Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Nikoil Bank əməkdaşları tərəfindən vətəndaş Zaur Civəzadə evində 2 körpə uşağının gözləri qarşısında döyülüb.
Bu barədə Demokrat.az-a zərərçəkmiş özü şikayət edib.
Zaur Civəzadə bildirib ki, Nikoil Bankın Tural adlı əməkdaşı Amil adlı idmançı ilə yaşadığı evə gələrək, ona zor tətbiq ediblər:
"Bir neçə il əvvəl Elxan adlı dostum Nikoil Bankdan ipoteka krediti götürərək, Şüvəlanda ev alıb. Hazırda öz evim təmir olunduğu üçün dostumun icazəsilə həmin evdə yaşayıram. Mayın 16-da 2 nəfər bank əməkdaşı qaldığım evə gələrək, heç bir məhkəmə qərarı olmadan məni evdən zorla çıxartmağa çalışıb. Mən onlardan məhkəmənin qərarını tələb edən zaman fiziki təzyiqlərə məruz qalmışam. Hətta, 2 nəfər azyaşlı uşaqlarımın gözü qarşısında döyülmüşəm. Uşaqlardan birinin 2, digərinin isə 3 yaşı var. Məni vuran şəxs Amil idi".
Zaur Civəzadə üzləşdiyi hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə 2 və Xəzər Rayon Polis İdarəsinə şikayət etdiyini söyləyib.
Zaur Civəzadəni vurduğu iddia edilən Amil adlı bank əməkdaşı ilə əlaqə saxladıq.
O,Demokrat.az-a hadisənin baş verdiyini təsdiqləyib:
"Hadisə olsa belə, artıq biz Zaurla barışmışıq. Bu barədə polisin də xəbəri var".