Təhsildə yeni eksperiment: Bu sistem də ləğv edilir

27-08-2019, 15:23   


Təhsildə yeni eksperiment: Bu sistem də ləğv edilir

11 ildir Azərbaycanda kurikulum yeni təhsil sistemi kimi tətbiq olunur. 

“Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı. Amma bu sistemin tətbiqi və nəticələri ilə bağlı cəmiyyətdə heç də müsbət rəylər yoxdur. Pedaqoqların əksəriyyəti bu sistemi Azərbaycan təhsilinin inkişafı  və dayanıqlığı üçün düzgün istiqamət hesab etmirlər.  Hətta kurikulumun ölkədə kütləvi savadsızlıq gətirdiyini də düşünənlər az deyil. 

Ötən il orta məktəblərdə 9-cu sinif şagirdlərinin riyaziyyatdan I mərhələ imtahanlarında 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub. Dövlət İmtahan Mərkəzinin 2018/2019-cu tədris ilində ali məktəblərə qəbul və buraxılış imtahanları üzrə yekun elmi-statistik təhlilinə görə 9-cuların 50 faizi həmin imtahanlarda «0» bal toplayıb, yəni imtahan vərəqinə heç nə yazmadan geri qaytarıb. Bundan əvvəlki ildə də eyni nəticə əldə edilmişdi,  yəni “0” bal toplayan şagirdlərin sayı üstünlük təşkil edirdi. 

“9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 1-ci sinifdən etibarən bacarıq və vərdişlərin inkişaf etdirilməsi üzərində qurulan kurikuluma, əsasən, təhsil almalarına baxmayaraq, bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiklərini görürük. Tədris dili fənnindən fərqli olaraq, riyaziyyat fənni üzrə imtahanın birinci mərhələsində təqdim olunan bütün tapşırıqlar açıq tipli olduqları üçün bu hal riyaziyyat fənni üzrə imtahanda özünü daha qabarıq şəkildə göstərir” deyə,  - DİM-in təhlilində bildirilir. Artıq Dövlət İmtahan Mərkəzi də kurikulum sisteminin müsbət nəticə vermədiyini dolayısı yolla etiraf edir. İstisna olunmur ki, Dövlət İmtahan Mərkəzinin hesabatı kurikuluma yenidən baxmağı sövq edir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”ə açıqlamasında deyib ki, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi:

“2008-ci ildən etibarən orta məktəblədə tədris kurikulum standartlarına uyğun olaraq həyata keçirilməyə başlayıb. Bu o deməkdir ki, 2008-ci ildən etibarən  müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə IX snif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsində məlum oldu ki, orta məktəblərdə şagirdlərə tədris dövlətin standartlarına uyğun olaraq həyata keçirilməyib. Şagirdlərin nəticəsi göstərir ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir.

Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü, nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Halbuki, kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir.

Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi  necə tətbiq etməyi öyrəniblər və onlar bunu mənimsəyiblərsə, yeni sistemdə belə ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki,  müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini belə bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil”.

Ekspertin qənaətincə, ali məktəblərdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir: 

“Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə,  müəllimlər kurikulumu, müasir təhlili, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazimi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır. 

Təsəvvür edin, 2017 və 2018-ci illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 alıb. 70 faiz insan minimum suala düzgün cavab verə bilməyib. Demək olar 5 alan olmadı. Bu ona görə belədir ki, müəllimlər hələ də kurikulum biliklərini mənimsəyə  və ya əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Bu kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”lərdə, “BSQ”lərdə, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə aparılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. 

Əslində isə, müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsınlar. Amma bu o demək deyil ki, onlar kurukuluma hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçirlər. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlanır. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədirlər. Yəni heç bir əziyyət çəkmək istəmirlər. Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər.

Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla kurikulum öytənmək olmaz. Təhsil nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq mümkün deyil. Məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə kurikulumu mənimsədə bilmərik”.

Kamran Əsədov onu da əlavə edib ki, orta məktəblərdə yeni təhsil mərhələsinə - kurikulumların tətbiqinə keçiddən 10 ildən çox vaxt keçəndən sonra buraxılış və qəbul imtahanlarında bu sistemin mahiyyətinə uyğun sualların tərtib olunması zərurəti yarandı:

“Dövlət İmtahan Mərkəzi  də bu amili nəzərə alıb tədricən imtahanların forma və məzmununda yeni təhsil sisteminin mahiyyətinə uyğun dəyişiklər etməyə başladı və bu il yeni model tətbiq etdi. Buraxılış və qəbul imtahanlarının bir neçə mərhələdə keçirilməsi və ayrı-ayrı qiymətləndirilməsi nəticələrə də ciddi şəkildə təsir göstərdi.  Ona görə ki, istər müəllimlər, istər şagirdlər və valideyinlər yeni sistemi hələ də başa düşə, mənimsəyə bilməyiblər”.

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar