Xəbər verildiyi kimi, Azərbaycanın bəzi bölgələri gecədən etibarən işıqsız qalıb.
Belə ki, İsmayıllının 70 kəndi, Tovuzun isə bir neçə kəndi işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsinin kəskin külək və yağış səbəbindən olduğu bildirilib.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Cebhe.info-ya açıqlamasında işıqsız qalan ərazilərdə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirib.
Qurum rəsmisi hazırda İsmayıllının 67 kəndində elektrik təchizatının bərpa edildiyini deyib:
"Güclü külək və şimşək elektrik xətlərinə ciddi ziyan vurmuşdu. Xüsusilə İvanovka ərazisini elektrik enerjisi ilə təmin edən xətlər zədələnib. Güclü külək səbəbindən əməkdaşlarımızın ərazilərdə işləməsi mümkün olmurdu. Hazırda 67 kənddə elektrik enerjisi təmin edilib. Bu dəqiqə üçün İsmayıllının İvanovka, Kürtmaşı, Hacıhətəmli kəndlərində əməkdaşlarımız təmir-bərpa iləri aparır. Yaxın saatlarda bu kəndlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək".
Tanrıverdi Mustafayev həmçinin Tovuzun kəndlərində də elektrik enerjisinin bərpa edilməsi ilə bağlı işlərin getdiyini deyib: “Gecə saatlarından qəza briqadalarımız yüksək səviyyədə hazırlığa gətirilib. Bütün regionlarımızda işıqla bağlı yaranan nasazlıqlar aradan qaldırılır”.
Alçina Amilqızı
Cebhe.info