O, polkovnik olsa da, dəfnində orden və medallarını marşallar sərgiləyib: Doğma atası isə dəfnə gəlməyib - FOTOLAR

23-05-2019, 14:29   


O, sadə bir dülgərin oğlu olub, amma son mənzilə ölkənin birincilərinin, Leonid İliç Brejnevin, Aleksey Kosıginin, Nikolay Podqornının və Siyasi Büronun digər üzvlərinin çiyinlərində gedib.

Onun dəfn mərasimində on minlərlə insan iştirak edib, amma doğma atası oğlu ilə son vida mərasiminə getməyib...

SSRI-nin mövcudluğu dövründə Yuri Qaqarin yeganə şəxs olub ki, dövlət başçısı olmadığı halda, onun dəfn mərasimi birincilərin statusuna uyğun keçirilib. Qeyd edək ki, Yuri Qaqarin və onunla birgə olan Vladimir Seryogin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olublar.

Yuri Qaqarinin həlak olması ilə bağlı ölkədə matəm elan olunub. Mərkəzi qəzetlərin birinci səhifələrində kosmonavtın şəkilləri əks olunub, ayrı-ayrı ölkələrin siyasi liderlərinin, tanınmış şəxslərinin başsağlığı mətnləri çap edilib. Televiziyada dəfn mərasimi canlı yayımlanıb.

Yuri Qaqarin və Vladimir Seryoginlə vida mərasimi Sovet Ordusunun Mərkəzi Evində keçirilib. On minlərlə insan öz qəhrəmanları ilə son dəfə görüşmək üçün növbəyə düzülüblər.

3.jpg (218 KB)

Vida mərasimindən sonra Qızıl Meydanda matəm mitinqi keçirilib. Yaradılmış dövlət dəfn komissiyasına Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Andrey Kirilenko sədrlik edib. Ölkədə bir dəqiqəlik sükut elan olunub. Sonra kosmonavtların yandırılmış nəşinin külləri Kreml divarlarına yerləşdirilib.

Yuri Qaqarinin həlak olduğu gün onun atasının doğum gününə təsadüf edib. Ailə əvvəlcədən bu ad gününün keçirilməsini bir gün sonraya planlaşdırıb. Məhz elə həmin gün də kosmonavtın ölüm xəbərini valideynlərinə çatdırıblar.

2.jpg (181 KB)

Onun atası Aleksey Qaqarin oğlunu son mənzilə yola salmağa getməyib və əsəbi şəkildə onları aparmağa gələn adamlara dəfn mərasimində iştirak etməyəcəyini söyləyib: “Mən heç bir yerə getməyəcəm, mən haradan bilim ki, kimin dağılmış sümüklərini dəfn edirlər, Qaqarinin, yoxsa Seryoginin…”

Beləliklə də o, dəfndə iştirak etməkdən imtina edib. Amma Yuri Qaqarinin dəfni o qədər izdihamlı keçib ki, sonradan onu Stalinin dəfni ilə müqayisə ediblər.

Qeyd edək ki, Yuri Qaqarin kosmosu fəth edəndə cəmisi 27 yaşında olub. 108 dəqiqə “göylərin qonağı” olmaq onun həyatını tamamilə dəyişib. Dünyanın ən populyar adamına çevrilən kosmonavt istər xarici ölkələrdə, istərsə də Sovetlər Birliyində saysız-hesabsız görüşlər keçirib. 

4.jpg (159 KB)

14 aprel 1961-ci ildə o, SSRİ-nin ən yüksək təltifinə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı, Y.Qaqarinin mükafatlandırılması ilə bağlı SSRİ Nazirlər Sovetinin qərarı olub. Qərara əsasən Yuri Qaqarinə 4 otaqlı mənzil, “Volqa” markalı avtomobil, mebel və bütün ailə üzvlərinə xaricdə istehsal olmuş yay-qış geyimləri verilib. Kosmonavtın “Volqa”sının nömrəsi 12-04 YuAQ olub ki, bu da onun uçuş tarixini, adını, atasının adını və soyadını əks etdirib.

Y.Qaqarinin ən böyük arzularından biri ilk dəfə Ayı fəth etmək olub. Ancaq ona bir müddət uçuşlarda iştirak etməyə icazə verməyiblər. Elə bu müddətdə də bütün qapılar üzünə açıq olan Yuri Qaqarin içkiyə, əyləncələrə qurşanıb.

1.jpg (242 KB)

Təbii ki, bu da onun fiziki hazırlığına kifayət qədər mənfi təsir göstərib. Ancaq Y.Qaqarin düşdüyü bu vəziyyətdən tez də geri dönməyi bacarıb və yenidən məşqlərə başlayıb. 

Növbəti sınaq uçuşlarının birində isə yuxarıda qeyd etdiyimiz kimi, 1968-ci il martın 27-də saat 10:18-də Sovet İttifaqı Qəhrəmanı Vladimir Seryoginlə Çkalovsk aeroportundan havaya qalxan 34 yaşlı Yuri Qaqarin qəzaya uğrayaraq həlak olub.

Bu qəza və Yuri Qaqarinin ölümü bu günə kimi də müəmmalı olaraq qalır. Bu hadisə ilə bağlı çox sayda versiyanın sırasında düzgün verilməyən hava proqnozu, kosmonavtların sağlamlıq durumunun qaydada olmaması, texniki nasazlıq, qeyri-düzgün idarəetmə və hətta siyasi motiv də mövcuddur.

İlham Cəmiloğlu, 
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar