“İranda fahişəliyin yaşı cavanlaşaraq 13-ə enib”.Publika.az xəbər verir ki, bu barədə İran Mədəni İnqilab Şurası sədrinin ailə və qadın məsələləri üzrə müavini Firiştə Ruhəfza deyib.
F.Ruhəfza jurnalistlərə açıqlamasında ölkədə gənclər arasında yaşanan cinsi böhrandan, ata evindən qaçan yeniyetmə qızlardan və fahişəliyin sürətlə cavanlaşmasından danışıb.
Müavin bildirib ki, İranda yaşanan dərin ictimai böhranlar ucbatından müxtəlif səbəblərə görə ata evindən qaçan gənc qızların sayı getdikcə artır: “Ata evindən qaçan qızların əksəriyyəti 13-15 yaşlarında olanlardır. Bu barədə statistik rəqəmlər mövcuddur. Lakin yaxşısı budur ki, bu rəqəmlər açıqlanmasın. Belə bir narahatlıq var ki, rəqəmlərin açıqlanması bu yaşlarda olan digər qızları da eyni addım atmağa cəsarətləndirə bilər. Statistik rəqəmlərin də göstərdiyi kimi, İranda fahişəliyin yaşı cavanlaşaraq, hazırda 13-ə enib. Qız və oğlanların bir-biri ilə tanış olması yaşı da xeyli aşağı düşüb və artıq onlar ibtidai məktəb yaşlarından bir-biri ilə tanış olur, dostluq edirlər. 13 yaşına çatan qızlar cinsi məsələləri tam başa düşür, bu kimi mövzularla maraqlanmağa başlayırlar. Bu maraqlanma isə, onlarda əks cins nümayəndələri ilə tanış olmaq və cinsi baxımdan öz ehtiyaclarını təmin etmək məsələsinin ortaya çıxmasına səbəb olur”.
Sədr müavini qeyd edib ki, bu gün televiziyada, mediada, internet saytlarında, xüsusən, sosial şəbəkələrdə cinsi məsələlərlə bağlı mövzuların paylaşımı geniş vüsət alıb: “Bu isə gənc qızların bu kimi mövzularla maraqlanmasına, onların cinsi əlaqəyə olan ehtiyac və hislərinin oyanmasına və bununla bağlı böhran yaşamasına səbəb olur. Məhz buna görə də, hesab edirəm ki, hökumət qurumlarının bu sahələrə olan nəzarəti gücləndirilməlidir. Vəziyyət belə olduğu bir halda, düşünürəm ki, hökumət evlənmə problemləri ilə bağlı mövcud maneələri aradan qaldırmalı, ölkə parlamenti isə, gənclərin evliliyini asanlaşdıran qanunlar qəbul etməlidir”.