Baş nazir Novruz Məmmədovun orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi barədə qərarından sonra bu təhsil müəsissələri onlar üçün yaradılmış şəraitlə böyük məbləğdə gəlir əldə edə bilərlər.
Bu sözləri Axar.az-a Baş nazir Novruz Məmmədovun orta ixtisas təhsili müəssisələri barədə imzaladığı qərarı şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O, orta ixtisas təhsil müəsissələrinin gəlir əldə edə biləcəyi yollardan danışıb:
“2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsinə başlanılıb. İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi. Çünki dövlətin varlığı bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz. 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər. Orta ixtisas təhsili müəssisələrinin də onlar üçün yaradılmış şəraitlə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, bu, qanuni əsaslarla olmalıdır”.
Ekspert bildirib ki, təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, orta ixtisas təhsil müəssisəsində rəqs, şahmat dərsləri keçirmək mümkündür, eyni zamanda, ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər:
“Rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən də gəlir əldə edə bilər. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Orta ixtisas və peşə məktəbin rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Amma bu, tədris aparılan istiqamətlər üzrə ola bilməz. Çünki qanunvericilik aktlarına görə, dövlət minimum təhsil verməyə borcludur. Həmçinin orta ixtisas, peşə məktəbləri dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərin pullu olması mümkün deyil”.
Qeyd edək ki, ötən gün Baş nazir Novruz Məmmədovun orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi barədə qərar verib.