Bu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Pensiyaçıların sayı ölkə əhalisinin 13 %-ni təşkil edib.
Açıqlanan rəsmi statistikya istinadən apardığı hesablama göstərir ki, onların 58,4%-i (754,1 min) yaşa, 30%-i (387,4 min) əlilliyə, 11,6%-i isə (149,8 min) ailə başçısını itirməyə görə pensiya alır.
Müqayisə üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisədə pensiyaçıların sayı 1,5% və ya 20,4 min nəfər azalıb. Belə ki, ötən ilin iyul ayının 1-də ölkə üzrə 1 milyon 311,7 min nəfər pensiyaçı qeydiyyatda olub. Onların 58,6%-i (768,6 min) yaşa, 29,9%-i (392,2 min) əlilliyə, 11,5% isə (150,8 min) ailə başçısını itirməyə görə pensiya alıb.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə həm yaşa (14,5 min), həm əlilliyə (4,8 min), həm də ailə başçısını itirməyə (1 000) görə pensiya alanların sayı azalıb.
Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 232,3 manat təşkil edib və orta aylıq əmək haqqının 39,7%-nə bərabər olub.
Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə pendsiyaların orta məbləği (219,2 manat) orta aylıq əmək haqqının 39,6%-inə (2017-ci ilin birinci yarısında 38,7%-inə) bərabər olub.
Bu həm də o deməkdir ki, ötən il pensiyalar əmək haqqından daha çox artsa da, bu il həm pensiyalar, həm də əmək haqları təxminən eyni səviyyədə artıb. /Yeniavaz.com/