Yıldıray Oğur
“Karar”, 23.05.2019
1950-ci illərdə Türkiyə ilə Yunanıstan arasında Kipr üzündən zaman-zaman gərilən əlaqələrin sığortası iki ölkənin baş nazirləri – Andan Menderes və Konstantin Karamanlis arasındakı yaxın dostluq idi.
İki liderin bir araya gəldiyi yığıncaqda Menderes: “Tarixin qəribə cilvəsinə baxın. Adınız Karamanlis, yəni türkcə Karamanlı və siz Yunanıstanın baş nazirisiniz”, – deyincə, Karamanlis dərhal cavab verib: “Sizin də soyadınız Menderes, yəni yunanca Meandros və siz də Türkiyənin baş nazirisiniz”.
Əslində, nə Menderes yunan mənşəli idi, nə də Karamanlis ailəsinin Karamanla bir əlaqəsi vardı.
1907-ci ildə Seresdə doğulmuş Karamanlisin ailəsi Yunanıstanda nəsillər boyu yaşayıb. Atası Makedoniyada Osmanlıya qarşı yunan üsyanının öncüllərindən biri idi. Karamanlılarla və ya oradan köç edən Karaman rumları ilə heç bir əlaqəsi yoxudu.
Amma Türkiyə mediası ilk dəfə baş nazir olduğu 1955-ci ildən tutmuş ta 91 yaşında prezident olaraq vəfat etdiyi 1995-ci ilə qədər Karamanlisin Karamanlı və türk əsilli olduğunu yazmaqdan bezmədi.
Sonra qardaşı oğlu Kostas Karamanlis siyasi səhnədə çıxdı.
İkinci nəsil Karamanlis də 2004-cü ildə baş nazir olduqda, bizim qəzetlərdə “Yunanıstanda bizim Qaramanlı baş nazir oldu” başlıqları atıldı.
AKP-nin Karaman millət vəkili Mevlüt Akgün də iddiaları təsdiqlədi. “Karamanlı həmşərimizin seçkidən zəfərlə çıxması bizi xoşbəxt edib. Hörmətli Karamanlisin Türk-Yunan əlaqələrinin inkişafına yardım göstərəcəyinə heç şübhəmiz yoxdur”, – deyərək Karamanlisi Karamana dəvət etmişdi.
Təbii ki, Türkiyədə çıxan bu xəbərlər Karamanlisin müxalifi milliyyətçi yunan siyasəti və mediasının da diqqətini çəkmiş, onlar da “Türk mənşəli” iddiasını siyasi rəqiblərinin əleyhinə istifadə etmkdən çəkinməmişdilər.
Türk mətbuatı, həmçinin Morada doğulmuş prezident Konstantin Stefanopulosun da Trabzonda doğulduğunu iddia etmiş və “Trabzonlu Yunanıstanda prezident oldu” manşetləri atmışdı.
Yunan siyasətçilərini mənşəcə türk etməyə çalışan milliyyətçi türk mediası və yazarlarının bir başqa hobbisi də vardı: sevmədikləri türk siyasətçiləri, yazıçıları və ziyalılarının yunan, yəhudi və erməni mənşəli olduğunu iddia etmək.
Beləliklə, “xəyanət” artıq siyasi seçim olmaqdan çıxarılıb, ancaq irsi, heç vaxt dəyişməz, ontoloji məkrlə izah olunurdu.
İrqçilikdən millətçiliyə keçid illərində iqtidara gələn AK Partiya siyasətçiləri də bundan nəsibini alıb.
Bu irqçi iddiaların zirvəsi, əlbəttə, Ergün Poyrazın “Musanın Uşaqları” kitabı idi.
Aylarla ən çox satılanlar siyahısından çıxmayan, Türkiyənin ən məşhur kitab dükanlarında satılan, köşə yazarları tərəfindən təriflənmiş kitabda Ərdoğanın bir az yunan, bir az gürcü, hətta bir miqdar da yəhudi olduğu, Əminə xanımın isə ərəb deyil, birbaşa yəhudi olduğu iddia edilirdi.
Bu kitabın ardınca Abdullah Gülün hətta Kayserli deyil, Siirtli yəhudi ailəsində doğulduğunu iddia edən “Musanın Gülü” kitabı nəşr olundu. O da bestsellerə çevrildi. İndi oxşar irqçi xəbərlərə əsəbiləşənlərin kitabxanalarında öz yerini aldı.
Bu iddialar yalnız kitablarda qalmadı. Siyasət sahəsinə köçdü.
CHP millət vəkili Kamer Gənc Ərdoğanın məmləkəti Güneysunun köhnə adı olan Potamyanı nəzərdə tutaraq “İstiqlal müharibəsində potomyalıları Egeydə, İzmirdə dənizə tökdük. Sən o qalıqların içindən çıxmısan”, – dedi.
Başqa bir CHP millət vəkili olan Canan Arıtman isə prezident olaraq Abdullah Gülün elan etdiyi “Erməni acılımı” günlərində daha da irəli gedib Gülün anasının erməni olduğunu, etnik mənşəyinin araşdırılması üçün DNT testindən keçmsini istəmişdi.
Əlbəttə, hər ikisi də bu sözləri söyləyərkən irqçi olmadıqlarını vurğulamışdı.
Təəssüf ki, bu iddialar nəşrlərə köçdüyü üçün Abdullah Gül ailəsinin türk-müsəlman olduğunu isbatlamaq məcburiyyətində qaldı.
Belə bir pis taleyimiz var.
İndi eyni açıqlamanı AK Partiya siyasətçiləri, yazıçıları, trolları həftələrlə Əkrəm İmamoğluna qarşı işlədirlər…
…Çünki Türkiyədə aktyorlar dəyişsə də, pisliyin cinsi dəyişmir.
Tərcümə: Strateq.az