Adı sürət qatarı, özü isə..: Gəncə və Sumqayıt yolunda qalan sərnişinlər

2-09-2019, 17:32   


Adı sürət qatarı, özü isə..: Gəncə və Sumqayıt yolunda qalan sərnişinlər

31 avqustda Bakı-Sumqayıt istiqamətində hərəkət edən sürət qatarının fəaliyyətində problem yaranıb. 

Elektrik qatarı bir neçə dəqiqə yubanıb. Bakı Dəmir Yolu Vağzalından saat 18:10-da çıxmalı olan qatar 12 dəqiqə gecikmə ilə saat 18:22-də yola düşüb. Qatarın maşinisti problemin texniki nasazlıqla bağlı olduğunu bildirib.

Cebhe.info bildirir ki, hazırda Bakı-Gəncə və Bakı-Sumqayıt istiqamətində sürət qatarları fəaliyyət göstərir, Ancaq qatarlar fəaliyyətə başladıqları gündən indiyə qədər problemlər bitmir. Tez-tez nasazlıq yaranan qatarlarda sürət həddinin də az olması barədə narazılıqlar var. 

Belə ki, Bakı-Sumqayıt sürət qatarının bərpasından sonra ilk problem 24 dekabr 2018-ci ildə özünü göstərib. Saat 18:30-da yola çıxmalı olan qatar texniki səbəbdən hərəkət etməyib. Nəticədə sərnişinlər bir müddət qatarda qalıblar. “Azərbaycan Dəmir Yolları” QSC məsələ ilə bağlı açıqlamada yubanmanın səbəbini həmin saatda iki qatarın yola çıxdığını,  sistemdə problem olduğu üçün qatarların bir-birinin hərəkətini görə bilməməsi ilə izah edib. 11 fevral 2019-cu il tarixində də Sumqayıt-Bakı elektrik qatarının hərəkətində təkrar problem yaranıb. Bu barədə məlumat da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb. Marşrut üzrə işləyən digər qatarlar isə hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Bakı-Sumqayıt sürət qatarında növbəti problem 14 martda olub. Saat 18:30-da Bakı Dəmiryol Vağzalından yola düşən qatar Biləcəri stansiyasında dayanıb. Aidiyyatı qurum tərəfindən qatarda texniki problemin yarandığı üçün 15-20 dəqiqə yubanma olduğu bildirilib. 5 iyul 2019-cu ildə təkrar Sumqayıt-Bakı elektrik qatarının hərəkətində yubanma qeydə alınıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada gecikməni Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla əlaqədirib. 9 avqust 2019-cu ildə isə hava şəraiti ilə əlaqədar qatarlarının hərəkətinə sürət məhdudiyyəti qoyulub. Belə ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gec çatıb.  “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova qatarların hərəkətinə sürət məhdudiyyətinin hava ilə bağlı qoyulduğunu bildirib.

Qeyd edək ki, Bakıdan yola düşən  marşrutlar Sumqayıta 40 dəqiqəyə, hətta bəzən daha tez çatır. Sürət qatarlarındakı yubanmalarla isə bu yol bəzən 1 saata qət olunur. Qiymətə gəldikdə, marşrut avtobuslarında qiymət 50-60 qəpik, sürət qatarının bileti isə 1 manatdır. Sərnişinlər sürət qatarından vaxta qənaət üçün istifadə etmək istəsələr də, müqayisələr nə vaxt, nə də pul baxımından onun çox da sərfəli olmadığını göstərir. 

Bakı-Gəncə də “yolda qalır” 

29 dekabr 2018-ci ildə fəaliyyətə başlayan  Bakı-Gəncə sürət qatarı da problemlər baxımından geri qalımır. Qatarda ilk nasazlıq fəaliyyətinin 7-cı günündə-5 yanvar tarixində  özünü göstərib.  “Azərbaycan Dəmir Yolları”QSC-dən bu dəfə fərqli səbəb göstərilib- elektrik xətlərindəki problem. Bildirək  ki, qatar hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən səhər saat 09:00-da yola düşür. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Dörd vaqondan ibarət qatarda 9 yerlik birinci klass, 62 yerlik biznes və 296 yerlik standart olmaqla, cəmi 367 oturacaq var.

26 iyul 2019-cu ildə isə bu dəfə Gəncədən Bakıya hərəkət edən sürət qatarı yolda qalıb. Hadisə ilə bağlı məlumat sosial şəbəkədə yayılıb. Sərnişinlər tərəfindən qatarın bir saatdan artıq vaxt ərzində yolda qaldığı deyilib. Sürət qatarının hansı səbəbdən dayanması barədə isə bu dəfə heç kim sərnişinlərə məlumat verməyib. Hətta hadisə nəticəsində sərnişinlərin bir neçəsinin vəziyyəti pisləşdiyi deyilsə də, səbələr qaranlıq qalıb. 

Məlumat üçün bildirək ki, Bakı-Gəncə sürət qatarı 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edir və standart sərnişin üçün biletin qiyməti 15, biznes 50, birinci klass 100 manatdır. Hər 30 dəqiqədən bir Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Gəncə istiqamətinə gedən sərnişin avtobusu isə eyni yolu təxminən 4,5 saata gedir, biletin qiyməti isə 8 manat 40 qəpikdir.

Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar