162 nömrəli tam orta məktəbdən özünü ataraq intihar edən Elina Hacıyevanın anası Sevil Hacıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Bu barədə Sevil Hacıyeva Lent.az saytına məlumat verib. Valideyn bildirib ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü qızı Hacıyeva Elina Ədalət qızı 4 may 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atıb.
“May ayının 6-da isə 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim etinasızlığı səbəbindən övladım vəfat edib. Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Bakı şəhəri Prokurorluğu tərəfindən cinayət işi başlanıb və iş üzrə ibtidai istintaq aparılır”.
Hüquqşünas olmasam da bilirəm ki…
Sevil Hacıyeva müraciətdə yazıb ki, KİV-də yayılan məlumata görə, prezident işi birbaşa öz nəzarətinə götürüb və ona dərin təşəkkür bildirir.
“Bu məlumat mənə verildikdə işin obyektiv və ədalətli araşdırılacağına əminliyim yarandı. Lakin hal-hazırda istintaqın gedişatından narazıyam. Hüquqşünas olmasam da bilirəm ki, işin nəticəsi əsasən iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən asılıdır. Yalnız obyektiv ekspert rəyi övladımın ölümündə həkimlərin səhvinin olub olmaması, məktəb direktorunun vaxtında təcili tibbi yardım çağırmamasının övladımın ölümünə təsir göstərib-göstərməməsi və digər mühüm hallara aydınlıq gətirə bilər”.
Elinanın anasının sözlərinə görə, onun vəkillərindən ilk tələbi o olub ki, ekspertizada müstəqil ekspert iştirak etsin. Vəkilləri də ekspertizanın tam şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın tərkibinə məhkəmə-tibbi eksperti, tibb elmlər doktoru Məmmədov Vüqar Qurban oğlunun cəlb edilməsi barədə vəsatətlə Bakı şəhər Prokurorluğuna müraciət ediblər.
İşdə müstəqil ekspertin iştirakı üçün vəsasət rədd edilib
“Vəsatətdən bir neçə gün sonra vəkillərim mənə zəng edərək sevincli halda bildirdilər ki, vəsatətimiz təmin edilib. Artıq ürəyim rahat idi ki, gəlinən nəticədən asılı olmayaraq obyektiv rəy veriləcək. Lakin 1 həftədən sonra yoldaşım Seymur bəy müstəntiqlə görüşəndə ona bildirildi ki, Vüqar Məmmədovun həmin komissiyada iştirakı zəruri deyil. Beləliklə də vəsatətimiz rədd edildi”.
Vəsatət indiyə qədər rəsmi formada vəkillər tərəfindən alınmamışdır. Onlara hələ ki, qərarın imzalanmamış versiyası verilib. Həmin qərarı məktuba əlavə edirəm.
“Cənab Prezident! Axı nəyə görə? Hansı səbəbə görə Vüqar Məmmədov işə ekspert kimi cəlb edilmir?! Onun rəy vermək səlahiyyətini təsdiq edən sənədlər vəkillərim tərəfimdən toplanılıb və müstəntiq Emin Cəlilova təqdim edilib. Mənim və vəkillərim tərəfindən təklif edilmiş və peşəkarlığına inandığımız şəxsin ekspert kimi cəlb edilməsi nəyə yaxud kimə maneəçilik törədəcəkdi?”
Sevil Hacıyeva deyib ki, vəkillərinin ona bildirdiyi kimi cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.
“Nə səbəbə vəkillərimin verdiyi vəsatət rədd edilir, niyə dünya miqyaslı alimin o komissiyada iştirakı kimisə narahat edir? Əvvəllər ekspertizanın rəyinə şübhə ilə yanaşırdımsa, vəsatətim rədd edildiyinə görə artıq nəticənin qərəzli olacağına əminəm”.
İlk və çox vacib vəsatəti rədd edilib
S.Hacıyeva bildirib ki, onun ilk və çox vacib vəsatəti rədd edilib, digərlərinə isə hələ münasibət bildirilməyib.
“Sizə gedən istintaqdan narazı olduğumu bildirirəm. Və bu boş fikir deyil, faktla deyirəm ki, bizim əsas vəsatətimiz rədd edilib, digərlərinə hələ münasibət yoxdur”.
Elinanın anası prezidentdən xahiş edib ki, inandığı şəxsin həmin komissiyaya cəlb edilməsində onlara köməklik etsin.
“Hazırda vəkillərim müstəntiqin qərarından şikayət hazırlayırlar. Lakin əminəm ki, Sizin nəzarətiniz olmasa, şikayəti də vəsatətin aqibəti gözləyir. Ana fəryadına biganə qalmayacağınıza əminəm!”