ABŞ-la Çin arasında iqtisadi münasibətlər gərginləşməkdə davam edir.
Məlum olduğu kimi, rəsmi Vaşinqton sentyabrın 1-dən etibarən, Çin məhsullarına 10 faizlik, 300 milyard dollar həcmində idxal rüsumu tətbiq edəcək. Rüsum Çindən gətirilən yerdə qalan məhsul payına və ümumi məbləği 300 milyard dollar təşkil edən həcmə tətbiq olunur. Bununla belə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikası ilə ticarət danışıqları davam etdirilir və dialoq «konstruktiv» xarakter daşıyır.
Amma tezliklə «konstruktiv» danışıqların effektsiz olduğu üzə çıxdı. Çin də az keçmədən analoji addımı atıb. Çin hökuməti illik 75 milyard dollarlıq ABŞ mallarına qarşı əlavə rüsum tətbiq etdi. Çin Dövlət Şurası ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına rüsumların 5 faizdən 10 faizədək qaldırmaq qərarını verdi. Bu addım iki mərhələdə, sentyabrın 1-də və dekabrın 15-də həyata keçiriləcək. Bununla yanaşı, dekabrın 15-dən ABŞ avtomobillərinə aprel ayından təxirə salınmış 25 faiz, avtomobil parçalarına da 5 faizlik rüsum tətbiq ediləcəyi bildirilir. Çin hökumətinin əlavə 10 faizlik rüsum tətbiq edəcəyi ABŞ malları arasında neft və soya da var. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərindən Çindən çəkilmələrini istəyib.
İqtisadi nəhənglərin bir-biri ilə mübarizəsinin dünya iqtisadiyyatına hansi təsirlər gözlənilir?
Qeyd edək ki, Çinin ABŞ-a ixrac etdiyi məhsulların dəyəri ABŞ-dan idxal etdiyi məhsulların dəyərindən 4 dəfə azdır. Ötən il tətbiq olunan sanksiyaların nəticəsində ABŞ-ın xarici ticarət dövriyyəsində yaranan 800 mlrd. dollarlıq mənfi saldonun 375 mlrd. dollarının Çinlə idxal-ixrac əməliyyatlarının hesabına formalaşdığı bildirilirdi. Hətta belə bir fikirlər də var ki, əgər, əlavə gömrük vergiləri bütün ABŞ - Çin məhsullarını əhatə edərsə, 2021-ci ildə qlobal iqtisadiyyat 600 milyard dollar azala bilər. Artıq qarşılıqlı olaraq gömrük tariflərinin artrılması ilə bağlı qərar bu artım reallaşmadan əvvəl birjalara öz təsirini göstərib. Artım Asiya birjalarında əməliyyatlarda kəskin geriləmələrə səbəb olub.
İqtisadçı alim Fuad İbrahimov deyir ki, ABŞ-Çin arasında iqtisadi münasibətlərin gərginləşməsi dünyanın diqqət mərkəzindədir:
“Bu “ticarət müharibəsi” olaraq adlandırılır. Amma hesab etmirəm ki, bunun qlobal iqtisadiyyata ciddi təsirləri olacaq. Doğrudur, ticarət platformalarına müəyyən təsiri olacaq, müəyyən trendlər əmələ gələcək, qiymətli kağızların qiyməti, ümumiyyətlə, qalxıb-enmə ilə bağlı gərginlik yarana bilər. Bu isə müvəqqəti xarakter daşıyacaq. Amma hesab edirəm ki, münasibətlər elə bu səviyyədə də qalacaq, bu siyasi müstəviyə çıxmayacaq. Çünki ABŞ prezidenti Donald Tramp 1929-1933- cü il “Böyük depresiyası”ndan sonra hakimiyyətə gələn ilk biznesmen siyasətçidir. O, özü ticarətçi olduğu üçün ABŞ-ın uzun illərdir apardığı yumşaq xarici siyasətə son qoyur. O, bu illər ərzində demokratik prinsiplərdən irəli gələrək digər ölkələr verilən imtiyazları gəlir mənbəyi kimi öz ölkəsində saxlamaq istəyir. Bu baxımdan, bu məsələdə ABŞ tərəfindən hər hansı “cığallıq” yoxdur. Sadəcə olaraq, o, güvənli şəkildə öz ölkəsinin, öz istehsalçılarının, istehlakçılarının gələcəyini qurmaq istəyir. Ona görə də Çin iqtisadiyyatına qarşı bunu tətbiq edir. Çin iqtisadiyyatı ətrafında olan dövlətlərin, o cümlədən də bizim Şimal qonşumuz olan Rusiyanın bütün iqtisadiyyatını məhv edib. Ucuz istehsalı ilə bütün bazarlara girib ki, onların iqtisadi siyasəti hətta Azərbaycan kimi ölkələrə də təsir edir”. İqtisadçı alim bir məqamı da vurğuladı ki, Çinin ən böyük ticarət müttəfiqi ABŞ-dır: ”Əgər Çin hazırkı iqtisadi münasibətləri siyasi müstəviyə çıxarar və diplomatik əlaqələrdə soyuqluq yaranarsa, onda o bu məsələdə uduzmuş və ən böyük ticarət müttəfiqini itirmiş olacaq”.
Bəs, Çin ABŞ-la “ticarət müharibəsi”-ni nə qədər davam etdirməyə qadirdi? Fuad İbrahimov deyir ki, münasibətlər gərginləşməkdə davam edəcəyi təqdirdə Çin uduzmağa nəhkumdur:
“Siyasilər Çinin ABŞ-ın qarşısında davam gətirə biləcəklərini deyə bilərlər. Amma iqtisadi cəhətdən bu mümkün deyil. Çinin bir nömrəli ticarət mütəfiqi ABŞ-dır, hətta digər ölkələrlə ticarət dövriyyəsinin həcmi toplanarsa, bu ABŞ-la ticarət dövriyyəsindən daha kiçik olar. Hazırkı Çinin dayanıqlı iqtisadiyyatının əsasında dayanan amil ABŞ-la olan münasibətlərdir”.
Xatirə Nəsirova
Cebhe.info