Ali təhsil müəssisələrində tələbələrin geyim və xarici görünüşü yenidən müzakirələr yaradıb.
Bəzi ali təhsil ocaqları daxili nizamnaməni əsas gətirərək tələbələrə geyim və görünüşlə bağlı müəyyən qadağalar tətbiq edir. Bu dəfə Sumqayıt Dövlət Universitetində oğlanlara saqqal qadağası qoyulub. Saqqalı olan oğlanlar dərslərə buraxılmırlar.
Universitet rəhbərliyi bu qadağanın daxili nizamnaməyə uyğun həyata keçirildiyini açıqlayıb. Ümumiyyətlə, bu ilk hadisə deyil və zaman-zaman ortaya çıxdıqda etirazla qarşılanıb. Təhsil müəssisəsinin tələbələrin geyim və görünüşünə qərar verməsi ictimaiyyətdə birmənalı qarşılanmır.
Hüquq müdafiəçiləri hesab edir ki, tələbənin geyimi, saç-saqqal tərzi şəxsi seçimdir. Ali təhsil müəssisələrində tələbələrə xarici görünüşlə bağlı hər hansı qadağanın tətbiqi doğru deyil.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında deyib ki, ali təhsil müəssisələri daxili nizam qaydalarına əməl etməkdə imkan və səlahiyyət sahibidir:
“Təhsil Nazirliyinin universitetlərdə bütün qaydaları, çərçivələri, geyim tərzinə qədər hər şeyi tənzimləmək öhdəliyi yoxdur”.
Təhsil məsələləri üzrə ekspert Elşən Qafarovun sözlərinə görə, istənilən ali təhsil ocağına qəbul olunmuş tələbə mütləq universitetin daxili nizamnaməsi ilə tanış olmalıdır:
““Təhsil haqqında” Qanuna əsasən, təhsilalanların geyim forması təhsil müəssisəsinin fərdi nizmnaməsi ilə tənzimlənir. Bu, bütün təhsil müəssisələrinə aiddir. Əgər ali təhsil müəssisəsinin nizamnaməsində tələbənin xarici görünüşü, yaxud geyimi ilə bağlı tələblər varsa, bu zaman universitet ona əməl olunmasını tələb edə bilər. Hesab edirəm ki, ali təhsil müəssisələrinin nizamnaməsi qanundan kənara çıxmır. Əgər qanundan kənar olsaydı, o nizamnamə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmazdı. Mən bilmirəm ki, Sumqayıt Dövlət Universitetinin nizamnaməsində konkret olaraq tələbələrin geyim və görünüş tərzi haqqında nə yazılıb. Amma hər bir tələbənin ixtiyarı var ki, təhsil müəssisəsində oxumağa başlamamışdan əvvəl 3 sənədlə tanış olsun. Bunlar təhsil müəssisəsinin nizamnaməsi, universitetin lisenziyası və akkreditasiyadan keçməsi haqqında sənəddir. Hər bir təhsilalan universitet seçərkən nizamnamə ilə tanış olmalıdır. Tələbə nizamnamə ilə tanış olarkən orada göstərilən şərtləri qəbul etmirsə, həmin universitetdə təhsildən imtina edə bilər”.
Maraqlıdır, tələbə bu sənədlərlə harada tanış ola bilər? Ümumiyyətlə SDU-nun nizamnaməsində geyimlə, xarici görünüşlə bağlı hansı tələblər var? Cebhe.info bunu araşdırmaq üçün Sumqayıt Dövlət Universitetinin rəsmi saytında axtarış aparıb. Ancaq universitetin daxili nizamnaməsi ilə bağlı hər hansı məlumata rast gəlməyib.
Halbuki həmin universitetə qəbul olmaq istəyən şəxs əvvəlcədən təhsil müəssisəsinin nizamnaməsi ilə tanış olmaq üçün məlumatı məhz bu rəsmi ünvandan öyrənə bilərdi ki, qəbuldan sonra hər hansı narazılıq yaranmasın.
Alçina Amilqızı
Cebhe.info