ABŞ prezidenti Donald Tramp “Fox News” televiziyasına sensasiyalı açıqlamalar verib.
Redaktor.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o, bildirib ki, hərbi-müdafiə sənayesi arasındakı əlaqələr üzündən bəzi qüvvələr ABŞ-ın daxil olduğu müharibələrin başa çatmasını istəmir.
“Ağ ev” rəhbəri deyib:
“İran uzun zamandır problemə çevrilib. Keçmiş prezident Barak Obamanın İranla imzaladığı nüvə sazişi “fəlakət” idi. Bu müqaviləni ləğv edərək, Tehrana qarşı qadağaları bərpa etdik. Bu, İranı iqtisadi fəlakətə sürüklədi. Lakin İranla müharibəyə girmək niyyətində deyiləm”.
Aparıcının “İranla müharibə niyyətində olmadığınıza dair xalqa zəmanət verə bilərsiz?”- sualına Tramp belə cavab verib:
“İllərdir insanlar ABŞ-ın müharibələrinə köklənib. Özünüzü aldatmayın. Bu ölkədə hərbi-sənaye kompleksi var. Onlar mütəmadi müharibə istəyirlər”.
İŞİD-in məğlub edildiyini deyən Tramp, Suriyadakı amerikalı hərbçiləri geri çağırmaq istədiyini də bildirib:
“Suriyadakı amerikalı hərbçiləri geri çəkmək istədiyimi deyirəm. Bəziləri dəliyə dönür. Vaşinqtonda elə insanlar var ki, onlar heç bir yerdən çıxmaq istəmirlər. Mən də "yaxşı, bir neçə yüz əsgər saxlayaram"- deyirəm. Lakin onlara qalsa, əlavə olaraq daha minlərlə hərbçi göndərəcəklər. Bir qrup var, “hərbi-sənaye kompleks” adlandırılır. Daima müharibə istəyirlər. Mən müharibə istəmirəm. Amma İran kimi problemlər ortaya çıxır. Tehranın nüvə silahı əldə etməsinə əsla imkan vermərik”.
Qeyd edək ki, “hərbi-sənaye kompleks” termini 1961-ci ildə ABŞ-ın keçmiş prezidenti Duayt Eyzenhauer tərəfindən ortaya atılıb. İddialara görə, ABŞ hərbi sənayesi, amerikalı rəsmilər və amerikalı hərbçilər gizli ittifaq quraraq, ordunu mütamədi vəsait xərcləməyə sövq edir. Həmin qruplaşma “hərbi-sənaye kompleks” adlandırılır.
Anar Türkeş / Redaktor.az