Son aylarda ölkədə uşaqlar üçün verilən müavinətin bərpa olunacağı ilə bağlı məsələ tez-tez gündəmə gəlir.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, el arasında "uşaq pulu" adlanan müavinətin bərpası ilə bağlı təşəbbüsü insanlar maraqla qarşılayıblar.
Qeyd edək ki, 2006-cı il iyunun 1-dən Azərbaycanda "uşaqpulu" verilmir. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb. Müstəqil ekspert Sahib Məmmədov bildirir ki, "uşaqpulu"nun bərpası indiyədək bir neçə dəfə gündəmə gətirilsə də, ünvanlı sosial yardım vətəndaşlar üçün daha sərfəlidir.
Sahib Məmmədov - Ekspert: "Ucdantutma hamiya, milyonları olan, biznesmenin, hec nəyə ehtiyacı olmayanlara uşaq pulunun verilməsinin tərəfdarı deyiləm. Mən hesab edirəm ki, bu, ünvanlı olmalı və təminatsız ailələrə yönəlməlidir. Baxırlar ki, adam başına respublika üzrə müəyyən olunmuş minamal ehtiyac meyarlarından aşağıdır bunların gəlirləri, deməli o fərqi ödəyirlər".
Adətən "uşaqpulu" kimi mexanizmlər demoqrafik problemlərin yaşandığı ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada demoqrafik vəziyyət kritik səviyyədə olduğundan, ölüm doğuşu üstələdiyindən dövlət buna getməyə məcbur oldu.Azərbaycanda isə, son 15 ildə əhali sayı 1.7 milyon nəfər artaraq, 10 milyonu ötüb.Təkcə bu ilin 6 ayı ərzində ölkədə yeni doğulmuş körpələrin sayı 66 min 687 nəfər olub.Yetkinlik yaşına çatmayan uşaqların sayı isə 2 milyon 700 min nəfərdir. Ekspertlərin sözlərinə görə, Azərbaycanda sosial müavinətlərin verilməsində uşaqlara dair məsələlər diqqətdə saxlanılır və dövlət ünvanlılıq prinsipini əsas götürür. Belə olan halda indiki sistemi ləğv edib, "uşaqpulu" mexanizminə qayıtmaq arzuolunan effekti verəcəkmi?
Sahib Məmmədov - Ekspert: "İnandırım ki, belə olsa, ailələr daha çox itirəcək, nəinki indiki halda. Çünki indiki halda uşaq olmayan ailələr də ünvanlı yardım ala bilir".
Ünvanlı sosial yardımla yanaşı, aztəminatlı ailələrin sosial rifahının gücləndirilməsi üçün ölkədə özünüməşğulluq proqramı da tətbiq olunur. Ekspertlər bildirirlərki, bu proqram da öz müsbət effektini verməkdədir.
Rəşad Həsənov- İqtisadçı: "Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir və bu, özünəməşğulluq proqramından yararlananların ünvanlı sosial yardıma çıxışını məhdudlaşdırır. Çünki özünəməşğulluq proqramından yararlananlar artıq sosial yardım ala bilmir. Bu, proqram çox dəstəklənir və dünya səviyyəsində geniş şəkildə tətbiq olunur. Özünəməşğöulluq proqramını mən özüm də dəstəkləyirəm. Çünki burda maliyyə asılılığı olmur".
Azərbaycanda insanların sosial təminatını yüksəldən bu cür proqramların yetərincə olduğunu deyən ekspertlər bu il ərzində minimum əməkhaqqının və minimum pensiyanın məbləğinin kəskin artırıldığını da xatırladırlar. Onların sözlərinə görə, bu addımlar əhalinin maddi rifahının artırılmasına hesablanıb və dövlətin problemləri köklü surətdə həll etmək əzmini göstərir. Yəni prioritet vəzifə insan kapitalının inkişaf etdirilməsidir. Mütəxəssislər azyaşlılarla bağlı yeni təşəbbüslərin daha çox xəstə uşaqlara yönəldilməsini vacib sayırlar.
Sahib Məmmədov - Ekspert: "Yüzlərlə, minlərlə uşaqlar varki, serebral iflicdir, autizmdir, daun sindromludur. Bunlarla bağlı reabilitasiya və digər mərkəzlər yaradılmalıdır. Bunlara həyat vərdişlərinin öyrədilməsinə yönələn layihələr vacibdir.Uşaqlar fiziki və mənəvi baxımdan sağlam böyüməlidir".
Mütəxəssislər bildirirlər ki, uşaq pulunun verilməsi təşəbbüsü yeni mexanizmlərin hazırlanması, qanunlarda köklü dəyişiklik edilməsi şəraitində mümkün ola bilər. Bu isə indiki halda real görünmür. Təkliflər müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır.
Milli.Az