ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif etmişdi. Bu barədə məlumatı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirdiyi brifinqdə açıqlamışdı. Nazir bildirmişdi ki, ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir.Vaşinqtonun bu təklifi münaqişə tərəflərinin hər ikisində də birmənalı qarşılanmadı. Təklifin arxasında müxtəlif məqamların olması barədə iddialar ortaya atıldı. Görüşün məkan və zamanının təyin olunmaması bu məqamların qlobal siyasətlə əlaqəli olması kimi dəyərləndirildi. Təklifin üzərindən 1 aya yaxın zaman keçməsinə baxmayaraq, məsələ hələ də gündəmdədir.Politoloq Arzu Nağıyev
Publika.az-a məsələ ilə bağlı açıqlamasında bildirdi ki, ABŞ burada daha çox öz maraqlarını təmin etmək axtarışındadır:
“Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin 29 martda Vyanada keçirilən son rəsmi görüşündən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə nazirləri Moskvaya dəvət edir. Orada artıq özlərinin nəzarəti altında növbəti görüş keçirilir. Bundan sonra ABŞ belə bir bəyanatla çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri bir də Vaşinqtonda görüşsün. Nüfuz davası gedir. Dünyanın bölgüsü aparılır. Bilirlər ki, Rusiya bu münaqişədə açar fiqurdur. Rusiya istəsə, münaqişənin həlli üçün müəyyən addımlar ata bilər. Ermənistana təzyiq mexanizmlərindən tam istifadə edə bilər ki, danışıqlar masasında işğal olunmuş torpaqlar qeyd-şərtsiz qayıtsın. Rusiyanın mövcud mövqeyinə görə ABŞ öz əlindən mümkün variantları buraxmaq istəmir. Əgər dünyaya hakimlik etmək üçün Suriyada, Əfqanıstanda, İraqda müəyyən addımlar atılırsa, deməli ABŞ da bu münaqişədə olmalıdır.
ABŞ nə istəyir? Biz ABŞ-da bir sıra güc strukturları ilə görüşdə olanda mən bu sualı onlara da ünvanlamışam. ABŞ-da fikir ayrılığı mövcuddur. Bəziləri deyir ki, Amerikanın vətəndaşının təhlükəsizliyinə təhdid yoxdursa, heç bir münaqişə onu maraqlandırmır. Buna baxmayaraq, Avropa dövlətləri ilə NATO-nu genişləndirmək istiqamətində müvafiq addımlar atılır. Düşünürəm ki, Ukraynada Donbas məsələsi də məhz bundan sonra ortaya çıxıb.
ABŞ eyni zamanda həm demokratiyaya can atır, həm də nüfuz dairəsini saxlamağa çalışır. Onun da ən mühüm çıxış yollarından biri məhz Qafqaz bölgəsidir. Bu regionda isə ən mühüm tərəfdaş Azərbaycan ola bilər. Onlar Azərbaycanı əldən buraxmaq istəmir. Ona görə də rusların atdığı addıma qarşı amerikalılar da addım atır. Təsəvvür edin ki, SSRİ dövründən qalmış bütün münaqişə ocaqlarında, istər Qarabağ olsun, istər Dnestryanı ərazi olsun, istərsə də Gürcüstan olsun, birmənalı şəkildə Rusiyanın da dəsti-xətti görünür. Heç biri də hələ həllini tapmayıb. Əllərində təzyiq vasitəsi kimi saxlayıblar. ABŞ deyir ki, əgər Rusiya SSRİ-nin sələfi kimi bütün bunları qəbul edirsə, bu məsələləri də boynuna götürməlidir. Götürmürsə, o zaman mən müdaxilə edirəm”.
Zümrüd