İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb və nəticədə pilotumuz Rəşad Atakişiyev həlak olub. Müdafiə Nazirliyi təyyarənin qara qutusunun tədqiqatından sonra qəzaya səbəbin təyyarə ilə toqquşan quş və ya quş sürüsünün ola biləcəyi qənaətinə gəlib.
Apardığımız araşdırmaya görə, tarixdə indiyə kimi Xəzər dənizində bir neçə dəfə dəhşətli təyyarə və vertolyot qəzaları baş verib.
Həmin qəzaları təqdim edirik:
1.1966-cı il, 23 aprel
Binə hava limanından (indiki Heydər Əliyev adına beynəlxalq hava limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.
2. 2005-ci il, 23 dekabr
Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.
3. 2008-ci il, 29 yanvar
29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan “MiQ-29” markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot – Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb.
4. 12 oktyabr 2007.
“AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda olub. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.
5. 2009-ci il, 12 iyul
“AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən ikisi həlak olub.
6. 2019-cu il, 24 iyul
İyulun 24-ü plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. 20 avqustda pilot Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin bütün qalıqları dənizin 27 metr dərinliyində tapılaraq çıxarılıb. (redaktor.az)