Vüqar Bayramov: “Mavi qaz limitinin ləğvini zəruri edən baza var”
Ötən gün prezident İlham Əliyev "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini 1 il müddətində hazırlayıb prezidentə təqdim edəcək.
Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər isə İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla 6 ay müddətində prezidentə təqdim olunacaq. Həmçinin bərpaolunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlanıb 4 ay müddətində ölkə başçısına təqdim edilməlidir. Bundan başqa, ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflər isə 6 ay müddətində prezidentə təqdim olunmalıdır.
Nazirlər Kabineti "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, "Energetika və komunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan qanunlarının layihələrini, habelə "Energetika haqqında” və "Qaz təchizatı haqqında” Azərbaycan qanunlarının yeni layihələrini hazırlayıb 1 il müddətində prezidentə təqdim etməlidir. Həmçinin Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələləri həll olunmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.
Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı. Hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Maraqlıdır, elektrik enerjisinin və təbii qazın limitinin artırılması məsələsinə yenidən baxıla bilərmi?
İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə açılamasında deyib ki, enerji sektorunun strategiya daha çox təkminləşdirilmə, özəl mənbələrin payının artırılması, eyni zamanda bərpaolunan enerjidən istifadə edilməsi ilə bağlıdır:
“Strategiyanın məqsədi enerji siyasətinin təkminləşdirilməsinə nail olmaqdan ibarətdir. Hazırladığımız təkliflər paketində bütövlükdə təbii qazın limitin aradan qaldırılmasını təklif etmişdik. Bunun da iqtisadi əsaslandırılmasını vermişdik. Bizim təklifdən qısa zaman sonra limitin artırılması ilə bağlı qərar qəbul olundu. Nəzərə alsaq ki, ötən il Azərbaycan 6 milyard kubmetrdən çox mavi qaz hasil edib, eyni zamanda Dövlət Neft Şirkətinin hasil etdiyi mavi qazın həcmi 6.5 milyard kubmetrdir. Həm Azərbaycanın, həm də Dövlət Neft Şirkətinin təbii qaz ehtiyatları, təqribən 6 faiz artıb. Təbii qaz ixracatından əldə etdiyimiz gəlirlərin həcmi də artır. Əlavə olaraq, Türkiyəyə 3 milyard kubmetr mavi qaz nəql edirik. Eyni zamanda Dövlət Neft Şirkəti beynəlxalq neft şirkətindən mavi qazın alınmasını davam etdirir. Bu da nəticə etibarilə, mavi qazın limitinə yenidən baxılması və təklif etdiyimiz kimi, limitin ləğvini zəruri edir və bunun üçün bir baza yaradır”.
Ekspert onu da qeyd edib ki, mavi qaz limitinə baxılıb-baxılmayacağı rəsmi bir qərardır:
“Təbii ki, bununla bağlı proqnoz vermək çətindir, amma ümumilikdə limitin ya ləğv olunması, ya da artırılması ilə bağlı qərarın qəbul edilməsi məqsədəuyğun olardı. Nəticə etibarilə bu, xüsusən aztəminatlı əhalinin mavi qazın daha ucuz qiymətə istifadəsinə imkan yaradardı”.
Yeganə Oqtayqızı
Cebhe.info