Ərdoğanın gözlənilməz Moskva səfəri: Putin savaşa razılıq verəcək?

26-08-2019, 18:49   


Ərdoğanın gözlənilməz Moskva səfəri: Putin savaşa razılıq verəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya səfər edəcək.

Əvvəldən planlaşdırılmayan səfərdə Tərəflər arasında  Suriyanın İdlib vilayətində yaranmış son vəziyyət müzakirə olunacaq. Bununla bağlı Kremlin yaydığı rəsmi açıqlamada qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin İdlibdəki vəziyyətlə bağlı Ərdoğanın narahatlığını anlayır. “Lakin o özü də qarşı tərəfin hücumlarından  narahatdır”, - deyə rəsmi məlumatda bildirilir. 

Xatırladaq ki, avqustun 22-də Suriya hökumət qüvvələri Rusiya və İranın dəstəyi ilə İdlib vilayətinin cənubunda yerləşən Xan-Şeyxun şəhərini ələ keçirib. Suriya ordusu bu ərazidən Türkiyə Silahlı Qüvvələrinin Morekdə və ətrafdakı müşahidə məntəqələrini artilleriya atəşinə tutur. Əsəd rejimi və Rusiya şimala doğru hücumları davam etdirmək niyyətində olduğunu bildirib. Bu isə İdlibdə sülhün təminatına dair 2018-ci ilin sentyabr ayında  V.Putinlə R.T.Ərdoğan arasında Soçidə razılaşdırılmış bəyannamənin qüvvədən düşməsi kimi dəyərləndirilir. Daha doğrusu, Rusiya hesab edir ki, Türkiyə Təhrir-əş-Şəm terror təşkilatının İdlib vilayətindən çıxarılmasına dair bəyannamədə üzərinə  götürdüyü öhdəlikləri yerinə yetirməyib. Rəsmi Ankara  isə vilayətin ərazisinin terrorçulardan təmizlənməsində maraqlı olduğunu bəyan edir. Hətta bu məqsədə çatmaq üçün Rusiya ilə birgə hərbi əməliyyatlar aparmağa razıdır. Amma Türkiyə İdlibin Əsəd rejiminin nəzarətinə keçməsini istəmir.  Ankara ilə Moskva arasındakı fikir ayrılığının başlıca səbəbi də məhz budur. Bəzi siyasi müşahidəçilərin fikrincə,  İdlib uğrunda  döyüşlərin intensivləşməsi Suriyada münaqişənin tənzimlənməsinə dair Rusiya, Türkiyə və İran arasında yaradılmış əməkdaşlıq formatının dağılmasına gətirib çıxara bilər.  Ona görə də Ərdoğan Putini bu taktiki ittifaqı qoruyub saxlamağın vacibliyinə inandırmağa çalışır. 

Misir mediası isə Rusiyanın İdlib vilayətində hücumları Türkiyə sərhədinə qədər davam etdirmək niyyətində olduğunu yazıb. Bu isə Putin hakimiyyətinin Türkiyəyə güzəştə getmək istəmədiyini göstərir. Xan-Şeyxunun zəbt edilməsi isə yeni siyasi reallıqlara uyğun hazırlanmış bu planın tərkib hissəsidir. Çünki Xan-Şeyxun yerləşdiyi mövqeyə görə Suriya münaqişəsindəki qaynar nöqtələrdən birini təşkil edib. Xan-Şeyxuna sahib olmaq Suriyada mühüm geostrateji mövqeni qazanmaq deməkdir. Xan-Şeyxun İdlibdən keçməklə Hələb və Dəməşq şəhərlərini birləşdirən beynəlxalq avtomagistral yolun üzərində yerləşir. Rejim qüvvələri şəhərə girdikdən sonra Morikdəki Türkiyə müşahidə məntəqəsi mühasirəyə alınıb  və hərbçilərin Xan-Şeyxunu rejimin nəzarətinə buraxmaqdan başqa çarəsi qalmayıb. Beləliklə, Rusiya Suriya müxalifətinin dayağı olan İdliblə bağlı öhdəlikləri pozub. Çünki Soçi razılaşmasına əsasən İdlib vilayətində müxalif yaraqlılarla Suriya ordusunun mövqelərini ayıran atəşə yasaq zona yaradılıb. Razılaşmaya əsasən, Xan-Şeyxun şəhəri atəşkəs zonasına düşür.  İndi Suriya və Rusiya hərbçilərinin Xan-Şeyxunu ələ keçirməsi Soçi razılaşmasının təminatçıları arasında qarşıdurmaya səbəb olub. 

Siyasi müşahidəçilərin fikrincə, Moskva M5 və M4 şosse yollarına nəzarəti Türkiyə sərhədindəki Bab əl-Hava yaşayış məntəqəsinə qədər  ələ keçirməyə çalışır.

Suriyalı analitik, polkovnik  Əhməd Həmada Misirin “Sasa Post” qəzetinə açıqlamasında bildirib ki, son hadisələr bölgənin hərbi idarəçiliyini həyata keçirən Rusiyanın baxışları ilə bağlıdır:

“Rusiya istəyir ki, Türkiyə “Həyat Təhrir əş-Şəm” və terrorçu adlandırdığı digər fraksiyalarla mübarizə aparsın. Rusiya Türkiyə ilə hər hansı razılaşma əldə etmədiyi M5 və M4 beynəlxalq şosse yollarına nəzarəti ələ keçirmək istəyir”. 

Buradan görünür ki, Prezident Putin R.T.Ərdoğana Soçi razılaşmasına sadiq qaldığını deyə bilər. Digər tərəfdən isə bəyannamədə sözügedən beynəlxalq yollar barədə bəndin olmadığını əsas gətirərək şimala doğru Əsəd ordusu ilə birlikdə hücumları davam etdirməsi mümkündür. 

Xan-Şeyxunun perimetri Rusiya və Suriya qüvvələri tərəfindən hücuma məruz qaldıqdan sonra Ankara İdlibin cənub hissəsində möhkəmlənməyə tələsir. Türkiyə Xan-Şeyxun yaxınlığında  yerləşdirilmək üçün Morikə və Şər-Maqara onlarla zirehli döyüş maşını göndərib. 

Suriyalı jurnalist Firas Deybanın şərhinə görə, Rusiya Soçi anlaşmasının həyata keçirilməsini təmin etmək, ən əsası Hələb-Dəməşq və Hələb-Latakiya beynəlxalq marşrutları sayılan magistral yolları açmaq və idarə etmək istəyir. Türkiyə bu yolların açılmasının əleyhinə deyil.  Lakin Suriya rejiminin təsirindən kənar  onun məntəqələrinə  nəzarət etmək istəyir.

Jurnalist bildirib ki, Rusiya hərbi əməliyyatları davam etdirəcək və mülki obyektlərin dağıdılması nəticəsində çoxsaylı dinc sakin həlak olacaq. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar