Məlum olduğu kimi, bu yaxınlarda Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq. Vilayətin rəhbəri Cəfər Paşayinin sözlərinə görə, təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq: “Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq”.
Bəlkə də, bu xəbər Azərbaycanın Quzeyində və Güneyində bəzi insanları sevindirə bilər. Lakin məsələnin mahiyyətinə vardıqda hər şeyin o qədər də ürəkaçan olmadığını görmək olar.
İl ərzində 60 saat türk dilində tədris…Bu gülünc olduğu qədər ağlamalıdır. Bu qərar bəxtiyari, lor və ya İranda yaşayan digər kiçik xalqlarla bağlı tətbiq olunsa idi, belə məntiqdən kənarda qalardı. Bir ildə 60 saat dərs keçən uşaq nə öyrənə bilər? Əlbəttə ki, heç nə.
İran hökümətinin bu qərarı İranın indiki gücə və sərhədlərə gəlməsində əsas rolu oynayan türklərə atılan “tula payından”, başqa sözlə, təhqirdən savayı bir şey deyil.
Rəsmi olaraq, ölkədə ikinci ən çoxsaylı, həqiqətdə isə farslarla eyni, bəlkə də, onlardan çox saya malik olan türklərə oynanılan bu oyun alçaldıcıdır.
Bunun səbəbini aşağıda açıqlamaya cəhd edəcəm.
Bilirsiniz ki, yuxarıda qeyd edilən qərarla birgə İranda fars olmayan uşaqlar üçün fars dilində yetərlilik testləri tətbiq edilir. Yəni İranın açıqca faşist rejimi bununla ölkədə yaşayan Azərbaycan türkünə, Xorasan türkməninə və ya Əhvaz ərəbinə deyir ki, uşaqlarınızla evdə ana dilinzdə danışmayın, ölkənin rəsmi dilində danışın.
Bunun fəsadları ilk növbədən gözə çarpmaya bilər. Lakin onsuzda illər boyu iqtisadi vəziyyəti pis olan və sanksiyalardan sonra daha da pisləşən türklərin yaşadığı bölgələrdə valideynlər bütün güclərini çörəkpulu qazanmağa sərf etdiyi üçün, istədikləri halda belə balalarının ana dilində və mədəniyyətində biliklərini artırmaqda çətinlik çəkir və çəkəcək.
Uşaq isə hər yerdə uşaqdır.
Belə bir yetərlilik testi uşaqda psixoloji komplekslərə yol açacaq. Öz yaşıdları arasında “ağ qarğa” olmamaq ucbatından türk balaları fars dilinə meyllənərək öz dilinə bir “əziklik” kimi baxacaq və gələcəkdə bu kompleks onların həyatı boyu davam edəcək.
Başqa sözlə, ana dilini əla, lakin fars dilini zəif bilən bir türk balası sinifdə başqa uşaqlar tərəfindən dışlanmağa başladıqda türk dilini bilməyin yaxşı bir şey olmadığını sanacaq.
Beləliklə, İran höküməti gələcək üçün manqurtların sayının artırılmasına yönələn ağıllı bir addım atıb. Yəni, yetərlilik testinin fəsadları önündə öz etirazını bildirmək istəyən türk “nə istəyirsən? Türk dilində təhsil istəmirdin? Vermişəm dəə…” cavabını eşidəcək.
Min il boyunca bu torpaqlar üçün ən çox qan axıdan, ən çox vuruşan, sevə-sevə canından keçən bir millət üçün bundan ağır bir cəza tapmaq, yəqin ki, çətin olar.
Çünki bir milləti məhv etmək istəyirsənsə, onun dilindən və mədəniyyətindən başla.
Günümüzdə tətbiq edilən bu qərar o qədər təhlükəli gələcəyə aparır ki, bir əsrdən çoxdur ki, düçar olduğumuz “azəri” oyunu bunun yanında uşaq oyuncağına bənzəyəcək.
Yeri gəlmişkən, bu məsələ ilə bağlı azərbaycanlı politoloq Zərdüşt Əlizadənin açıq ermənipərəstliyi ilə seçilən “Regnum” adlı Rusiya saytına verdiyi müsahibə təəcüb doğurur.
Onun sözlərinə görə, İranda türk dili qadağa altında deyil.
“Orada azad şəkildə türk dilində qəzet və jurnallar dərc edilir, mən özüm Təbriz televiziyasında bizim dildə müsahibə vermişəm. Düzdür, türk dilində yayım gündə bir neçə saatlıq verilir. Lakin bu də kifayətdir”, – deyə Z.Əlizadə vurğulayıb.
Zərdüşt Əlizadə qeyd edir ki, İranın biznes-mühitinin ən ağır seqmentlərindən birini oluşduran azərbaycanlı burjuaziya ana dilində tədrisi prioritet və səmərəli saymır.
“Öz bizneslərinin inkişafı üçün onlara fars, ingilis, alman və ərəb dilləri kimi dillər lazımdır. Buna görə də onlar türk dilində təhsilə maliyyə yatırmırlar. Əksinə, ana dilində tədrisi tələb edənlər isə bunu etmək imkanına malik deyillər. Dövlət ildə 60 saatlıq dərs sistemini maliyyələşdirir. Artığına heç ehtiyyac yoxdur, çünki dilin institutlaşdırlması isə bağlı ictimai sifariş yoxdur.
SSRİ təcrübəsinə baxaq. Sovet höküməti respublikalarda ana dili əsasında milli burjuaziyanın və ziyalıların formalaşmasına imkan verərək, öz sonunu yaxınlaşdırdı. Buna görə də, İran hökümətinə belə perspektiv sərf etmir. Konstitusiyaya dil haqqında bənd əlavə etsələr də, bu cür proqramı geniş şəkildə dövlət tərəfindən maliyyələşməyəcəyi gün kimi aydındır. Lakin məhz azərbaycanlıların özü yuxarıda qeyd olunan səbəblərlə bağlı ana dilini tətbiqi və inkişafına yönəlmiş miqyaslı layihələri ortaya qoymaq niyyətində deyillər”, – deyə politoloq əlavə edib.
İlk növbədə Z.Əlizadəyə yadına salmaq istərdik ki, məhz ötən əsrdə İranda baş verən bütün böyük inqilablar türklərin birbaşa iştirakı və milli məsələlərlə bağlı tələbləri ilə baş verib.
Bundan əlavə, dünyaya Nizami, Nəsimi, Fizuli, Xətai kimi nəhənglər bəxş etmiş, birbaşa fars dilini məhv olmaqdan qurtaran bir millətin dilinin perspektivləri böyükdür.
Bundan əlavə, politoloq nədənsə İranın yanına müstəqil Azərbaycanın olmasını yadından çıxarır. Əgər İran höküməti imkan versə idi, Azərbaycan Respublikasından minlərlə müəllim İrana yönəlib oradakı soydaşlarına ana dilini öyrədərdi.
Bir də ki, dilimizi küçümsəmək doğru iş deyil.
Əgər günümüzdə dünyada 3000-dən çox istifadədə olan dil varsa, hardasa 150-200 ilə onların sayı 50-dək azalacaq.
Bir azərbaycanlı türk olaraq 200 ildən sonra Yer üzündə qalan o 50 dilin içində bizim ana dilimizin olmasını istərdik.
Bu amal üçün həm o tayın, həm də bu tayın oyanacağı ümidi ilə… /strateq.az/