“BƏRKGEDƏN OĞLANLAR” KLUBU… – Parlament biznesmenlər üçün “krışa” rolu oynayanda nə baş verir?

20-08-2019, 14:55   

 



Millətin qaymaqlarının toplanmalı olduğu ali qanunverici orqanımız artıq çoxdandır “bərkgedən oğlanlar” klubuna çevrilib. Burada kimlər yoxdur? Siyahıya baxanda görürsən ki, maşallah… 10-dan 9-u ya iş adamı, biznesmen, ya da yağlı vəzifələr daşımış keçmiş məmurlar – bərkgedənlərdir! Və Lerikdən olan deputat İqbal Məmmədovun istirahət mərkəzinin ətrafında baş verənlər bir daha göstərdi ki, həmin bu “qaymaqların” dövlətə, dövlətçiliyə, hətta qulluğunda durduqları hakimiyyətə belə münasibəti bəzən lotuluq, qoçuluq, saymazlıq prinsiplərinə əsaslanır.
Bunlara daha diqqətlə baxanda görürsən ki, hərəsi bir dərədən gəlsə də, böyük əksəriyyəti bir-birinə oxşayır. Və təcrübə göstərir ki, belələrinə deputat mandatı vermək, mahiyyətcə, pulla sürücü vəsiqəsi satmaq kimi bir şeydir. Bunun da nəticəsi odur ki, sükan arxasında sürməyi deyil, sadəcə minməyi bacaranlar oturur. Nəyi və kimi mindikləri də ki bəllidir… Elələri var artıq 25 ildir “minir”, amma hələ də sürməyi bacarmır, buna baxmayaraq, yenə də mindiyi yerdən düşmək istəmir…
Bu adamların deputat mandatı almaqda əsas məqsəd və amalları təkcə ad-san, nüfuz məsələsi deyil, xalqa xidmət isə heç deyil! Əsas məqsəd sahibləri olduqları biznes və mülklərə “krışa” təmin etməkdir. Nəticədə, hərəsi hansısa bir filankəsin adamı olsa da, böyük əksəriyyəti xalqın adamı deyil…
Məsələn, imkanlarına görə artıq kitabı bağlanmağa yaxın olan İqbal Məmmədovu qat-qat üstələyən, Şabrandan deputat olan Tahir Süleymanov var. Adam 20 ildir millət vəkili sayılır. Mətbuatın yazdığına görə, Süleymanov deputat olmamışdan əvvəl də yaşadığı zonanın “un kralı” olub. Ancaq məlum qurumlar onu və biznesini tez-tez “ütüləyirmişlər”, yolu 3 gündən bir haralardansa keçirmiş. Və günlərin birində AzTV-nin o vaxtkı sədri, deputat Nizami Xudiyevin köməyilə Milli Məclisə yol tapır, məlum yollarla olur deputat. O gün-bu gün qulağı dincdir, olub regionun əsas kəndxudalarından biri, biznesi də ki, çiçəklənir. Bu praktika təkcə T.Süleymanova aid deyil əlbəttə ki. Və bunların hamısı gözəl anlayır ki, biznesini, mülkünü qorumaq üçün parlamentdən yaxşı “krışa” yoxdur.

Buna görədir ki, Milli Məclisin kreslolarında oturanlara fikir verəndə, adama elə gəlir ki, bura parlament yox, hansısa biznes-forumdur - taxıl biznesinə baxan kim, dərman işilə məşğul olan kim, tikinti, mehmanxana, təhsil, quşçuluq, ərzaq, restoran biznesi, daha nələr-nələr… Başa düşmək olmur ki, öz əsas işlərindən(!) necə vaxt tapıb buraya gəlirlər və bunların qanuna, qanunvericiliyə, dövlət əhəmiyyətli qərarlara nə aidiyyatları var?
Başda da ki oturub hörmətli Oqtay Əsədov! Bir müddət əvvəl spikerin mətbuatda dərc edilən, rəsmi sənədlərlə təsdiqlənən striptizli biznesinə və bu barədə yazılanlara təkrar qayıtmaq istəməzdik – hamı oxuyub və xatırlayır. Bu da bizim parlamentin sədri!

Nisbətən cavanlarını bir kənara qoyaq, elə Oqtay Əsədov, Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Əhməd Vəliyev və digər ağsaqqall deputatların bizneslərinə nəzər yetirəndə, düşünürsən ki, niyə də Azərbaycanın gələcəyinə “işıq salan” bu adamların davamçıları olmasın?…
Əlbəttə ki, aralarında savadıları və daha əlverişli mühitdə bu xalqa fayda verə biləcək şəxslər də var. Amma çox az sayda olan belələri də bugünə və sabaha təsir imkanlarını itirdikləri üçün tarixlə, keçmişlə, dinlə və s. mücərrəd şeylərlə uğraşıb, bir təhər başlarını qatırlar.
Ancaq İqbal Məmmədov belələrindən deyil və daha ciddi işlərlə məşğul olur. Əlbəttə ki, məlum insident biznesmen-deputata baha başa gələcək. Çünki məsələ ictimailəşib, artıq bu işi “bir daş altda, bir daş üstdə” metodu ilə “bağlamaq” mümkün olmayacaq.
Vaxtilə “Quska” ləqəbli Hüseyn Abdullayevin ətrafında baş verənlər göstərdi ki, belə hoqqalar heç kimə sərf etmir və xeyir gətirmir. Bu, həmin hoqqabazları ağır cəzalarla üz-üzə qoyduğu kimi, cəmiyyətdə ciddi narazılıqlara və müzakirələrə səbəb olduğu üçün onları cəzalandıranlara da başağrısı gətirir…
Məlum hadisəni əks etdirən kadrlarda diqqətimizi bir məqam çəkdi – İqbal Məmmədovun adamlarından birinin vergi əməkdaşlarına “camaatın çörəyinə bais olmayın” deyir. Təəssüf ki, biz hələ də vergi işçisinə başqasının çörəyinə bais olan, hüquq-mühafizə orqanı əməkdaşına hüquq tapdalayan, məmura oğru, hakimə ədalətsiz, həkimə cəllad , deputata biznesmen və s. gözü ilə baxmağa məcburuq…
Cəlal MƏMMƏDOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar