Deputatın oğlu prokuror olur, kəndlinin oğlu traktor sürür…

5-09-2019, 10:35   

         Seymur VERDİZADƏ
Təhsil haqqını ödəyə bilmədiyi üçün 7 min gənc tələbə statusundan könüllü şəkildə imtina edib. 600-650 bal yığan abituriyentlər əyalətdə oxumaq məcburiyyətində qalırlar.
Onların valideynlərinin Bakıda ev tutmağa, uşaqlarına yolpulu verməyə imkanı çatmır. Minlərlə gənc arzusunu ürəyində dəfn edib, taleyin acı hökmünə boyun əyməli olur.
Azərbaycanda təhsil haqqı çox yüksəkdir. Məmurlarımız sadə katarakta əməliyyatı üçün xarici ölkələrə üz tutsalar da, Tibb Universitetində illik təhsil haqqı 4 500 manatdır.ADA-da oxumaq istəyən gənc 6 400 manatından keçməlidir.
Digər ali məktəblərdə də təhsil haqqı əlçatan deyil. Hansı ki, qardaş Türkiyənin dövlət universitetlərində illik təhsil haqqı 350-400 manat civarındadır.
Qardaş ölkədə hətta ən kasıb valideynin də övladına ali təhsil verməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Dövlət yataqxanalarının əksəriyyətində bir ay yaşamağın qiyməti 42-45 manatdır.
Ötən gün Türkiyənin İsmət İnönü Universitetinin bir tələbəsiylə tanış oldum. Dedi ki, hər gün universitetdə nahar edir: “Dörd çeşid yemək üçün cəmi 1,75 türk lirəsi ödəyirik. Bu isə bizim pulla təxminən 50 qəpik edir”.
Hansı ki, mənşəyi bəlli olmayan ətdən hazırlanmış dönərləri yeməkdən bizim tələbələrin çoxunun mədəsi xəstədir…
Azərbaycanda niyə tələbələr üçün yataqxanalar inşa olunmur? Niyə bizim övladlarımız simvolik məbləğ ödəməklə universitetdə nahar edə bilmirlər?
Niyə Azərbaycanın ali məktəblərində təhsil haqqı Türkiyədən 10 dəfə yüksəkdir? Dövlətin təhsil siyasətinə vacib elementlər əlavə olunmalıdır. Təhsil Nazirliyinin rektorlara ünvanladığı tövsiyələr təqdirəlayiqdir.
Ən azından, daha heç kim valideynin başının üstünü kəsdirib, 4 500 manatı ondan birdəfəyə tələb etməyəcək.
Amma o da var ki, valideynin 4 500 manatı iki dəfəyə də ödəməyə imkanı yoxdur. Hökumət bu problemi kökündən həll etməlidir.
Novruz müəllim elm adamıdır, tanınmış ziyalıdır. Onun özü dövlət hesabına təhsil alıb, bir qəpik ödəmədən dövlətin yataqxanasında qalıb.
Buna görə də kasıb ailələrdən çıxan uşaqların ali təhsil almasının qeydinə hamıdan çox hörmətli Baş nazirimiz qalmalıdır.
Bizim dövlətin 163 min tələbəni pulsuz oxutmağa gücü çatar. Bizim dövlətin 163 min tələbəyə təqaüd verməyə də gücü çatar. Bunun üçün hamılıqla korrupsiyaya qarşı mübarizə aparmalıyıq.
Əllərimiz dövlət əmlakını talan edən adamların boğazında olmalıdır. Tələbəsinə təqaüd verməyə gücü çatmayan ölkənin yolları niyə ildə beş dəfə qazılmalıdır?
Jurnalist həmkarım Əvəz Zeynallı İstanbuldadır. Ötən gün Əvəz bəyin bir statusunu oxudum. Yazır ki, İstanbulun yarısını azərbaycanlı məmurlar alıb.
İstanbulda, Moskvada, Praqada otel tikdirən məmurlardan tələb etmək lazımdır ki, Bakıda da tələbələr üçün yataqxana tiksinlər.
Mən səhərdən-axşama kimi xəbər saytlarını dolaşır, sosial şəbəkələrdəki müzakirələri izləyirəm. Hər gün bu mövzuda ən azı bir xəbərlə qarşılaşlram: “Nazir deputatın oğluna vəzifə verdi”.
Dəyişikliklər çox vaxt redaktə xarakterli olur: “Nazir rektorun oğlunu rəis təyin etdi”.
Etiraz edən varsa, özünə əziyyət verib, axtarış saytlarına baş çəksin. Bu məzmunda yüzlərlə xəbərlə qarşılaşacağına bəribaşdan təminat verirəm.
Səbəb sadədir. Kasıb insanların övladlarını hüquq kimi bahalı fakültələrdə oxutmaq imkanı yoxdur. Yüksək bal yığmaq üçün “bunker” müəllimlər tələb olunur. Kasıbın buna imkanı çatmır.
Buna görə də yeni nəsil prokurorların, rəislərin əksəriyyəti yüksək rütbəli məmurların, deputatların uşaqlarıdır.
Sosial bərabərsizlik bu sferada özünü daha qabarıq şəkildə göstərir.
Məmurların, deputatların övladları yay tətilini Londonda, Nyu Yorkda, Vaşinqtondakeçirir və bunun sayəsində hələ orta məktəbi qurtarmamış ingilis dilini yüksək səviyyədə öyrənə bilirlər.
Kasıbın uşağı isə yayda qoyun-quzu otarır, atasının köhnə traktorunun yağını dəyişir. Buna görə də deputatın oğlu prokuror olur, kəndlinin oğlu traktor sürür…
BAKU.WS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar