Dünən günorta saatlarında Saatlı rayonu Dədə Qorqud kəndində yaşadığı evin həyətində intihara cəhd edən 73 yaşlı Umleyla Mirzəyeva bu gün xəstəxanada dünyasını dəyişib. Virtualaz.org-un xəbərinə görə, üzərinə benzin tökərək özünə od vuran ahıl qadın ailə üzvləri tərəfindən Saatlı rayon xəstəxanasına çatdırılıb.
Xəstəxanada U.Mirzəyevaya ilk tibbi yardım göstərilib. Daha sonra ağır dərəcəli yanıq xəsarətləri alan qadın paytaxtadıkı 5 saylı kliniki xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Əldə etdiyimiz məlumata görə, hadisə ailə məişət zəminində baş verib. Mərhumun həyat yoldaşı Tapdıq Mirzəyevlə tez tez aralarında mübahisə və münaqişələri olub. Ailədaxili narazılıqlar 73 yaşlı qadının intihara cəhd etməsinə gətirib çıxarıb. U.Mirzəyeva həm də epilepsiya xəstəliyindən əziyyət çəkib.
Saatlı rayon prokurorluğundan bildirilib ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.