Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyasının mətbuat xidmətinə qısa müsahibə verib.
Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:
– Qüdrət bəy, iqtidar və müxalifət partiyalarının təmsilçiləri arasında keçirilən debatlara baxırsınız?
– Vaxtım olanda, baxıram.
– Sizcə, hansı tərəf daha arqumentli və hazırlıqlıdır?
– Müəyyən istisnalarla, müxalifət təmsilçiləri daha qabarıq nəzərə çarpırlar. Bunun səbəbi isə həllini gözləyən problemlər və iqtidar təmsilçilərinin problemləri təkzib etmək taktikasıdır. Bununla yanaşı, debatlara müxalifətdən əsasən partiya sədrləri qatıldıqları halda, iqtidardan, bir qayda olaraq, orta çaplı siyasətçilər qatılır. Bundan başqa, etiraf olunmalıdır ki, uzun illər iqtidarda olan partiyanı, hətta yaxşı nəticələr ortaya qoymuş olsa belə, müdafiə etmək həmişə çətin olur.
– Məgər bütün problemlərə görə yalnız iqtidarın günahlandırılması doğru deyil?
– Doğrudur, amma elə problemlər var ki, onların həlli xalqımızın inkişaf səviyyəsinə bağlıdır. Ona görə Marks deyirdi ki, sosializm yalnız inkişaf etmiş kapitalizm cəmiyyətində qurula bilər. Norveç, İsveç kimi… Azərbaycanın indiki inkişaf səviyyəsi islahatlara zəmin yaratsa da, bundan daha artığına imkan vermir. Xalqımız ali dəyərləri mənimsəməli və o dəyərlər üçün həyatlarını belə qurban verməyə hazır olmalıdırlar. O debatlarda ötkəm danışıb, xalqımızın heç bir günahının olmadığını, bütün günahların iqtidarda olduğunu söyləyənlərin çoxunun vaxtilə iqtidarın dəstəyi ilə parlamentə düşmələri üçün hansı oyunlardan çıxdıqlarını yaxşı bilirəm.
– İqtidarın ünvanına ən çox irəli sürülən ittihamlar korrupsiya ilə bağlıdır. Bunu necə təkzib etmək olar?
– Məsələ burasındadır ki, iqtidar nümayəndələri bunu təkzib etməməlidir. Korrupsiya ən inkişaf etmiş ölkələrdə də var. Həmin ölkələrdə ona qarşı daha effektli mübarizə aparılır, çünki cəmiyyət buna dəstək verir. Bir illik AXC hakimiyyətinin sonlarında genişlənməkdə olan korrupsiyaya qarşı Prezident Administrasiyasında xüsusi iclas da keçirildi. O zaman DGK sədri İbrahim Vəliyevin “Tankın qarşısında dayananlar rüşvətin qarşısında dayana bilmədi” tezisi dillər əzbərinə çevrilmişdi.
Hazırda bəziləri demaqogiya ilə məşğul olaraq, söyləyirlər ki, Saakaşvili deyib ki, o, rüşvət almadığı üçün Gürcüstanda rüşvət yığışdırıldı.
Elçibəy də rüşvət almırdı, ancaq İbrahim Vəliyev o məşhur bəyanatla çıxış etmək zorunda qalmışdı. Gürcüstanda alt səviyyyədə rüşvətin aradan qaldırılması xalqın artıq başqa cür, rüşvətsiz yaşamaq istəyi ilə bağlı idi. Xalq bunun üçün siyasi səhnəyə çıxmışdı. Azərbaycanda isə xalqımız başqa cür yaşamağa hazır olmadığı üçün Elçibəyi və onun elan etdiyi dəyərləri müdafiə etmədi.
Bu gün niyə insanlarımız yerli istehsal olan ərzaq məhsullarına tam etimad göstərmir? Çünki onu istehsal edən həmvətənlərinin dürüstlüyünə inanmırlar. Ölkəmizin böyük problemləri burdan qaynaqlanır. İnsanlar bəzən hansısa dövlət orqanında rüşvətin baş alıb getməsindən danışır, amma mövzu dəyişən kimi, deyir ki, bir adam olsaydı, haqqını verərdim, mənim oğlumu həmin orqanda işə düzəldərdi. Reallıq bundan ibarətdir.
Amma hər bir halda, dediklərim qətiyyən dolayısı ilə rüşvətxorluğa haqq qazandırmaq kimi başa düşülməməlidir. Sadəcə bir çox problemin kökünün özümüzdə olmasını göstərmək istəyirəm. Düşünürəm ki, bu və qanunun aliliyi ilə əlaqədar digər problemlərin həlli zamanının çatdığını Prezident də görür və bu məqsədlə məhkəmə-hüquq islahatlarının aparılması barədə Fərman imzalayıb. Məncə, o debatlarda iqtidar təmsilçiləri bu barədə danışmalı və bütün müxalifət qüvvələrini, xalqımızı başqa cür yaşamağa və islahatları dəstəkləməyə çağırmalıdır.
– Sosial şəbəkələrdə yayıldığına görə, guya, siz demisiniz ki, Qarabağı qarabağlılar azad etməlidir. Bu, nə dərəcədə doğrudur?
– Çox axmaq və zərərli fikirdir. Əksinə, mən vaxtilə səsləndirilmiş bu cür təxribatçı fikirləri, Qarabağ problemini öz məqsədləri üçün istifadə edənləri qınamışam. Bəzi intellektsiz ünsürlər mənə qarşı mübarizədə öz acizliklərini gördükləri üçün belə şayiələr yayırlar. Qarabağ hər bir azərbaycanlının qürur məsələsidir. Onu işğaldan azad etmək hər kəsin şərəf və ləyaqət məsələsidir. Mən xalqımızı Qarabağı azad etmək üçün qurbanlar verməyə və qəhrəmanlıqlar göstərməyə hazır olmağa səsləmişəm. Çünki Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli mümkün deyil. Tarix boyu zabitlər ölkənin ən üst elitası sayılıb və onlar qürurlu zadəgənlardan formalaşdırılıb. Müharibələr zamanı da onlar xalqı səfərbər edib onun önündə gediblər. Zabit şərəfi həmişə ölümdən üstün tutulub. Keçmişdə zabitlər öz şərəflərini qorumaq üçün ləyaqətlərinə toxunanları duelə çağırardılar. Tarixdən oxumusunuzmu bir rəncbər başqa bir rəncbəri duelə çağırsın?! İndi Şuşada yallı getməklə hər bir azərbaycanlının, xüsusilə zabitlərimizin qüruruna toxunan Paşinyanın cavabı döyüş meydanında verilməlidir! Vətən torpaqlarını qoruyacaqlarına and içmiş zabitlərimiz öz sözünü deməli, ən azı, bir neçə rayonu işğaldan azad etməklə Ermənistanı ədalətli sülhə məcbur etməlidir.
– Fərhad Əhmədovun “Və yenə də Qarabağ haqqında” adlı məqaləsinə münasibətiniz necədir?
– Torpaqlarımızın işğal altında qalması bir azərbaycanlı kimi onu narahat edir, qüruruna toxunur. Mənim ona xeyriyyəçilik fəaliyyətinə və milli kimliyini qoruyub saxlamasına görə hörmətim var. Amma Rusiyada fəaliyyət göstərib Qarabağ mövzusunda düşündüklərini və həqiqəti qələmə almaq iş adamı üçün intihara bərabər olar. Məhz bu səbəbdən məqalədə münaqişənin həllinin üfüqdə görünməməsinə görə əsas faktorun – Rusiya faktorunun üstündən sükutla keçmək lazım gəlib. Ona görə də, düşünürəm ki, belə çətin mövzulara baş vurmaqdansa, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq ona daha çox siyasi divident gətirər.