Mətbuata və ictimaiyyətə geniş açıqlanmayan bu görüş sonralar SSRİ tarixinə “dörd baş katibin görüşü” adı ilə düşüb. Görüşdə həmin dövrdə Mərkəzi Komitənin baş katibi olan Leonid İliç Brejnev, sonralar SSRİ-nin birinci kürsüsündə əyləşən digər üç nəfər, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov, Mərkəzi Komitənin katibi Konstantin Çernenko və Stavropol diyar Partiya Komitəsinin birinci katibi Mixail Qorbaçov iştitak ediblər.
Brejnevin 18 sentyabr 1978-ci ildə Azərbaycana səfəri zamanı Moskvadan Bakıya yola düşən xüsusi qatar sentyabrın 19-da axşam saatlarında bir neçə saatlığa Mineralnı Vodı şəhərində dayanıb. Görüşün təşəbbüskarı Yuri Andropov olub. O, həmin ərəfədə Mineralnı Vodı şəhərindən çox da uzaqda olmayan Kislovodskda növbəti məzuniyyətini keçirirmiş.
Bu görüşdə Andropovun əsas məqsədi Qorbaçovu Brejnevə daha yaxından təqdim etmək olub. Bu təqdimatın da arxasında məqsəd dayanıb. Andropov Qorbaçovu Kremldə, Mərkəzi Komitədə görmək istəyib və məhz bu təyinat üçün də sözügedən görüşü təşkil edib.
Qeyd edək ki, 1970-ci ildən Stavropol diyar Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Mixail Qorbaçov digər vilayət və diyarların birinci katiblərindən nəzərəçarpacaq dərəcədə fərqlənib və Kremldə daha çox tanınıb.
Bu fərqlənmənin bir neçə səbəbi olub. Qorbaçov hələ gənc yaşlarından hiyləgər siyasi manevrləri ilə özünü tanıtmağı bacarıb, Stavropolda işlədiyi illərdə təşəbbüskar təklif və çıxışları ilə Kremlin diqqətini özünə cəlb edə bilib.
Daha bir səbəb onun məhz Stavropolda işləməyi olub ki, Kislovodsk, Yessentuki, Jeleznovodsk, Mineralnı Vodı kimi SSRİ-nin ən məşhur kurort şəhərləri inzibati ərazi baxımından Stavropola tabe olub. Belə ki, Siyasi Büronun üzvləri, Mərkəzi Komitənin yüksəkçinli məmurları və onların ailə üzvləri bu şəhərlərdə tez-tez istirahətdə və müalicədə olublar. Qorbaçov bu imkandan istifadə edərək qeyri-rəsmi mühitdə onlarla görüşüb, öz qayğı və diqqətini onlardan əsirgəməyib. Qorbaçov Kreml məmurları ilə yaxın münasibətlər qurmağa nail olub. Elə Yuri Andropovla yaxından tanışlığı da məhz belə bir şəraitdən başlayıb.
Dördlüyün görüşü çox da uzun sürməyib. Brejnevin səhhətində problemlər olduğundan o, Mineralnı Vodı şəhərində çox ləngiməyib. Söhbət əsnasında işlətdiyi bir cümlə isə Qorbaçovun gələcək taleyini həll edib:
- Rəhbərliyə yeni və enerjili kadlar lazımdır, Mixail Sergeyeviç kimi...
Qorbaçovun hansı vəzifəyə təyin olunması da əvvəlcədən planlaşdırılıb. 1978-ci ildə Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi Fyodr Kulakovun müəmmalı ölümündən sonra Kremldəki qruplar bu vəzifəyə öz namizədlərini təyin etmək istəyiblər. Amma Andropov siyasi uzaqgörənliyi ilə yanaşı, həm də çevik tərpənib, özünə yaxın bildiyi Qorbaçovu Brejnevə hətta səfər zamanı təqdim edə bilib.
Beləliklə, dördlüyün “yolqırağı” sentyabr görüşündən iki ay sonra, 1978-ci ilin noyabr plenumunda Mixail Qorbaçov Kulakovun boş qalmış yerinə, Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi vəzifəsinə təyin olunub.
Yeri gəlmişkən, qeyd edək ki, Qorbaçovun Kremldəki əsas himayədarlarından biri Fyodr Kulakov olub. Onun Stavropol diyar Partiya Komitəsinə birinci katib vəzifəsinə təyin olunması da Kulakovun təşəbbüsü ilə baş tutub.
Məlum olduğu kimi, Qorbaçov qısa müddət ərzində Kremldə öz mövqelərini möhkəmlədə bilib, gələcək karyerası üçün bütün mümkün maneələri zərərsizləşdirməyi bacarıb, birinci kürsüyə sahib olmaq üçün illər boyu ömürlərini Kremldə çürüdən “qoca” məmurları razı salmağa nail olub.
Amma sonradan çoxları Qorbaçovla bağlı verdikləri qərarda yanıldıqlarını da etiraf ediblər. Qorbaçovun baş katib seçilməsinin əsas təşəbbüskarlarından biri olan, 28 il SSRİ-nin xarici işlər naziri vəzifəsində işləyən, Kremldə əsas söz sahiblərindən biri sayılan Andrey Qromıko da Qorbaçovu yerində olmayan siyasətçi kimi qiymətləndirib və təşəbbüskarlığında yanıldığını dilə gətirib:
“Mən xarici işlər naziri olduğum 28 ildə bir dəfə də olsun səhvə yol vermədim. Bu illər ərzində siyasi fəaliyyətində yalnız bir səhv buraxdım, Mixail Qorbaçovun baş katib seçilməsində təşəbbüslarlığımda...”
Beləliklə, Mixail Qorbaçovun yanlışlıqla baş katib kürsüsünə gedən yolu Moskva-Bakı yolunun üstündən başlayıb. Elə SSRİ-nin dağılması da əslində Moskva-Bakı və Moskva-Yerevan münasibətlərindəki ayrı-seçkilikdən sonra başlandı...
İlham Cəmiloğlu, Musavat.com