VARLI STATİSTİKAMIZIN YOXSULLUĞU… – Azərbaycanda nəyin qiyməti həqiqətən azalıb?
22-05-2019, 09:17
Milli Məclisin az-çox “ürəkli” deputatlarından biri olan Vahid Əhmədovparlamentdə keçirilən iclasda Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarını şübhə altına alıb. Deyib ki, komitənin istehlak qiymətlərinin 14.7 faiz(!) ucuzlaşması barədə yaydığı məlumat həqiqətə uyğun deyil: “Statistika Komitəsinin məlumatında bildirilir ki, istehlak qiymətləri 14,7% azalıb. Bu barədə Hesablama Palatasının da rəyi var. Mən bilmirəm Statistika Komitəsinin sədri bazara, marketlərə gedir, ya yox. Azərbaycanda nəyin qiyməti azalıb?” Deyəsən, hörmətli deputat DSK kimi qurumların hesablama metodikasından, fəaliyyət mexanizmindən xəbərsizdir. Təəssüf ki, həmin iclasdaDSK sədri Tahir Budaqovcənabları şəxsən iştirak etməyib, yoxsa verərdi deputatın cavabını. Məsələn, deyə bilərdi ki, MSK (Mərkəzi Seçki Komissiyası-red.) necə işləyirsə, DSK da o cür işləyir və MSK seçkidə bugünkü deputatlara verilən səsləri necə sayıbsa, biz də statistik göstəriciləri o cür hesablamışıq. Bu cavabın qarşısında hansı deputat tab gətirə, “mıqq” edə bilərdi?…O üzdən yaxşı ki, cənab Budaqov həmin iclasda olmayıb.
Ancaq deputat yox, bir sadə vətəndaş kimi Vahid müəllimin verdiyi sualı hər birimiz DSK-ya ünvanlaya bilərik – nəyin qiyməti azalıb bu ölkədə?Ümumiyyətlə, kim üçün, nə üçündür bu yalançı statistika? Axı bu rəqəmlərə nə yerli əhali inanır, nə də əcnəbilər. İstənilən ağlı başında olan xarici iş adamı ölkəmizdə hansısa iş qurmaq, investisiya yatırmaq qərarını verməzdən əvvəl statistikaya nəzər yetirir.Görəsən onların neçə faizi bizim rəsmi qurumun statistik göstəricilərinə etibar edir? Ümumiyyətlə, sorğu keçirsək, görərik ki, bu qurumun Azərbaycanın ərazisi və əhali sayından başqa açıqladığı az qala bütün rəqəmlərə şübhə ilə yanaşılır – xüsusilə də əhalinin həyat səviyyəsini, gəlirlərini, sosial durumunu əks etdirən göstəricilər üzrə. Məsələn, Azərbaycan statistikası deyir ki, son 15 ildə ölkədə işsizliyin səviyyəsi5 faizə,yoxsulluq səviyyəsi isə hətta 5 faizdən də aşağı enib. Bu, o deməkdir ki, hər 100 nəfərdən yalnız 5-i işsiz və yoxsuldur. Görəsən, əhalinin neçə faizi inanır buna? Elə həmin rəsmi statistikaya görə 10 milyon əhalisi olan ölkədə ötən ilin sonuna olan rəqəmlərlə təxminən3.8 milyon nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatdan keçib, yəni ki, rəsmən işlə təmin olunmuş sayılır.Nəzərə alsaq ki, 10 milyonluq əhalinin təqribən 70 faizi əmək qabiliyyətli hesab olunur, o zaman 7 milyonun qarşısında 3.8 milyon necə 5 faiz təşkil edə bilər, necə hesablanıb bu? Hələ onu da nəzərə almaq lazımdır ki, rəsmən sosial sığorta qeydiyyatında olsalar da, faktiki olaraq, işləməyənlər də var. Belə ki, bəzən sahibkarlıq subyektləri fəaliyyətlərini dayandırsalar da, işçilərin əmək müqavilələrini ləğv etməyi unudurlar. Doğrudur, faktiki mövcud olan, lakin rəsmiləşdirilməyən iş yerləri də az deyil. Ancaq son zamanlar bu sahədə ciddi iş aparılır və əmək müqavilələri kütləvi şəkildə rəsmiləşdirilir. Yəni ki, rəsmi və qeyri-rəsmi iş yerlərinin cəmi sayı istənilən halda heç cür əmək qabiliyyətli əhalinin 95 faizini təşkil edə bilməz və bunu görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur.
Bəs bizim şanlı statistika qurumumuz 5 faizlik işsizlik səviyyəsini necə ortaya qoya bilib?Çox sadə. Doğrudan da rəsmən qeydiyyata alınan işsizlərin sayı 5 faiz təşkil edə bilər. Belə ki, adicə adına torpaq payı olan kəndli artıq işsiz sayılmır və heç kim gedib baxmır ki, bu adam doğrudan da işləyir, ya yox. Bundan əlavə, faktiki işsiz olan əhalinin bəlkə də 70-80 faizirəsmi dövlət məşğulluq mərkəzlərinə ümumiyyətlə müraciət etmir. Müraciət edənlərin isə maksimum 10-15 faizinə rəsmi işsiz statusu verilir və müavinət təyin olunur. Və yalnız həmin adamlar işsiz sayılır. Elə statistika idarəsinin ortaya qoyduğu bu 5 faiz rəqəmi də bu cür “ərsəyə gəlir”. Təxminən eyni üsullarla da yoxsulluq səviyyəsi 5 faizə “endirilib”. Yəni ki, hər şey hesablama metodologiyasından asılıdır. Bizim DSK isə yalnız özlərinə sərf edən metodologiyalardan istifadə edir… DSK sədri Tahir Budaqov açıqlamalarının birində statistik göstəricilərin günün reallıqlarını əks etdirməməsi ilə bağlı səsləndirilən iddialara cavab verərkən demişdi ki,“bu kimi yanaşmalar bütün dünyada var”. Doğrudan da, statistik göstəricilərdə kənarlaşmalar əksər ölkələrdə var və bu, təbiidir. Lakin normal ölkələrdə bu kənarlaşmalar cüzi miqdardadır və məlumatların həqiqiliyinə şübhə edənlər də olduqca azdır.Bizdə isə hər şey əksinədir – kənarlaşma böyük, rəsmi statistikaya inanmayanlar isə həddindən artıq çox. Yeri gəlmişkən, yaxşı olardı ki, DSK əhalinin neçə faizinin onun rəqəmlərinə inandığını da araşdırsın və nəticəni ortaya qoysun. Bir də dünya praktikasına istinad edən hörmətli Tahir müəllimə onu da xatırlatmaq lazımdır ki, əksər müasir idarəçilik sistemi tətbiq olunan ölkələrdə statistika qurumları hansısa nazirliyin nəzdində bir xidmət, şöbə olaraq fəaliyyət göstərir və bizdəki kimi yüksək statusa, şişirdilmiş aparata malik deyil. Və bu qurumların rəhbərlərinin də çoxu V.Əhmədovun eyham vurduğu kimi, dükana, bazara özləri gedirlər… Sonda qeyd edək ki, deputatın “Azərbaycanda nəyin qiyməti azalıb?”sualı yenə də açıq olaraq qalır. Kim cavab verəcək bu suala? Kim deyəcək ki, əslində bu ölkədə çoxdandır ki, çox şeyin qiyməti azalıb, xüsusilə də qeyri-maddi dəyərlərin – məsələn, sözün, yaxud da insan həyatının… bir də sözsüz ki, yalanın – o şeyin ki, biri bir qəpikdir, hələ bir az da ucuz! Cəlal MƏMMƏDOV AzPolitika.info