiş xarakter daşıyır. I, II, III qruplar və 18 yaşa qədər uşaqlarla bağlı “sağlamlıq imkanlarının məhdudluğu” adlı bir yanaşma var. Burada əsas çatışmazlıq ondadır ki, I, II və III qrupa daxil olan xəstəliklərdə şəxslər üzrə fərqləndirmə aparmaq olmur. Yəni ümumi bir yanaşmadı. Bu da ənənəvi tibbi modeldən qalan bir yanaşma olduğu üçün hazırda dünyada tətbiq olunan mütərəqqi təcrübələrə uyğun gəlmir. Bunun dəyişilməsi ilə bağlı islahat xarakterli tədbirlər görülür. Bununla bağlı xüsusi layihələr hazırlanıb. Sənəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) və Funksionallığın Beynəlxalq Təsnifatı adlı iki standartı əsas götürülərək hazırlanıb. Bu standartlar dünyanın əksər inkişaf etmiş ölkələri üçün əlillik sahəsində əsas götürülən sənədlərdən biridir. Əvvəlki qaydalarda xəstəlik əsas götürülürdü və onun orqanizmə verdiyi ağırlaşmalar əsasında dəyərləndirmələr aparılırdı. Ancaq indi hər xəstəliyin orqanizmin funksiyalarının neçə faiz itirilməsi ilə bağlı dəyərləndirmə aparılacaq. Onu da qeyd edim ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı böyük bir sənəddir və standartdır. Burada hər xəstəliklər üzrə kodlaşdırma aparılıb. Artıq dünyada hər hansı bir xəstəlikdən irəli gələrək orqanizmin öz funksiyalarının neçə faiz itirməsi ilə bağlı dəyərləndirmə təcrübəsi var. Bu, xəstəlik və onun orqanizmin funksiyasının itirməsi ilə bağlı olan faizlə dəyərləndirməsi olacaq. ÜST-nın Funksionallığın Beynəlxalq Təsnifatı adlı sənədində isə əsas məsələ insanın həyat fəaliyyətinin kateqoriyalarının məhdudlaşması ilə bağlıdır. Yəni burada əsasən, xəstəliyin 7 kateqoriyaları üzrə təsir faizi müəyyən edilir. Bunlar özünə qulluq, sərbəst hərəkət etmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət, öyrənmə və əmək fəaliyyəti kimi insanın həyat fəaliyyətinin əsas kateqoriyalarıdır”.

Xəstəlikdən irəli gələrək orqanizmin funksiyasının itirilməsi faizi bu 7 kateqoriyanı nə dərəcədə məhdudlaşdırır?

Sabir Qocayev 3 məhdudlaşdırma dərəcəsinin olduğunu vurğulayıb: 

“Birinci məhdudlaşdırma dərəcəsi odur ki, insan kənar şəxsin köməyi olmadan özünə qulluq edə bilmir. Yəni daim kənar şəxslərin köməyinə ehtiyacı var. Artıq bu, əlilliyin daha ağır formasına gətirib çıxaran dəyərləndirmə hesab olunur. İkinci məhdudlaşdırma dərəcəsi dedikdə isə tutaq ki, şəxs özünə qulluğu müəyyən qədər edir və bu işləri görməkdə texniki reabilitasiya vasitələrdən istifadə edir. Üçüncü məhdudlaşdırma dərəcəsində isə şəxs özünə qulluğu yüngül çətinlik yaşamaqla həyata keçirə bilir. Biz daha çətin bir prosesdən daha asan və sosial model olan bir əlilliyin qiymətləndirilməsinə keçidlə bağlı iş görürük. Burada başlıca məqsədimiz odur ki, insanın xəstəlikdən irəli gələn sosial həyat fəaliyyətinin məhdudlaşmasını müəyyənləşdirək. Sənəd bir çox ölkələrin təcrübəsi nəzərə alınaraq hazırlanıb. Belə ki, Rusiya, Avstriya, Böyük Britaniya, ABŞ və Almaniyanın qabaqcıl təcrübəsinə əsaslanmış bir sənəddir. Eyni zamanda Avropa Birliyinin fiziki və əqli əlilliklə bağlı sənədinə də baxılmışdı. Bununla yanaşı, 14 xəstəlik üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ölkə üzrə baş mütəxəssisləri, professor və elmi işçiləri ilə intensiv müzakirələr olmuş, onların rəy və təklifləri nəzərə alınaraq sənədə əlavə olunub, Nazirlər Kabinetinə təqdim edilib”.

Yeganə Oqtayqızı
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar