Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında iştirak etmiş 35423 nəfərdən heç kim maksimum nəticə göstərə bilməyib.
Keçən il 700 bal toplayan şagirdlərin sayı 20 dən çox idisə, bu il heç bir abituriyent maksimum bal toplamağı bacarmayıb. Bəs, bunun səbəbi nədir? Şagirdlərin savadlılıq səviyyəsi azalıb, yoxsa Dölət İmtahan Mərkəzininin hazırladığı suallar çətinləşib? Təhsil sistemində nə baş verir?
Bakupost.az bu suallarla tanınmış təhsil eksperti Kamran Əsədova müraciət edib.
K.Əsədovun sözlərinə görə, təhsil sisteminin vəziyyəti məhz qəbul və buraxılış imtahanlarının nəticələrində ortaya çıxır: "Əslində uzun illərdir, Təhsil Nazirliyi çalışırdı ki, yüksək nəticələri, yüksək balları özününkü kimi təqdim etsin. Bunun Azərbaycan təhsil sistemində oturuşmuş repetitorluq, hazırlıq kurslarının nəticəsi olduğunu danırdılar. Azərbaycan 2008-ci ildən etibarən yeni tədris sisteminə - kurrikuluma keçdi. 2008-ci ildə orta məktəblərdə kurikuluma keçmiş uşaqlar bu il məktəbi bitirdi. Əslində bunun siqnalını mən 2017-ci ildə aidiyyəti orqanlara vermişdim”.
Ekspert bildirib ki, bu il məktəbi bitirən uşaqlar 2017-ci ildə verdikləri buraxılış imtahanlarında çox aşağı nəticələr göstərmişdi: "Həmin vaxtı şagirdlərin 65 faizindən çoxu iki fənndən - Azərbaycan dili və riyaziyyatdan iki qiymət almışdılar. Çox bərbad nəticə göstərmişdilər. Aiddiyəti qurumlara, xüsusilə Təhsil Nazirliyinə dəfələrlə müraciət elədim , xəbər verdim ki, bizi təhlükəli bir nəticə gözləyir. Ölkə təhsilində xüsusilə kurrikulumun təsdiqində ciddi problemlər var. Heç kim ciddiyə almadı. Düşündülər ki, yox, nəticə yaxşı olacaq. Bu il də buraxılış və qəbul imtahanlarından sonra məlum oldu ki, qəbul imtahanlarında təkcə 11-ci sinifdə 190 minə yaxın adam iştirak edib və maksimum nəticə göstərən yoxdur”.
K.Əsədov bildirib ki, maksimum nəticənin olmamasına təsir göstərən 3 amil var: "Birinci amil buraxılış və qəbul imtahanlarındaki test tapşırıqlarında bu ildən etibarən yoxlama zamanı insan faktorunun təsiridir. Yəni indiyə qədər bu, kompüter proqramı vasitəsi ilə öncədən müəyyən olunmuş cavablar əsasında həyata keçirilirdi. Və həmin cavablar 2 günə çıxırdı.
Amma indi həm buraxılış imtahanında, həm qəbul imtahanlarında açıq və situasiya tipli test tapşırıqlarına imtahan iştirakçıları yazaraq cavab verirlər. Bunu insan yoxlayır. Qiymətləndirmə zamanı da məhz insan faktorunun olmağı qiymətləndirmədə maksimum nəticəyə təsir göstərir. Etiraf edirəm ki, əvvəlki illərdə yoxlama prosesində kifayət qədər sualda yoxlayıcı markerlər səhvə yol vermişdilər.
Kamran Əsədov
İkinci faktor ölkə ərazisində 11 ildir ki, yeni sistemə keçilməsinə baxmayaraq, hələ də test modelləri toplusu - testbank yoxdur. Vəsaitlər yox dərəcəsindədir.
11-ci sinif uşaqları imtahan verirlər. Amma Dövlət imtahan Mərkəzi 11-ci sinifin test kitabçalarını hələ də çap eləməyib. Ondan əvvəlki modellərdə var ki, onlar da indiki sistemə, yeni qəbul qaydalarına uyğun deyil. Yəni ölkədə imtahana gedənlər yeni tipli modelləyicinin imtahan qaydalarıyla o qədər də tanış deyillər.
Eyni zamanda, DİM çox az – cəmi iki sınaq imtahanı keçirir. Sınaq imtahanının qiyməti hədsiz baha olduğu üçün hər kəs iştirak edə bilmir.
Üçüncüsü, orta ümumtəhsil məktəblərimiz hələ də yeni sistemi tam şəkildə mənimsəyə bilməyiblər. Orta məktəblərdə təhsil alan şagirdlərin 4-5 həftədən bir biliklərinin yoxlanılması üçün kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmələr keçirilir. Oradakı test modelləri yeni imtahan modelinə uyğun olmalı olduğu halda, hələ də ənənəvi, köhnə qayda da təşkil edilir. Yəni yeni modellərlə uşaqlar işləmirlər. Dövlətin standartları orta ümumi təhsil məktəblərində reallaşmır”.
Təhsil ekspertinin fikrincə, vəziyyətdən çıxış yolu odur ki, mütəmmadi olaraq Təhsil Nazirliyi və DİM monitorinq imtahanları keçirməlidir: "Təhsil Nazirliyinin yeni modelə uyğun test bank bazası olmalıdır və bütün məktəblərinin istifadəsinə verilməlidir ki, şagirdlər bu yeni modelə uyğun hazırlaşsınlar. Yəni onlar test modellərini necə cavablandırmalarını bilmirlər. Hətta bəzən doğru cavab verirlər, amma o cavab yeni modelə uyğun olmadığı üçün yoxlayıcılar sualı səhv olaraq qəbul edirlər.Məsələn, kimsə hansısa sualın birbaşa cavabın yazıb. Halbuki onun həlli yolları tam şəkildə göstərilməlidir.
Yaxud hansısa cavab sinonim, oxşar yaxın mənalı söz olaraq yazılır, bu da doğru cavaba köçürülmür. Çünki bizim uşaqlarımız yeni qiymətləndirməni və standartları bilmirlər.
Təhsil Nazirliyi də təəsüf ki, orta məktəblərdə yeni test modeli ilə bağlı təlimlər aparmır. Sınaq imtahanları keçirilmir. Yekun etibarilə də nəticə belə aşağı səviyyədə olur. Əgər qəbul imtahanlarında sual tipli test tapşırıqları çıxarılmasa, yoxlama prosesində insan faktoru çıxarılmasa, biz bundan sonraki illərdə də maksimum nəticə gözləyə bilmərik”.