Ölkə başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası ilə 23183 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib.
Fərman imzalandığı tarixdən bugünədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 134 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilib. Ümumilikdə 134 ünvanda 349 girişli çoxmənzilli bina və cəmi 23183 mənzilin istismarına icazə verilib.
Maraqlıdır, istismarına icazə verilən binalar daha çox hansı rayonları əhatə edir?
Cebhe.info bununla bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, istismarına icazə verilən mənzillər daha çox Yasamal rayonu ərazisini əhatə edir. Sıralamadakı növbəti yerləri Nizami, Nəsimi, Nərimanov, Binəqədi, Xətai, Sabunçu, Qaradağ, Səbail rayonları tutur. Sonuncu yerdə Suraxanı rayonu dayanır.
Qeyd edək ki, həmin sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir.
Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub və 50 minədək mənzili əhatə edir. Əmlak Xidmətləri Məkanında müraciətlər davam edir. Bu fərmanla evlərin qeyri-leqal yolla dövriyyəsinin dayandırılması nəzərdə tutulub. Eyni zamanda həmin binaların istismara qəbulu qaydaları sadələşdiriləcək.
Alçina Amilqızı
Cebhe.info