Azərbaycanda yayda da qar yağacaq, fəsillər olmayacaq – Coğrafiya İnstitutu

9-08-2019, 13:53   

“Azərbaycanda avqust ayı üçün belə havanın müşahidə olunması iqlim dəyişikliyinin nəticəsidir”. 

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R. Məmmədov deyib ki, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Bu iqlim dəyişikliyi kənd təsərrüfatına, insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə hallara hazırlıqlı olmaq və adaptasiya olunmaq lazımdır”.

Coğrafiya İnstitutunun direktoru qeyd edib ki, BMT-nin hesabatında fəsil anlayışının artıq yaddan çıxacağı əksini tapıb: “Yəni yaz, payız, qış fəsilləri anlayışı olmayacaq. Məsələn, yay aylarında 40 dərəcə isti ola, 5 gündən sonra qar da yağa bilər. Anoloji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alındı. Yayda Qubada qar yağmışdı. Bütün bu təzadlar iqlim dəyişikliyinin nəticəsidir”.

R. Məmmədov nəzərə çatdırıb ki, bu iqlim dəyişikliyi insanın fəaliyyətinin, ətraf mühitə təsirinin nəticəsidir: “İlk növbədə ABŞ, Çin, Hindistan kimi ölkələr atmosferə atılan karbon qazının miqdarını azaltmalıdırlar. Ancaq təəssüf ki, bu dövlətlər karbon qazının səviyyəsinin azaldılmasına maraq göstərmirlər. Çünki bu, iqtisadiyyat üçün böyük maliyyə vəsaiti tələb edir.  Buna görə də Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ atmosferə atılan karbon qazının azaldılmasını nəzərdə tutan Paris Sazişindən çıxdı. Nəzərə almalıyıq ki, dünyada istehsalın 37 faizi məhz ABŞ-da cəmləşib. Əgər böyük dövlətlər maraq göstərmirsə, hansı nəticəyə nail ola bilərik? Nəticədə də belə ekstremal halların həm diapazonu genişlənəcək, həm də təkrarlanma sayı artacaq”. (unikal.org)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar