Ruslar Qarabağ məsələsində Azərbaycanı 4 dəfə aldadıb – ŞOK AÇIQLAMA

2-09-2019, 18:19   

Rusiya Qarabağ məsələsində Azərbaycan qarşısında ən azı 4 dəfə öhdəlik götürüb.

Turkustan.info bildirir ki, bu sözləri Redaktor.az-a Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov deyib.

E. Namazov hesab edir ki, Rusiya ilə açıq danışıqlara gedilməlidir:

“Qarabağla bağlı Azərbaycan-Rusiya münasibətləri konteksində 2 dəfə çar Rusiyası, iki dəfə də sovet Rusiyası Azərbaycan qarşısında öhdəlik götürüb. Amma bu öhdəliklərin heç biri yerinə yetirilməyib. Belə ki, birinci dəfə Kürəkçay sülh müqaviləsində çar Rusiyasının imperatoru Azərbaycan qarşısında öhdəlik götürüb. Həmin müqavilə 11 bənddən ibarətdir. 2-ci bənddə Rusiya imperatorunun adından zəmanət verilirdi ki, rus imperatorluğu tərəfindən Qarabağın ərazi bütövlüyü təmin olunacaq. Daha sonra, Rusiya-İran müharibəsi zamanı ermənilərin Qarabağa köçürülməsi prosesi başlayanda da, Rusiyanın Azərbaycan qarşısında öhdəlik götürdüyü məlumdur. Çünki ermənilərin Qarabağa köçürülməsinə yerli azərbaycanlılar etiraz edirdilər. Bu işə rəhbərlik edən rus səfiri tərəfindən azərbaycanlılara zəmanət verilmişdi ki, ermənilər heç vaxt bu torpaqlara iddia etməyəcəklər. Çar Rusiyası dağıldığı dövrdə, SSRİ formalaşanda bir neçə ərazilər üzərində müharibələr gedirdi. O cümlədən Zəngəzur və Qarabağ da belə mübahisəli ərazilərdən idi. Zəngəzur və Qarabağ məsələsinin həlli üçün paket saziş təsdiqləndi. Sazişə görə, Zəngəzur ermənilərə verilirdi, Qarabağ isə Azərbaycanın tərkibində qalırdı. Azərbaycan tərəfi bu qərarla razılaşmırdı. Ermənilər isə üstəlik Qarabağı da ələ keçirmək istəyirdi. Bu, 20-ci illərdə baş verirdi. Ancaq qəbul edilən paket sazişin qarantı Moskva idi…. 1988-ci ildə ermənilər Qarabağla bağlı müharibəni başladılar. Bununla da 20-ci illərdə qəbul edilən paket sazişin maddələrini- yəni Zəngəzurun ermənilərə verilməsi bəndini də pozdular. Bununla Zəngəzurun ermənilərə verilməsinin legitimliyi aradan götürüldü. Zəngəzur məsələsi də artıq ciddi sual altındadır. İndi savaş həm Zəngəzur, həm də Qarabağ üzərində gedir. Biz Rusiya ilə bu haqda da ciddi danışmalıyıq. Biz 20-ci illərin əvvəllərinə qayıtmışıq. 1988-ci ildə Qarabağ məsələsini ermənilər alovlandırandan sonra, məsələ Ali Sovetə verildi. Çünki sovet konstitusiyasına görə, bu cür məsələlər SSRİ Ali Sovetinin iclasında baxılırdı. SSRİ Ali soveti Azərbaycanın haqlı olması ilə bağlı qərar çıxardı. Bu qərarların icra olunması isə yenə də Rusiyanın məsuliyyətinə daxil idi”.

E. Namazov bildirib ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən dövlətə Azərbaycan xalqı güvənə bilməz:

“Ona görə də bu haqda bizim rəsmi orqanlar da, diplomatlarımız da danışmalıdır. Həqiqətən də Rusiya Azərbaycanla dostluq münasibətləri qurmaq istəyirsə, Qarabağ və Azərbaycanın tarixi torpaqları məsələsində üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir”.

Prezidentin eks-köməkçisi vurğulayıb ki, Rusiya heç vaxt Azərbaycanın yanında olmayacaq:

“Eləcə də Rusiya daim Ermənistanın da yanında olmayacaq. Moskva hər zaman öz maraqlarını müdafiə edəcək. Biz Rusiya ilə münasibətlərimizdə elə şərait yaratmalıyıq ki, istədiyimizə nail olaq. Bu mənada Rusiyanın da, özümüzün də maraqlarımızı nəzərə alaraq, həm danışıqlar aparmalı, həm də müəyyən addımlar atmalıyıq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar