SURİYADA ANKARAYA QARŞI GİZLİ ABŞ-RUSİYA İTTİFAQI:"Türkiyəni hətta danışıqlar masasına da buraxmaq istəmirlər” – Təhlil

27-08-2019, 17:16   

Tunca Bengin

Milliyet (Türkiyə), 26.08.2019

 

Türkiyə SQ “Pəncə” adlı silsilə əməliyyatlar vasitəsilə – indiki anda bunun üçüncüsü gedir – Şimali İraqda dərinliyi bəzi bölgələrdə 30 km-i keçən faktiki təhlükəsizlik zonaları yaradıb.

Suriyada Fəratın şərqində “təhlükəsizlik zonaları” qurmaq üzrə əməli tədbirlərin birinci mərhələsində Türkiyə və Amerika komandirlərinin iştirakı ilə ilk birgə helikopter gözətçiliyi keçirilib. Əlbəttə, bu bildirmir ki, Xalq Özünümüdafiə Dəstələri/Kürdüstan Fəhlə Partiyası problemi həll olunub, çünki bu zonanın hansı dərinlikdə olacağı, bura kimin göz qoyacağı əvvəlkitək aydın deyil, belə ki, Türkiyə SQ-nin bu bölgədə müstəqil hərbi əməliyyat keçirməsi ağlabatandır və bu istənilən an baş verə bilər… Bu arada İdlibdəki qaynar hadisələrə görə Fərat qərbində də gərginlik ən yüksək həddə çatıb.

Bütün diqqətlər bununla bağlı avqustun 27-də baş tutası Ərdoğan-Putin görüşünə yönəlib. Başqa sözlə, Türkiyə döyüş meydanında da, danışıqlar masası arxasında da tamamilə aydın eyham vurub və vurur  ki, ona qarşı yönələn təhlükələrin məhvi məsələsində qəti köklənib. Hətta ABŞ və Rusiyaya baxmadan… Axı bu iki ölkə, bir yandan, özünü Türkiyə ilə müttəfiq kimi aparır, o biri yandan, öz maraqları yönündə hərəkət edir, bununla yanaşı, onlardan biri YPG/PKK terror təşkilatından, o biri isə Suriya rejimindən istifadə edir. Bu azmış kimi, onların arasında necəsə gizli bir müttəfiqlik var, elə deyilmi?

Doğrudanmı, belə bir durumdan və ABŞ-la Rusiya arasında gizli konsensusdan söhbət gedə bilər? Bu sualı Türkiyə Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş başçısı, istefadakı general-polkovnik İsmayıl Haqqı Pekin cavablandırır.

İsmayıl Haqqı Pekin: Müəyyən anlayış birliyi mümkündür. Bir-birinə toxunmamaq… Soyuq savaş dönəmində də belə idi, onlar imkan daxilində bir-birinə ilişmirdilər. Amma düşmən meydanına girmədən nəsə etməyə çalışırlar. Onların meydanında kimsə görünsə, onu elə, ya belə uzaqlaşdırırlar. Nə Rusiya, nə də ABŞ istəyir ki, məsələn, Türkiyənin danışıqlar masası arxasında həddindən artıq nüfuzu olsun.

-Bu halda, onlar bu məsələdə həmfikirdirlər?

-Bəli, onlar istəmirlər ki, danışıqlar masasının arxasında Türkiyənin nüfuzu olsun. Bir-birilərinin işinə açıq deyil, başqa ölkləri, kəşfiyyat qurumlarını istifadə etməklə qarışmaqları başqa məsələdir. Bu qayda ilə Fəratdan qərbdə Rusiya, Fəratdan şərqdə isə ABŞ nüfuza malikdir… Üçüncü kimsə bu ərazilərə müdaxilə edəndə iki ölkə bu durumda əks təsir göstərir və müdaxiləyə bu və ya başqa şəkildə mane olur. Yəni, məsələn, Rusiya  düşünür: “Gəlin, Türkiyə ilə birləşək və belə bir müdaxilə edək”. Türkiyə Fərtadan şərqdəki duruma təkbaşına qarışarsa, ABŞ-la münasibətləri pisləşərsə, Türkiyə Rusiyaya daha yaxın olar. Amma Türkiyə orada qalardımı, buna baxmayaraq, Rusiya onu, doğrudan da dəstəkləyərdimi? Bu, dəqiq bəlli deyil…

-Yəni heç kim açıq demir: “Biz Türkiyənin yanındayıq?”

-Yox, demirlər. Görünür, onların arasında lal bir uzlaşma var, yəni biz görürük ki, hər biri başqa ölkələrin onların ağalıq zonasına müdaxiləsinə mane olmağa çalışır.

Fərtadan şərqdə təhlükəsizlik zonasının yaradılması və İdlibdəki gərginliyin bir-birinə bağlı olduğunu hesab edən İsmayıl Haqqı Pekin davam edir:

-Türkiyə bu bölgədə öz mövqeyini gücləndirərsə. Yəni, tutaq ki, Türkiyə arzu edilən şərtlərlə təhlükəsizlik zonası yaratmağa doğrudan da nail olur, bu bölgədə “Demokratik Birlik” Partiyası/YPG-i durdurmağa nail olur, Afrin, Cərablus, əl-Babı artıq onsuz da götürüb, İdlibdə Rusiya ilə birlikdə atəşkəs rejimi, yaxud deeskalasiya zonası elan edib, həm də “Heyət Təhrir əş-Şam”ı nəzarətə götürüb. Türkiyə bu zaman danışıqlar masası arxasında yetərincə güclü olar. Onlar bunu istəmədilər və mane oldular…

-Bu onların anlaşa biləcəyini bildirirmi?

-Əlbəttə, bacararlar. Bu, gizli və yazılmamış uzlaşmadır, amma Tramp və başqa rəsmilər, məsələn, durumu şərh edir və deyirlər: “Toxunmayın”. Eyni şey Putinə də aiddir. Rusiya deyə bilər: “Qoy hər şey necə var, elə də qalsın”. Və yeri gəlmişkən, onlar arabir bir-birilə ünsiyyətdə olurlar…

-Başqa sözlə, nə ABŞ, nə də Rusiya istəyir ki, Türkiyə Fəratın şərq və qərbində güclənsin?

-İstəmirlər, bu, aydın və anlaşılandır. Axı döyüş meydanında çox güclü olan Türkiyə istədiyini danışıqlar masasında da əldə edə bilər. Onlar, bax, bundan qorxurlar. Və imkan daxilində hətta Türkiyəni danışıqlar masasına da buraxmaq istəmirlər – bu onların səlahiyyətindədirsə.

-Amma məgər bu mümkündür?

-Əlbəttə, yox… Danışıqlar masası arxasında Türkiyəsiz ötüşmək olmaz…

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar