Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü

20-08-2019, 14:46   


“Siz yaramaz, əclaf və cinayətkarsınız. Bu cür iyrənc və alçaq əməllərinizlə sovet hökumətini dağıtmağa cəhd edirsiniz. Amma bütün bunlara görə nə vaxtsa cavab verəcəksiniz. Tarix sizin kimi şərəfsiz və xəyanətkar alçaqları heç vaxt bağışlamayacaq...”

Bu ifadələr 23 fevral 1939-cu ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının cəmi 15 dəqiqə davam edən iclasındakı Aleksandr Kosarevin sonuncu sözləri olub.

Kifayət qədər fərqli siyasi baxışları və mövcud Stalin rejimi dövrü üçün cəsarətli siyasətçi sayılan Aleksandr Kosarev 1930-cu illərdə SSRİ-nin siyasi müstəvisində ən gənc siyasi fiqurlardan biri olub. Penza və Moskva komsomoluna rəhbərlikdən sonra o, 1929-cu ildə, 26 yaşında Mərkəzi Komitənin plenumunda ümumittifaq komsomolunun birinci katibi seçilib.

Aleksandr Kosarev 1903-cü ildə Moskvada anadan olub. 3 illik təhsil alıb. İlk əmək fəaliyyətinə trikotaj fabrikində başlayıb. 1919-cu ildə, 16 yaşında partiya sıralarına daxil olub və komsomol təşkilatlarında işləməyə başlayıb. Gənclər hərəkatının fəal üzvü olan Kosarev qısa müddətdən sonra öz təşkilatçılıq bacarığı ilə seçilib. 1920-ci ildə 6 aylıq partiya məktəbində, 1924-cü ildə isə Kommunist Universitetində qiyabi təhsil alıb.

Komsomol xətti ilə sürətlə irəliləyən Aleksandr Kosarev 1925-ci ildə Penza vilayəti komsomol komitəsinin birinci katibi təyin edilib.

1927-ci ildə Moskva şəhər komsomol komitəsində kadr islahatları aparılanda Kosarev paytaxta ezam olunub. Moskva komsomoluna kömək məqsədilə ezam olunan Kosarev elə həmin ildə də Moskva komsomol komitəsinə rəhbər seçilib.
İosif Stalinin göstərişi ilə komsomol orqanlarının xalq düşmənlərindən təmizlənməsi prosesində Kosarev fəal iştirak edib. Bununla yanaşı, o, tanıdığı gəncləri komsomolda yüksək vəzifələrə təyin etməyə də nail olub.

Məhz bu fəallığına görə, 1929-cu ildə Mərkəzi Komitənin plenumunda Aleksandr Kosarevin ölkə komsomoluna rəhbərlik etməsi məqbul sayılıb.

Stalinin repressiya planları işə düşəndə və repressiya sükanının arxasına “NKVD” rəhbəri Nikolay Yejov keçəndə ölkənin ayrı-ayrı bölgələrindəki komsomol rəhbərləri də qurbanlar siyahısında böyük yer tutub. Kosarev onlardan çoxunun günahsız olduğunu anlayıb. Və nə vaxtsa komsomol rəhbəri kimi bu günahsız insanların güllələnməsinə, sürgünə göndərilməsinə cavab verəcək bir şəxs olaraq özünü sığortalamaq üçün Stalinə bir neçə dəfə yazılı müraciətlər edib, konkret şəxslərin heç bir günahı olmadığını bu məktublarda faktlarla ifadə edib.

O cümlədən Kosarev Nikolay Yejova da iradlarını bildirib. Yejov isə bu iradlara bir cümlə ilə cavab verib:

- Biz uşaqların “NKVD”-nin işinə müdaxilə etməsinə imkan vermirik...

Sonradan Lavrenti Beriyanın “NKVD”-yə gəlməsi isə məsələləri daha da qəlizləşdirib.

Mövcud mürəkkəb vəziyyətdə Stalinə və Beriyaya xoş görünmək üçün müttəfiq respublikaların və ayrı-ayrı dövlət qurumlarının rəhbərləri çalışıblar ki, Kremlə göndərilən repressiya qurbanlarının siyahılarını daha da böyük etsinlər.
Elə bu məqsədlə Kosarevin tabeliyində işləyən, ümumittifaq komsomolunun təbliğat və təşviqat şöbəsinin rəhbəri Olqa Mişakova Çuvaş Muxtar Respublikasına ezamiyyəti zamanı muxtar respublikada hesabat konfransı keçirib. Konfransda Mişakova səsvermə yolu ilə respublikanın komsomol rəhbərlərini işdən azad etməyə nail olub və onları antisovet təbliğatda günahlandırıb. Mişakova bu haqda birbaşa öz rəhbəri olan Kosarevi məlumatlandırmayıb və böyük bir arayış hazırlayaraq bir nüsxəsini Mərkəzi Komitəyə, digərini isə “NKVD”-yə göndərib. Məsələ kifayət qədər böyük səs-küyə səbəb olub. İşdən azad olunan komsomol rəhbərləri Kosarevin təkidi ilə yenidən öz vəzifələrinə bərpa olunublar. Sözsüz ki, bu da Olqa Mişakova ilə xüsusi münasibətləri olan Lavrenti Beriyanın qıcığına səbəb olub.

Beləliklə, Aleksandr Kosarevə qarşı oyunlar başlayıb. Onun iclaslarda, müşavirələrdə, tədbirlərdə çıxışları, bəzən isə dövlət məmurlarını tənqid etməsi bir çoxları üçün problemə çevrilib.

Olqa Mişakova ilə Kosarevin münasibətləri isə Mərkəzi Komitənin plenumu səviyyəsinə qədər qalxıb. Stalinin də iştirak etdiyi plenumda Georgi Malenkov və Andrey Jdanov Aleksandr Kosarevi xalq düşmənlərinə qarşı mübarizədə anlaşılmaz mövqe nümayiş etdirməkdə ittiham ediblər. Stalin bu ittihamlarla razılaşıb.

1938-ci il noyabrın 22-də keşirilən ümumittifaq komsomolunun 7-ci plenumunda Aleksandr Kosarev tutduğu bütün vəzifələrdən azad olunub və partiya sıralarından xaric edilib.

Noyabrın 23-də Aleksandr Kosarev Moskva ətrafındakı bağında həbs edilib. Kosarevin arxasınca şəxsən Lavrenti Beriya gedib.

23 fevral 1939-cu ildə hərbi kollegiyanın hökmü ilə Aleksandr Kosarev ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Hökm həmin gün Lefertovo həbsxanasında icra olunub.

1954-cü ildə Aleksandr Kosarevə (ölümündən sonra) tam bəraət verilib.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar