Bakıya qarşı yeni ucuz şou: bu dəfə vasitə Mxitaryandır

23-05-2019, 14:36   
 


“Arsenal”ın erməni əsilli oyunçusu Henrik Mxitaryanın Avroliqanın Bakıda keçiriləcək finalında iştirakdan imtina etməsi ətrafında yaradılan ajiotaj izahlı lüğətdə “cəfəngiyyat”, “mənasız”, “məntiqsiz” mənasını verən absurd ifadəsi ilə assosasiya olunur. Və bu absurd teatrın hədəfinin beynəlxalq səviyyədə qəbul edilmiş Azərbaycanın idman təcrübəsi brendinin olduğu aydındır.

2017-ci ilin 20 sentyabr tarixində UEFA-nın İcraiyyə Komitəsinin İsveçrədə keçirilən iclasında 2018-2019-cu il mövsümündə Avroliqanın final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar veriləndə final oyununda “Arsenal” və “Çelsi”nin – iki ingilis komandasının oynayacağı məlum deyildi. Həmin vaxt bu gün oyunların əksəriyyətini ehtiyat skamyadan izləyən Mxitaryan da heç “Arsenal”da oynamırdı və “topçular” onu sıralarına qatmaq haqqında düşünmürdülər belə. Yalnız bir il sonra – 2018-ci ildə o, “topçulara” qoşuldu.

2019-cu il, final oyununun keçiriləcəyi tarixə günlər qalmış Mxitaryan “təhlükəsizlik” bəhanəsi ilə Bakıya gəlməkdən imtina etdi.

Halbuki, rəsmi Bakı finalda “Arsenal”ın oynayacağı məlum olan gündən Mxitaryanın Bakı Olimpiya Stadionunda təhlükəsiz şəraitdə oynaya biləcəyinə zəmanət vermişdi. “Mxitaryan ajiotajı” yaradılandan sonra da Azərbaycan təhlükəsizlik məsələsinə rəsmi şəkildə zəmanət verdiyini açıqladı. Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi “Arsenal” klubuna və UEFA-ya erməni əsilli futbolçunun təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyini bildirdi. UEFA da Mxitaryanın Bakıya təhlükəsiz şəraitdə gələ biləcəyinə təminat verdi. Dünya mediasında Avroliqanın final oyunu ilə bağlı dərc olunan materiallarda rəsmi Bakının mövqeyi əksini tapır. AFFA isə Mxitaryanın Bakıdakı finalda oynamaq hüququnun olduğunu bəyan edib.

Onlarla beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etmiş Azərbaycan onlarla erməni əsilli idmançının bu hüququnu ən yüksək səviyyədə təmin edib.

Roman Aroyan, Miqran Arutyunyan, Karapet Çalyan, Maksim Manukyan...

Bu idmançılar I Avropa Oyunlarında Bakıda yarışan Ermənistan millisinin üzvləri idi. Onları məşqçiləri Samvel Qevorqyan və Edik Saakyan da müşahidə edirdi. Bu idmançılar Bakıda digər ölkələrin nümayəndə heyətlərinə göstərilən yüksək səviyyəli münasibətdən əskik münasibət görmədilər, hətta evlərinə 1 gümüş medalla da qayıtdılar. Ermənistan millisinin mətbuat xidmətinin rəhbəri Karen Qiloyan Azərbaycan paytaxtında təhlükəsizliyin ən yüksək səviyyədə təşkil edildiyini açıq şəkildə etiraf etdi.

Marqarita Qasparyan (Rusiyanı təmsil edən tenissçi), Vladimir Modosyan (sərbəst güləş üzrə Rusiya komandasının məşqçisi), Gevorq Manukyan (Ukrayna millisinin boksçusu) və müxtəlif ölkələri təmsil edən onlarla erməni əsilli idmançı da Bakıda əsl idman qaydalarına uyğun qarşılandı. Medal qazanan Gevorq Manukyana mükafatını təqdim edən Prezident İlham Əliyevin göstərdiyi jest isə dünyanın idman tarixinə düşən sülh nümunəsi idi.

Cəmi üç ay öncə futbolçu David Kazaryan (Rusiya U-17 yığmasının hücumçusu) Bakıda idi və bu, 16 yaşlı hücumçu komanda yoldaşları ilə paytaxtımızı sərbəst şəkildə gəzdi, xatirə olsun deyə foto da çəkdirdi.

Belə nümunələr kifayət qədərdir və UEFA da final oyununun Bakıda keçirilməsi haqqında qərar qəbul edərkən ilk növbədə təhlükəsizlik amilinə istinad edib.

Bütün bunlara və rəsmi Bakının, eləcə də UEFA-nın zəmanətinə rəğmən, Mxitaryanın final oyununda iştirakdan imtinası və bunu təhlükəsizlik bəhanəsi ilə əlaqələndirməsi Azərbaycana qarşı art niyyətdən irəli gələn prosesin tərkib hissəsidir. Və baş verənlər bu niyyəti ortaya çıxardı.

“Arsenal” klubu bəyan etdi ki, Mxitaryan Bakıya gəlməkdən imtina etməsi ilə bağlı qərarını ailəsi ilə məsləhətləşmələrdən sonra verib. Yəni burada nə klubun, nə də UEFA-nın rolu var.

Mxitaryanın anası Ermənistan Futbol Federasiyasında milli komandalar departamentinin rəhbəridir. Yəni erməni əsilli futbolçu anası, dolayısı ilə Ermənistanın rəsmi qurumları ilə məsləhətləşmələrdən sonra Bakıya gəlməkdən imtina edib.

O, Bakıya gəlməmək qərarından dərhal sonra sanki Azərbaycan tərəfi buna imkan yaratmır məzmunlu açıqlama verdi: “Belə oyunlar futbolçular üçün tez-tez ələ düşmür, mən etiraf edirəm ki, bu, çox kədərlidir”.

Proseslərin parçalarını birləşdirəndə böyük tablo aydın görünür: Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi ilə bağlı sırf siyasi xarakter daşan bu qərarı Ermənistanda verilib; “Mxitaryan ajiotajı”nın arxasında Ermənistan və erməni diasporu/lobbisi dayanır; hədəf Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş idman təcrübəsi brendini ləkələməkdir;

I Avropa Oyunları, “U17” üzrə Avropa çempionatı, “U-17” üzrə dünya kuboku, UEFA-nın futzal üzrə kubok finalı, “Formula 1” yarışları, indi də Avroliqanın final oyunu...

Bu, yarışların hər birinin yüksək səviyyədə təşkili Azərbaycana müxtəlif istiqamətlər üzrə dividend gətirib: turizmin inkişafı ilə iqtisadi gəlilərimiz artdı; Azərbaycanın dünyada sülh ölkəsi imici gücləndi; Ölkəmizin təbliğində əvəzsiz rol oynadı, Azərbaycan həqiqətlərinin tanıdılmasında, xüsusilə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazi bütövlüyümüzün pozulması faktının qəbul edilməsində əlimiz gücləndi;

Bu baxımdan, Ermənistanın Azərbaycandakı hər bir uğura isteriya ilə yanaşması, erməni diasporu/lobbisinin Bakının yoluna tramplinlər düzülməsi üçün əlindən gələni etməsi təəccüblü deyil.

UEFA finalına qarşı da əllərindən Mxitaryan ajiotajı yaratmaqdan başqa heç nə gəlmədi. Hərçənd, bununla əllərindəki son imkanları da xərcləmiş oldular. Çünki bu oyunda itirən tərəf Azərbaycan deyil.

Avroliqaya hazırlıq ən yüksək səvviyyədə həyata keçirilib, UEFA da hər şeyin beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyib.

Beynəlxalq idman mediasında UEFA finalı haqqında yayımlanan hər məlumatda Azərbaycanın adı keçir, Bakının ingilis komandalarını qarşılamağa hazır olduğu qeyd olunur.

Paytaxt küçələri turistlərlə qaynayır, Bakı futbol bayramına hazırlaşır...


Mxitaryan isə bu dəfə oyunu ehtiyat skamyadan belə izləyə bilməyəcək. “Topçular”ın “Miki”sinə siyasətin əlində “maus” olmaqdan başqa heç nə qalmadı, halbuki Bakı ona oynamaq şansı vermişdi....

Asif Nərimanlı
publika.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar