XALQ PREZİDENTDƏN HANSI ADDIMLARI GÖZLƏYİR? – “Nəhayət ki…”X” günü müəyyən olundu”
16-05-2019, 18:28
Uzun sürən müzakirələrdən sonra nəhayət ki, Ukrayna parlamenti yeni seçilmiş prezident Vladimir Zelenskinin inauqurasiya tarixini mayın 20-nə təyin edib. Lakin yeni prezidentin qərargahında Ali Radanın andiçmə gününü Zelenskinin tələb etdiyi kimi mayın 19-na deyil, 20-nə təyin etməsi narazılıqla qarşılanıb. Yeni seçilən prezidentin təmsilçisi Dmitri Razumkov bununla bağlı açıqlamasında deyib ki, parlament Zelenskinin və xalqın iradəsinə qarşı getmək üçün bütün vasitələrə əl atdı və ən sonda yenə də prezidentin təklifini təsdiqləmədi. Zelenskinin andiçmə tarixi kimi məhz mayın 19-nun üzərində durması bir tərəfdən həmin günün istirahət günü olması, digər tərəfdən isə parlamenti buraxmaq üçün vaxtının qalması ilə əlaqədar idi. Razumkov bildirib ki, inauqurasiyanın istirahət deyil, həftənin birinci iş gününə salınması istər Kiyev əhalisinə, istərsə də tədbirə qatılacaq xarici qonaqlara diskomfort yaradacaq. Həmin gün paytaxtda böyük sıxlıq olacağını vurğulayan Razumkov qərarı verən deputatların nə yerli əhalini, nə də qonaqları düşünmədiyini bildirib. O, qeyd edib ki, bu qərar Ukraynanin imicinə mənfi təsir göstərir. Ancaq xatırladaq ki, andiçmənin mayın 20-nə təyin olunması Zelenskinin parlamentdən “qisas almasına” tam imkan yaradır.Belə ki, qanuna görə, andiçmə mayın 28-dən sonraya təyin edilsəydi, prezident Ali Radanı buraxa bilməyəcəkdi. Əslində, deputatların əksəriyyəti məhz bu ssenarini planlaşdırmışdı. Lakin böyük ictimai qınaq, parlamentin qarşısında keçirilən etiraz aksiyaları və cəmiyyətin təzyiqi parlamenti sonda güzəştə getməyə məcbur etdi. Ancaq yenə də bir növ yeni prezidentin acığına andiçmə günü məhz onun tələb etdiyi tarixə deyil, bir gün sonraya təyin olundu.
Bu arada Ukraynada keçirilən yeni rəy sorğularının nəticələri açıqlanıb. Sorğuda digər məsələlərlə yanaşı, əhalinin Zelenskidən ilk olaraq, hansı 5 addımı gözlədiyi öyrənilib. Məlum olub ki, insanların 38 faizi ilk addım kimi parlamentin dərhal buraxılmasını və yeni parlament seçkisinin təyin olunmasını arzu edir. Ukraynalıların 41 faizi isə dərhal Donbasla bağlı danışıqların başlanmasını, Rusiyada əsirlikdə olan hərbçilərin geri qaytarılmasını və işğal olunan torpaqların azad edilməsini istəyirlər. Rəyi soruşulanların 34 faizi isə milli valyutanın və bank sektorunun stabilliyinin təmin edilməsini önə çəkib. Maraqlidir ki, yeni prezidentdən ilk addım kimi ən çox tələb olunan isə deputatların, hakimlərin və prezidentin özünün(!) toxunulmazlığının qaldırılmasıdır. Göründüyü kimi, bu tələb prezidentin özünə də toxunur. Ancaq onun yerinə yetirilməsi heç də qeyri-real görünmür. Əslində, bu tələblərin əksəriyyətini, xüsusilə də daxili siyasi proseslərə aid olanlarınnı həyata keçirmək üçün Zelenskinin bütün səlahiyyətləri olacaq. Yerli təhlilçilər hesab edirlər ki, bütün təhlükələrə rəğmən yeni prezident parlamentin dərhal buraxılmasına dair qərar verərsə, bu bir tərəfdən onun cəsarətini və qətiyyətini ortaya qoyacaq ki, buna da, yəni qətiyyətli başçıya xalqın ehtiyacı var, digər tərəfdən isə Zelenski bu addımı ilə reytinqinin yüksəklərdə olduğu bir dövrdə parlament seçkisində öz partiyasına böyük üstünlük qazandıracaq. Hələ ki, yeni seçilən prezidentin özü parlamentin taleyilə bağlı hər hansı qəti açıqlama verməyib.Zelenskinin qərərgahı özünün rəsmi “Teleqram” kanalı ilə yalnız Ali Radanın təyin etdiyi inauqurasiya tarixilə bağlı qısa açıqlama yayıb. Açıqlamada “Nəhayət ki… “X” günü müəyyən olundu – 20 may!” deyilir. Artıq təkcə Zelenskinin komandası deyil, ölkədə hər kəs bu günu gözləyir.Çünki Ukraynanın yaxın gələcəyi həm də həmin gündən sonra atılacaq ilk addımlardan asılıdır. Tahir AzPolitika.info