Dünyanı başına alan sanksiyalar: Bumeranq effekti, yoxsa?

27-08-2019, 20:30   


Dünyanı başına alan sanksiyalar: Bumeranq effekti, yoxsa?

ABŞ müxtəlif dövrlərdə müxtəlif dövlətlərə, iş adamlarına, hətta şirkətlərə sanksiyalar tətbiq edir. 

Bunun hansı nəticələr verdiyi məlumdur. Öz növbəsində bu sanksiyalara məruz qalmış dövlətlər də laqeydlik nümayiş etdirmir. Məsələn, İran, Rusiya, Çin də ABŞ-a sanksiya tətbiq edib. Srağagün İran Xarici İşlər Nazirliyi (XIN) ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib. 

Rəsmi Tehran Fondu və Fondun direktorunun İrana qarşı sanksiyaların hazırlanmasında iştirak etdiyini bəyan edib. İran XİN-nin bəyanatında qeyd edilib ki, ABŞ-ın "iqtisadi terror"u İranda rejimi dəyişmək, hökumətin qərarlar qəbul etməsinə təsir göstərmək, ölkənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.

Maraqlıdır, əks sanksiyalar nə effekt verir?

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə bildirib ki, bütün hallarda qadağaların mənfi tərəfi daha çoxdur, nəinki müsbətləri:

“Doğrudur, ABŞ iqtisadi sanksiya tətbiq etməklə siyasi cəhətdən Rusiyanı təcrid etmək istəyir. Amma Rusiya da, İran da resursu olan bir dövlətdir. Əgər bu tip sanksiyalar Kuba və bu kimi resursu olmayan dövlətlərə qoyulsaydı, o dövlətlər batardı. Amma əslində ABŞ-ın öz maraqlarına uyğun hərəkət edirlər. Bu günə qədər qoyulan sanksiyalardan heç bir dövlət müsbət qazanc əldə etməyib. ABŞ-a qarşı tətbiq olunan sanksiyalar rəsmi Vaşinqton üçün ciddi problemlər yarada bilər. Hər halda, Çinlə ABŞ arasında başlanan ticarət müharibəsində Amerika qalib gələ bilməyəcək. Çünki Çin dünyada kifayət qədər iqtisadi gücü olan bir dövlətdir. ABŞ ən çox xarici borcu olan bir dövlətdir. Hətta ABŞ-ın borcların Səudiyyə Ərəbistanı üzərindən Çin alıb. Ümumiyyətlə, Çin iqtisadi cəhətdən bütün Afrikanı işğal edib. ABŞ-da buna görə Çini zəiflətmək istəyir. ABŞ-la Çinin Qrenlandiya adasında maraqları toqquşur. Çünki Çin sözügedən adaya kifayət qədər sərmayə qoyub. Doğrudur, Qrenlandiyanın xarici işlər naziri adanın biznes və turizm üçün açıq olduğunu, ancaq satılmadığını elan etmişdi. Ona görə də bu iqtisadi sanksiyalar, adətən, dövlətləri yeni yollar, yeni iqtisadi fırıldaqlar fikirləşməyə məcbur edir”.

Politoloq hesab edir ki, Rusiyaya qarşı qoyulan sanksiyalar müəyyən mənada iqtisadi problemlər yaradır, amma rəsmi Moskva tədricən həmin problemləri aradan qaldırır: 

“Demək olar ki, yaxın bir neçə ildən sonra Rusiya dünyanın Çin kimi yeni iqtisadi güc mərkəzlərindən birinə çevriləcək. Rusiya özünün ödəmə sistemini dəyişib, maliyyə sistemində yeniliklər var. ABŞ beynəlxalq maliyyə qurumlarının vasitəsilə onların işlərinə qarışa bilməyəcək. İnsanlar da belədir, çətinliyə düşdükdə daha ağılla işləməyə başlayır. Təbii ki, sanksiyalar qoyulan dövlətlərdə də bu qadağalardan daha yüngül qurtulmaq üçün çıxış yolları fikirləşirlər. Bütövlükdə sanksiyaların heç bir dövlətə heç bir xeyri olmayıb. İlk öncə onların inkişafına çox mənfi təsir göstərir, müəyyən müddətdən sonra onlarda inkişaf başlayır. Bundan isə ölkə vətəndaşları əziyyət çəkir”.

Yeganə Oqtayqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar