Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iribuynuzlu heyvanlar arasında xəstəlik yayılıb.
Həmin kəndin sakini Pərviz Titayev bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub. Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnundan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfat da var. Ərazi baytar məntəqəsinin müdiri Ələkbər Quliyev təsərrüfatlarda olan xəstə heyvanların müayinə olunduğunu, xəstəliyin ağcaqanadlar vasitəsilə yayıldığını deyib. Sakinlərlə profilaktik tədbirlərin aparıldığını söyləyib. O qeyd edib ki, aparılan tədbirlər nəticəsində xəstə heyvanlarda tədricən sağalma müşahidə olunur.
Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Yolçu Xanvəli bildirib ki, iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik fermerlərin sanitar-gigiyena qaydalarına riayət etməməsi ilə bağlıdır.
Maraqlıdır, heyvanlarda hansı xəstəliklər olduqda onların ətindən və südündən istifadə etmək olmaz? Heyvanlardakı hansı xəstəliklər insan orqanizmi üçün təhlükəli deyil?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Aqrar Xidmətlər Agentliyinin baş məsləhətçisi Yolçu Xanvəli ilk növbədə Lerikdəki iribuynuzlu heyvanlara hazırda baytarların nəzarət etdiyini və təhlükəli vəziyyət olmadığını diqqətə çatdırıb:
“Lerikdə heyvanlarda aşkarlanan xəstəlik müalicəyə tabe olur. Hazırda müalicə gedir, heç bir narahatlıq yoxdur. Lazımi reseptlər yazılıb. Vəziyyət nəzarətdədir, bizim baytarlar hevanları müalicə edirlər. Vaxtında müraciət olunsa , daha yaxşı olardı. Çünki heyvanlar vaxtında çimizdirilməli idi. Bu xəstəlik həşəratlar vasitəsilə keçir. Ağcaqanad, gənə bu xəstəliyi keçirə bilir. Hazırda bu heyvanların məhsulundan istifadə etmək mümkün deyil, ümumiyyətlə yanlışdır. Lakin xəstəlik bitdikdən sonra heyvanların ətindən, südündən istifadə edilməsində heç bir problem yoxdur”.
Yolçu Xanvəli daha sonra xəstə olan heç bir heyvanın ətindən istifadə edilməməli olduğunu və heyvanın müalicəsi bitdikdən sonra isə onun əti və südünün insan orqanizmi üçün təhlükə daşımadığını qeyd edib:
“Təxminən 70-dən artıq xəstəlik növü var ki, heyvanlar həmin xəstəliklərə tutulduqda onların ət və südündən istifadə etmək olmaz. Xüsusilə də qarayara, quduzluq, dabaq kimi təhlükəli xəstəliklər var ki, bu xəstəliyə tutulan heyvanın ət və südündən istifadə edilməməlidir. Xəstə heyvanın ətindən istifadə yolverilməzdir. Elə bir xəstəlik yoxdur ki, o xəstəlik heyvanda olduğu zaman onun ətindən, südündən istifadə etmək mümkün olsun. Lakin bütün xəstəliklərin müalicəsi aparılarsa, müalicə bitdikdən sonra heyvanın əti və südü zərərli hesab olunmur. Heyvanın müəyyən karantin müddəti var. Qarayarada iynə vurulandan 14 gün, dabaqda isə 21 gün sonra heyvanlarda immunitet yaranır. Bundan bir həftə sonra heyvanların ətindən istifadə olunmur, qalan müddətdə istifadəsi mümkündür”.
Səyad Həsənli
Cebhe.info