Bu günün dünyaya gələn qız uşaqları sabahın analarıdır.
Təəssüflər olsun ki, Azərbaycanda hələ də qız uşağının dünyaya gəlməsini xoş qarşılamayanlar var. Statistik məlumatlarda qız uşaqlarının sayının azaldığı qeyd edilir. Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub. Doğulan uşaqların 53,5 faizi oğlan, 46,5 faizi isə qızdır. Son illər Azərbaycanda doğulan körpələr arasında oğlanlar çoxluq təşkil edir. Azərbaycanda doğulan uşaqlar arasında oğlanların artması maskulinizasiya təhlükəsi də yarada bilər.
Bu, həm də azyaşlı qızların zorla nikaha cəlb edilməsi, qaçırılması, təcavüzə məruz qalması, hətta azyaşlı oğlanların da zorlanması hallarına gətirib çıxara bilər.
Bu təhlükəni necə önləmək olar?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Mustafa sözügedən problemlə bağlı əməli addımların heç bir faydasının olmadığını deyib:
“Allah “Qurani-Kərim” də bunun qaydalarını göstərib. “Qızlara qarşı vəhşiliyi dayandırın, diri-diri basdırmayın, ana bətnində öldürməyin”,- deyə vurğulanıb. Azərbaycan “Qurani-Kərim”i eşitmir, mən millət vəkilini haradan eşidəcək? Bu bir vəhşilikdir. Xeyli insanlar var ki, bu vəhşiliyi özləri üçün utanmadan həyata keçirirlər. Texnoloji məlumat alan kimi, ana bətnindəki qız uşağıdır, qətliamın həyata keçirilməsinə qərar verirlər. Bu, vəhşiliyin qarşısını almaq lazımdır. Olduqca çox böyük üzqarasıdır. Qız uşaqlarının kütləvi şəkildə məhv edilməsi çox acınacaqlı bir haldır və bu cahilliyi, nadanlığı cəmiyyətimizdən götürə bilmirik. İş orasındadır ki, bu məsələ maarifləndirmə ilə də düzələn deyil”.
Deputat selektiv abortların qadağan olunması məsələsinin gündəmə gələ biləcəyini də istisna etməyib. Amma bunun daha çox mənəvi məsələ olduğunu deyib:
“Bu, həm də mənəvi məsələdir. Qız uşağını məhv edən hər bir şəxs həqiqətən də insan olmağa layiq sayılmamalıdır. Cəmiyyət hörmətsiz yanaşmalı, belələrini qınağa tutmalıdır. Övladın fərqi varmı? Niyə qızı məhv edirsən? Doğurdanmı, insan bu qədər səviyyəsiz, nadan və cahil olar? İnsan niyə bu addımı atır? Qızların ümidinə qalan minlərlə insan var. Qız övladı qeyrətli olanda valideynlər oğlundan imtina edir. Bu, artıq cəmiyyətimizin reallığıdır. İnsanlar bundan da ibrət götürmürlər”.
Deputat sözügedən məsələdə heç bir əməli addım atmayan qurumları da sərt tənqid edib. O deyib ki, Ailə ,Qadın və Uşaq Problemləri üzrə Komitə və bu kimi qurumlarda sadəcə iş yeri var:
“Adamlar maaş alır, iş yeri, status... Burada idealist və fədakarlıq edən insanların məsələyə baxışına, eyni zamanda ailə problemlərini, sıxıntılarını dilə gətirənlərə ehtiyac var. Hələlik bunu müşahidə etmirik. Tək bu qurum deyil, əksər qurumlar belədir. Maşın, vəzifə, status, bundan o tərəfə gedilmir. Halbuki bu problemin təhlilləri aparılmalı, gündəlik müəyyən addımlar atılmalı və çıxışlar olmalıdır. Təəssüf ki, bu yoxdur. Ona görə də deyilən məsələlər qərar xarakteri almadığına görə qalır və təsirini göstərmir ”.
Alçina Amilqızı
Cebhe.info