İRANA ZƏRBƏ ENDİRMƏNİN GİZLİ TARİXÇƏSİ –“New York Times”-ın ARAŞDIRMASI

5-09-2019, 14:07   

Ronen Berqman, Mark Mazzaretti

“New York Times”, 04.09.2019

 

2017-ci ilin iyul ayında Ağ Ev İran məsələsi ilə əlaqədar yolayrıcında idi. Prezident Tramp Barak Obamanın Tehranla imzaladığı “dəhşətli” nüvə razılaşmasından çıxmağı vəd etmişdi, lakin Tramp kabinəsinin tanınmış üzvləri administrasiyanın ilk aylarında tezcırnayan prezidenti daha güclü bir saziş əldə etməyə yönəldiblər. Hələ ki danışıqlar seçənəyi üstünlük təşkil edirdi.

Lakin əks rəydə olanlar da bekar qalmayıb. Prezidentin nüfuzlu məsləhətçisi olan Stiven K. Bannon Con Boltona müraciət edərək, nüvə razılaşmanı ləğv edəcək yeni İran strategiyasını hazırlamağı tapşırıb.

“Fox News” şərhçisi və BMT-dəki sabiq səfiri Bolton administrasiyada hələ heç bir rəsmi rol oynamırdı, ancaq Bannon onu Trampın qılığına girə, prezidenti inandıra biləcək bir şəxs kimi görürdü.

Oğul-Corc Buş administrasiyasında milli təhlükəsizlik işçisi olmuş Bolton, İraqda rejim dəyişikliyinin memarlarından biri idi. O, çoxdan nəinki Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) ləğvi, həm də 2015-ci il nüvə sazişinə dair danışıqlar aparan İran rejimini devirməyə çağırırdı. İyul ayının əvvəlində, Bolton Parisdə, İranda rejim dəyişikliyinə çağırış edən “Mücahidin-e Xəlq”in (MEK) illik yığıncağında məsələ ilə bağlı fikirlərini açıqlayıb. O, Amerika siyasətinin İran hökumətini dəyişdirəcəyinə inamını təkrarlayıb və 2 ildən sonra İran liderlərinin silinib-süpürüləcəyini söz verərək gurultulu alqışlanıb. “Bayramı Tehranda qeyd edəcəyik”.

Boltonun Bannonun tələbi ilə hazırladığı sənəd strategiya deyil, administrasiyanın İranla sövdələşməsini tərk etməsini əsaslandıran marketinq planı idi. Birləşmiş Ştatları sazişdən çıxdıqdan 2 gün sonra nə olacağı bəlli olmurdu. Lakin Boltonun fikirləri illər boyu onunla ünsiyyətdə olmuş və ya 2015-ci ildə “The New York Times”-da yazdığını oxuyanlara tanış idi: “Amerika diplomatiyası kənara qoyulduqdan sonra İsrail İranı bombalamalıdır”.

Tramp İranla sövdələşmədən 2018-ci ilin mayında çıxıb, Bolton milli təhlükəsizlik müşaviri olaraq vəzifəsinə gəldikdən bir neçə həftə sonra və indi prezident yavaş-yavaş böhranla üzləşir. Bu ilin iyun ayında Fars körfəzində neft tankerlərinə qarşı hücumlar başlayıb və ABŞ Tehrana barmaq silkələyib. İyul ayında İngiltərə Cəbbəlüttariq yaxınlığında bir İran tankerini müsadirə edib və İran körfəzdə İngilis bayraqlı tankeri ələ keçirib. Amerika casus agentlikləri İran vəkillərinin bölgədəki Amerika qoşunlarına qarşı hücumları barədə xəbərdarlıq edir və yay boyu İsrail İraq, Suriya və Livandakı İran “proksi”lərinə hücumlar edib. Amerikanın İranla nüvə sazişindən çıxmasının ən təəccübsüz nəticəsi budur ki, indi də İran müqavilə şərtlərinə əməl etməyəcəyini söyləyir: Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatı və nüvə bombası üçün yanacaq yığacaq.

Prezident və onun müşavirləri bütün bu hərəkətləri İranın xəyanətkarlığının sübutu kimi qələmə veriblər, lakin bu, əvvəlcədən gözlənilən böhrandır. Tramp sazişdən çıxmazdan bir il əvvəl, bir Amerika rəsmisinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi, administrasiyanın sərt xətti izlədiyi təqdirdə, İranın necə cavab verəcəyini təxmin etməyə çalışaraq gizli qiymətləndirmə yayıb. Nəticə sadə idi: Tehrandakı hökümətin radikal elementləri güclənə və mötədillər kənara çəkilə, İran Fars körfəzində, İraqda və ya Yaxın Şərqin başqa yerlərində həmləyə başlatmaq üçün diplomatik yırtıqdan istifadə etməyə çalışa bilər.

Obama administrasiyası dövründə Pentaqonun yüksək vəzifəli rəsmisi İlan Qoldenberq İranla nüvə razılaşmasından əvvəlki illərdə qarşıdurmanı, bir növ, üçtərəfli qarışıqlıq kimi xatırlayır: İsrail dünyanı İranın nüvə proqramına zərbə vuracağına inandırmaq istəyirdi (lakin hələ bombalama ağlına gəlməmişdi). İran dünyanın onu nüvə silahı əldə edə biləcəyinə inanmasını istəyirdi (lakin hələ bomba hazırlamaq qərarı verməmişdi). Birləşmiş Ştatlar dünyanın İranın bomba əldə etməsinin qarşısını almaq üçün hərbi güc tətbiq etməyə hazır olduğunu bilməsini istəyirdi (amma sonda bundan vaz keçdi).

Üçü də təhdidləri daha etibarlı etmək üçün addımlar atıb.

Avqustda Stokholmda çıxışı zamanı İranın xarici işlər naziri Cavad Zərif deyib: “Gözlənilməzlik qarşılıqlı proqnozlaşdırılmamaya gətirib çıxaracaq, gözlənilməzlik xaotikdir”.

Trampın hədəfi İran iqtisadiyyatına sanksiyalar tətbiq etmək, ölkənin liderlərinin nüvə sazişini administrasiyanın Birləşmiş Ştatlar üçün daha əlverişli hesab etdiyi şərtlərlə yenidən razılaşdıracağı vəziyyətə gətirmək, “Hizbullah” və digər etibarlı qruplara hərbi dəstəyi kəsməsidir.

Eyni zamanda, İran da növbəti Amerika seçkisində Trampın sərt taktikasına son qoyan yeni bir prezidentin seçiləcəyi ilə qumar oyununa qoşulub.

Prezident müşavirləri yalnız İsrailin baş naziri Benyamin Netanyahu deyil, Fars körfəzindəki ərəb dövlətlərinin də qatıldığı daha böyük hədəfi düşünürlər: İsrail və İran üzərində dominantlıq edən sünni dövlətlərlə birlikdə Yaxın Şərqin yenidənqurulması.

Obamanın düşüncəsi fərqli idi: İranın nüvə silahı əldə etməməsini qarşısını almaq, ancaq İran hesabına Səudiyyə Ərəbistanının bölgədəki təsirini tarazlaşdırmaq. Onun dediyi kimi, iki ölkənin “qonşuluğu bölüşmək məcburiyyəti”.

İndi Tramp administrasiyasının bəzi rəsmiləri bu fikrə lağ edir. Obama isə deyirdi: “İranla istədiyimiz yox, olduğu kimi davranmağa qərar verdik”.

Administrasiyasının ilk günlərində Obamanın yaxın ətrafı onun Yaxın Şərqə sülh gətirmək üçün açıq bir əməliyyat planına malik olduğunu söyləyirlər. 2010-dan 2013-cü ilə qədər Obamanın milli təhlükəsizlik üzrə müşaviri Tom Donilon deyib: “Lazımsız və qeyri-müəyyən bir müharibənin qarşısını aldıq, iranlıları masaya gətirdik, danışıqlar üçün vaxt və yer qazandıq və görünməmiş, müvəffəqiyyətli silahlara nəzarətə dair bir razılaşma əldə etdik. O, İranın nüvə silahı əldə etməsinə mane oldu və beynəlxalq birliyə İranın fəaliyyətinə görünməmiş bir görüntü verdi. Bunların hamısı ABŞ-ın böyük maraq dairəsindədir”.

Son aylardakı hadisələrin mürəkkəbləşməsinə gətirib çıxaran Trampın sazişdən imtinası ABŞ-ın İrana qarşı hərbi addım atması və ya bir İsrailin həmləsinə xeyir-dua verə biləcəyi qorxusunu yenidən oyadıb, eyni zamanda, bütün tərəflər səhv hesablama və ya nadanlıqdan münaqişə doğura bilərlər. Dizaynında məhdud olsa da, İrana hücum İran “proksi”lərinin  bölgədəki Amerika qüvvələrinə qarşı qisas həmləsi, neftin qiymətinin artması ilə ticarət gəmilərinə hücumların artması, “Hizbullah” İsrailə qarşı terror hücumları dalğası, Qərbə qarşı kiberhücumlar kimi geniş yayılmış xaos yarada bilər. Son nəticədə İranın təsir etdiyi yerlərdə – Livandan Suriyaya, Yəməndən İraqa qədər atəşi söndürməyə daha çox Amerika əsgərinin göndərilməsini.

Bu böyüyən böhranın necə başladığı tarixçəsi – bir çox cəhətdən Amerikanın İsraillə münasibətlərinin mürəkkəbliklərindən bəhs edən hekayətdir. Bu, müharibə, İsrailin arxasında müzakirə olunan silah müqaviləsi, bir-birinə qarşı casusluq edən iki müttəfiq və nəticədə, Amerikanın xarici siyasətini formalaşdıracaq bir döyüşün hekayətidir.

O, bir neçə ay ərzində onlarla indiki və keçmiş Amerika, İsrail və Avropa rəsmilərinin verdiyi müsahibələr, İsrail ordusunun 2012-ci ildə İrana hücum etməyə nə qədər yaxınlaşdığının təəccüblü təfərrüatlarını göstərir: Obama rəhbərliyinin ABŞ-ın Qərb səhrasında bir İran nüvə obyektinin tam ölçülü maketini 30 min funtluq bomba ilə məhv etməsi; Amerikalı peyklərin İsrailin Azərbaycandakı bazasından İrana müşahidə dronları göndərməsini necə izləməsi və Trampın İranla sövdələşməni tərk etməsi üçün Netanyahunun təzyiq kampaniyasının həcmi barədə əvvəllər bilinməyən detallar.

Netanyahu bu yaxınlarda İsrailin ən uzun müddətli baş naziri olaraq David Ben-Qurionu üstələyib, ancaq bir daha siyasi sağqalma uğrunda mübarizə aparır, aqibətini sentyabrın 17-ə təyin olunan seçkiyə bağlayıb. Onun əleyhdarları bir neçə il əvvəl İrana zərbə vurmağa qarşı olan insanlardır.

Seçkinin nəticəsindən asılı olmayaraq, hazırkı İran böhranının mənzərəsi tez dəyişə bilər və Tramp hətta G-7-nin son sammitində də İran prezidenti Həsən Ruhani ilə növbəti həftələrdə görüşə biləcəyini söyləyib. Bu perspektiv İsraildə həyəcan siqnalları yaradıb. Ancaq Netanyahu açıq şəkildə narahat olduğunu söyləmir. Avqust ayında Qüdsdəki ofisində verdiyi müsahibəsində o, etiraf edib ki, Tramp, ondan öncəki Obama kimi, müharibənin qarşısını almağa və bunun əvəzində İranın nüvə proqramı ilə bağlı bir həll yolu tapmağa cəhd edə bilər.

Netanyahu əlavə edib: “Ancaq bu dəfə təsir etmə qabiliyyətimiz daha çox olacaq”.

 

2.”Ümumi qarşılıqlı striptiz”

İranda gizli uran zənginləşdirmə proqramı ilə bağlı ilk açıqlama 2002-ci ilin yayında, Amerikanın İraqla müharibəyə hazırlaşdığı vaxt verilib. Qərb kəşfiyyat xidmətləri İranın mərkəzi hissəsinin şimalında, Nətənz yaxınlığındakı nüvə obyektində elm adamlarının uran filizini zənginləşdirmək səyini aşkarlayıb. Bu tapıntıların dosyesi Vaşinqtonda mətbuat konfransında məlumatı ictimaiyyətlə paylaşan MEK-lə əlaqəli bir qrupa sızdırılıb.

İraqla məşğul olan Buş administrasiyası sanksiyalarla birlikdə İranla danışıqlar yolu seçib. Bir çox İsrail rəsmiləri üçün bu “vəhy” onların hazırladıqları nəticəni gücləndirib: ABŞ səhvən başqa ölkəylə müharibə aparır.

İsrail rəhbərliyinin narahatlığı 2005-ci ildə Mahmud Əhmədinejadın İran prezidenti seçilməsi ilə daha da artıb. Əhmədinejad İsrail haqqında fikirlərini dərhal açıqlayıb, alovlu ritorika ilə nasistlərin yəhudiləri məhv etməsini mif adlandırıb; “Həmas” və “Hizbullah” kimi hərbi qruplara dəstəyi artırıb.

Amerika və İsrail analitiklərinin fikrincə, o, ölkənin nüvə proqramını sürətləndirməyə başlayıb. Holokostdan sağ çıxanlar tərəfindən qurulmuş bir ölkədə bu hərəkətlər bir çoxları üçün İranın ekzistensial təhlükə yaratdığını təsdiqləyib.

İsrailin o dövrdəki rəhbərliyi qeyri-müəyyənlik keçirib. 2006-cı ilin yanvar ayında İsrailin baş naziri Ariel Sharon insult keçirib. Onu əvəzləyən Ehud Olmert “Mossad”ın İranın nüvə layihəsini dayandırmaq və ya heç olmasa gecikdirmək üçün apardığı gizli kampaniya üçün fəaliyyət sərbəstliyi və sonsuz vəsait bağışlayıb.

2007-ci ildə keçmiş baş nazir Olmertin müdafiə naziri Ehud Barak İsrail ordusunun ümumi heyətinə İrana qarşı geniş miqyaslı hücum planlarını hazırlamaq barədə yazılı bir əmr verib. Lakin Olmert İran təhlükəsinin şişirdildiyini düşünüb. Öz mövqeyini o, indi belə xatırladır: “Həqiqətən də İranın bomba əldə edə biləcəyi biliyi ilə hərbi əməliyyat keçirməli olan İsrail deyildi. Pakistanda da bomba var idi və heç bir şey olmamış kimi, İsrail də bomba sahibi olan İranı qəbul edib sağ qala bilərdi”.

Mühafizəkar Likud Partiyasının rəhbəri Netanyahu tamamilə fərqli bir mövqe tutub. O, ABŞ-da orta məktəbə və kollecə getmiş, Massaçusets Texnologiya İnstitutunda biznes magistri dərəcəsi qazanmış və “Boston Consulting Group”-da işləyərək, gələcək respublikaçı prezidentliyə namizəd Mitt Romni ilə dostlaşmışdı.

Baş nazir olduğu ilk dövrdə – 1996-dan 1999-cu ilə qədər o, Konqresin birgə iclasında yalnız ABŞ-ın nüvə silahlı İranın “fəlakətli nəticələri” nin qarşısını ala biləcəyi barədə xəbərdarlıq edib.

Likud lideri bir daha İsrailin ən yaxın müttəfiqini, keçmiş baş məsləhətçilərindən biri olan Uzi Aradın dediyi kimi “İran təhdidinə qarşı fərdi səlib yürüşü”nə səsləyib. 2007-ci ildə Vaşinqtonda Netanyahu İrana qarşı daha çox sanksiyalar tələb edib. Bundan əlavə o, vitse-prezident Dik Çeyni ilə görüşübvə Aradın sözlərinə görə, Qərbin hərbi əməliyyat təhdidi olmadığı təqdirdə, İranın mütləq bomba əldə edəcəyini bildirib.

Çeyninin simasında Netanyahu özünə yoldaş tapmışdı. Pentaqonun hərbi və mülki rəhbərliyi başqa bir müharibəyə iştaha duymurdu. Lakin Çeyni, Bolton kimi, Corc Buşun ikinci müddətinə qədər İrana qarşı hərbi hərəkətlər etməyə tərəfdar idi.

2008-ci ilin mayında Buş və müdafiə naziri Robert Geytslə görüşü zamanı vitse-prezident İrana həmlə təklif edib. Geyts ABŞ və ya İsrail tərəfindən İrana qarşı hərbi hərəkətin İran hökumətindəki radikal fraksiyaları gücləndirəcəyini və İran rejiminin ölkəni səfərbər edəcəyini deyib. Geyts, Olmertə xəbərdarlıq edilməsini vacib sayıb: İsrail birtərəfli bir hücum planlaşdırmamalıdır.

Çeyni İrana zərbənin lazımi və ən azı Ağ Evin İsrailin hərəkət etməsinə imkan verməli olduğunu söyləyib.

Geyts xatirələrində Çeyninin düşüncələrini paylaşıb: 20 ildən sonra “nüvə silahlı İran olsaydı, insanlar Buş administrasiyasının buna mane ola biləcəyini söyləyirdilər”.

Elə həmin ay Buş, prezident kimi, İsrailə sonuncu səfəri çərçivəsində Qüdsə gəlib. Olmert Amerika və İsrail casuslarının İranla bağlı daha çox kəşfiyyat paylaşmasına nail olmağa ümid edib və iqamətgahında fərdi görüş keçirib.

Köməkçilər otaqdan çıxdıqdan sonra, söhbətdən agah olan bir məmurun sözlərinə görə, Olmert sövdələşməyə başlayıb. “Gəlin kitabları açaq və bir-birimizlə şəffaf olaq”. Buş razılaşıb, Amerika və İsrail casus xidmətləri arasında daha böyük kəşfiyyat əməkdaşlığına səbəb olan qərar, Olmertin köhnə köməkçilərindən birinin dediyi kimi, “ümumi qarşılıqlı striptiz” idi.

İranın nüvə obyektlərini təxirə salmaq üçün mürəkkəb kompüter zərərli proqramları, o cümlədən “Stuxnet” virusunu yerləşdirmə əməliyyatı Olimpiya Oyunları zamanı sona çatacaqdı. Bu, İranı çəkindirmənin bir yol idi.

Lakin Buş digər yoldan da xəbərdar idi. Səfəri zamanı bir gecə Olmert, Çeyni kimi, İrana qarşı getdikcə bədbin mövqe tutan müdafiə naziri Barak da daxil olmaqla, milli təhlükəsizlik kabinetinin üzvləri ilə birlikdə prezidenti nahara dəvət edib.

Olmert xatırlayır ki, o, Buş ilə birlikdə şam yeməyindən sonra yan salonda gəzişirdi. 2 adam dəri kreslolarda rahat oturarkən, Olmert siqaret çəkir və baş nazir Buşa deyir ki, Barak fərdi görüş istəyir.

Buş xahişə istəksiz yanaşır. “Başa düşürəm ki, onu içəri buraxmaq siyasi cəhətdən vacibdir. Ancaq İran məsələsində mövqeyimi bilirsiniz. Mən birmənalı şəkildə hücuma qarşıyam”.

Olmert israr edir. Buş sonda təslim olur və tezliklə Barak otağa daxil olur, siqaret çəkib viski içir. İran təhlükəsi haqqında geniş bir mühazirə söyləyir.

Nəhayət, Buş onun sözünü kəsir.

Olmert xatırlayır: “O, yumruğunu masaya vurdu və dedi: “General Barak, nəyin nə olduğunu bilirsinizmi? Yox, yox”.

Barak, öz növbəsində, Buşun təpkisini çox yaxşı xatırlayır. Amerika prezidentini inandırmağa çalışarkən, Buş üzünü Olmertə tutub Baraka barmaq silkələyir. “Bu oğlan məni yaman qorxudur”. (Buşun nümayəndəsi deyir ki, keçmiş prezident bu söhbətlərin heç birini xatırlamır.)

Ehud Barak indi Buşun mövqeyini bir qədər yersiz sayır. “Həqiqət budur ki, Buşun xəbərdarlığı, həqiqətən, bizim üçün heç bir fərq yaratmadı, çünki 2008-ci ilin sonunda İrana hücum etmək üçün real, mümkün planımız yox idi”.

 

3.“Obama problemin bir hissəsidir”

Netanyahu ikinci dəfə İsrailin baş naziri vəzifəsinin icrasına 2009-cu ildə başlayıb. Obam ilə ideoloji fərqlərinə baxmayaraq, Netanyahunun Amerikanın yeni prezidentinin İrana qarşı səylərində daha istəkli tərəfdaş ola biləcəyinə inanması üçün bir səbəbi olub.

Obama ilk dəfə İraq müharibəsinə qarşı çıxmaqla diqqət çəksə də, kampaniya zamanı tez-tez İran təhlükəsi məsələsini qaldırıb və 2008-ci ilin iyununda AIPAC auditoriyasına müraciətlə bildirib ki, “təhlükəsizliyimizi və müttəfiq İsrailin təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyat təhdidini həmişə masada saxlayacağam”.

2009-cu ilin may ayında Ağ Evdəki köməkçilər Oval Ofisin qarşısında iki liderin təkbətək görüşünü narahatlıla izləyib. Bu, sona çatmayan bir görüş olub və bəziləri fərasətli, təcrübəli İsrail baş nazirinin gənc Amerika prezidentinə fələstinlilər və İsrailin təhlükəsizliyinin sərt həqiqətləri haqqında mühazirə oxuduğunu güman ediblər.

Qapı açıldıqda, Netanyahu çaşqın vəziyyətdə görünüb. Arad xatırlayır: “Bibi heç nə demədi, amma üzü kül rəngində idi”. Saatlar keçdikdən sonra o, köməkçilərinə deyib ki, Obama üstünə çımxırıb və az qala yalvarıb – əslində, tələb edib – ki, gələcəkdə “bir kərpic” belə əlavə edilmədən İsrail Qərb Şəriyədəki yaşayış məntəqələrinin inşasını dərhal dondursun. (Obama administrasiyasının rəsmisi, prezidentin bu ifadəni işlətmədiyini söyləyir.)

Nazirlər səviyyəsində iki hökumət arasında münasibətlər səmimi olub. Netanyahu Aradı özünün milli təhlükəsizlik müşaviri vəzifəsinə gətirib və Arad Obamanın milli təhlükəsizlik müşavirləri general Ceyms Cons və daha sonralar Donilonla İranın nüvə proqramını müzakirə etmək üçün birbaşa əlaqə yaradıb.

Amerika və İsrail rəsmiləri müntəzəm olaraq və daha tez-tez şifrəli video konfranslarla görüşüblər. Obama administrasiyası görüşlər barədə tam məxfilikdə israr edib və fövqəladə bir məsələ artıq gündəmdə olub: İranın müqəddəs Qum şəhərindən çox da uzaqda olmayan bir dağın dərinliyində gizli nüvə obyektinin inşası.

Fordouda yanacağı zənginləşdirmə qurğusu 2008-ci ilin aprelində İngilis kəşfiyyatı üçün işləyən bir mənbə tərəfindən kəşf edilib. Zavod haqqında məlumatlar Amerika və İsrail məxfi xidmətlərinə verilib. Nətənz zavodundan fərqli olaraq, Fordou lazımi miqdarda mülki nüvə yanacağı istehsal etmək üçün çox kiçik idi və bu, bunun yalnız nüvə silahı əldə etmək üçün yaradıldığı gümanı yaradıb.

Amerika və İsrail rəsmiləri indi İranın nüvə səylərini təxirə salmaq üçün davam edən gizli əməliyyatların uğursuzluğu ilə qarşılaşıblar. Barakın irəli sürdüyü İsrailin baxışı nisbətən sadə olub: İranın Barakın “toxunulmazlıq zonası” adlandırdığı məqama çatmasına qədərki möhlət dövrü bitir. Bundan sonra onun nüvə proqramı o qədər inkişaf etmiş və müdafiəli olacaq ki, istənilən zərbə təsirsiz qalacaq. Birləşmiş Ştatlar yeraltı qurğulara dərin nüfuz edə bilən bunker bombaları ilə zərbə endirə bilər. Barak iddia edib ki, İsrailin belə imkanı yoxdur. Tək hərəkət etmək niyyətində olsaydı, bunu çoxdan etmişdi.

Bəzi Amerika hərbi planlaşdırıcıları Barakın taktikasını “ot biçmək” kimi qiymətləndirib, ancaq bu, ABŞ-ı hərəkətə gətirmək vasitəsi sayılıb. Obamanın ilk dövründə Milli Təhlükəsizlik Şurasında İran siyasətini idarə edən Dennis Ross deyir: “Bu, bizə təzyiq kimi də şərh oluna bilərdi”.

Obamanın ilk müddətində Amerikanın yüksək vəzifəli şəxslərinin İsrailə səfər paradı başlayıb. Məqsəd İsrailin planlaşdırma tədbirində iştirak, Netanyahu və Barakı inandırma idi ki, ABŞ problemi ciddi qəbul edir və İranın bomba əldə etmək ərəfəsində olduğuna inanmır. “Mesajımız, narahatlığınızı başa düşür və müharibəyə başlamayın idi, çünki bizdən arxamızca girməyimizi istəyəcəksiniz”, – deyə Obama administrasiyasının rəsmisi Vendi Şerman bildirib.

Səfərə ilk gələnlərdən biri Obamanın Pentaqonda qalmasını istədiyi Robert Geyts idi. O, İsrailə 2009-cu ilin iyulunda, “Yaşıl İnqilab”ın minlərlə etirazçını Tehran küçələrinə çıxarmasından bir neçə həftə sonra gəlib.

İran hökuməti kövrək görünürdü və Netanyahu Geytsə bildirib ki, İrana hərbi zərbə nüvə proqramını geri qaytarmaqdan daha çox şey edəcək; bu, İran xalqının nifrət etdiyi rejimin devrilməsinə təkan verə bilər.

Bundan əlavə, Netanyahu, Geytsin xatirələrində xatırladığı kimi, İranın hücuma təpkisinin məhdud olacağını söyləyib. Geyts etiraz edib. O, Netanyahunun yanıldığını söyləyib.

1981-ci ildə İsrailin Osirak nüvə reaktorunu bombalamasından sonra İraq qisas almayıb, eyni zamanda, 2007-ci ildə İsrail Suriyanın nüvə reaktorunu bombalayanda, Suriya heç bir şey etməyibr. Ancaq İran İraq və Suriyadan çox fərqlidir.

Onun sözlərinin mənası aydın idi: İran – “Hizbullah” kimi bacarıqlı hərbi “proksi” qüvvələri ilə İsrail sərhədlərində ciddi müqavimət ortaya qoya biləcək güclü bir ölkədir.

Obama ilə Netanyahu arasındakı münasibətlər qırılmaqda davam edib. İsrailin Vaşinqtondakı sabiq səfiri Maykl Oren xatırlayır ki, Netanyahu “Obama problemin həll yolu deyil, bir hissəsidir” deməyə başlayıb.

Narahat münasibətlər bütün tərəflərə aydın olub. Arad xatırlayır ki, 2010-cu ildə Obama ilə başqa görüş üçün Netanyahunu Vaşinqtonda müşayiət edərkən, vitse-prezident Co Bayden qolunu Aradın çiyninə atıb və təbəssümlə deyib: “Unutma ki, burada ən yaxın dostun mənəm”.

 

(ardı var)

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar