“Xarici kanallara baxan vətəndaş üçün öz ölkəsinin həyatı tədricən maraqsızlaşacaq, o təsirə düşəcək”
“AzPolitika.info” Azadlıq Radiosunun Bakı bürosunun sabiq direktoru, media ekspertiZeynal Məmmədli ilə jurnalistika, televiziyalarımızdakı durum, xarici informasiya axını, bunun mümkün təsirləri və təhlükəsi mövzusunda söhbətləşib. Müsahibəni təqdim edirik: - Zeynal müəllim, neçə müddətdir ki, KİV-lərdə çıxışlarınıza rast gəlinmir. Fəal ictimai fəaliyyətdən çəkilmisinizmi? – Mən media ilə bağlı layihələr hazırlamaq və məsləhət xidməti ilə məşğulam. Keçmiş tələbələrimlə Bakı Jurnalistika Məktəbində jurnalistlər hazırlayırıq. Bunlar həm sayt, həm qəzet, həm televiziya, həm də radio jurnalistikası üçündür. Bir sözlə, darıxmağa vaxtım yoxdur. Televiziya kanalları müraciət edərsə, onları da cavablandıraram. Amma bəzi şərtlər var, mən ümumiyyətlə canlı yayıma meylliyəm. Video çəkilişdirsə şərtlər olmaldıır. Prinsipcə, mənə kanallarda elə tələbat da yoxdur. - Bakı Jurnalistika Məktəbinin adını çəkdiniz, amma siz uzun illər BDU-nun Jurnalistika fakültəsində dərs demisiniz. BDU-da fəaliyyətinizi niyə dayandırdınız? – Bəli, 2012-ci ildə “Azadlıq” radiosuna keçdiyim üçün BDU-da fəaliyyətimi dayandırdım. Mən 31 il BDU-da işləmişəm və bu az müddət deyil. Ümumiyyətlə, jurnalistikanın tədrisində əvvəlcədən böhran əlamətlərini görürdüm. Bu, heç də medianın gələcəyi üçün yaxşı şeylər vəd eləmir. Mən BDU-dan getdikdən sonra “Yaradıcılıq turları” keçirilməyə başlandı və əslində bu jurnalistikaya ikinci ciddi zərbə oldu. Jurnalistika fakültəsinə qəbulda 500-600 bal riskli kimi görünürdüsə, indi bu 200-300 bala düşüb. Əslində bu əsas göstərici də deyil, amma yaradıcı prosesə belə münasibət məni dəli edir. Mən bilirəm ki, “Yaradıcı Tur”un həyata keçirilməsində fakültə müəllimləri və Mətbuat Şurasının rolu böyük olub. Onlar deyə bilər ki, bu, xoş niyyətli bir addımdır, amma onların nəyi düşündüyü mənə aydın deyil. “Gözəl yaz, amma yalan yaz”-la, “pis yaz, doğru yaz” məsələsi ortaya çıxanda mən “pis yaz, amma doğru yaz”-a üstünlük verirəm. Onları necə sınaqdan keçirirlər? Orta məktəb səviyyəsində inşa mövzusu verirlər və bunun əsasında jurnalisti müəyyən edirlər. Əslində bu biabırçı bir haldır və əvvəlcədən uğursuzluğa məhkumdur. 17-18 yaşlı həyat təcrübəsi olmayan uşaqlardan nə umurlar? Jurnalistka bəlli bir təcrübə istəyir, bu, ciddi peşədir, xüsusilə müstəqil jurnalistika fəaliyyəti. Bu məsələlər mənim yaralı yerimdir. Jurnalistika ilə bağlı bir neçə universitetdə irəliləyiş oldu, Slavyan Universitetinin Jurnalistika fakültəsində və digərlərində. Amma çox təəssüflər olsun ki, sonda hər şey gerilədi və Azərbaycan reallığına uyğun bitdi. - Siz, qabiliyyət imtahanlarını nəzərdə tutursunuz? – Bəli. Bu təşəbbüsün kim tərəfindən gəldiyini qeyd etdim. Hesab edirəm ki, bu, jurnalistikaya böyük zərbə vurdu. - Konkret hansı zərbəni vurdu? – Jurnalistikaya meyl indi hiss ediləcək səviyyədə azalıb. Təsəvvür edin ki, Hüquq fakültəsi ilə abituriyent sayına görə yarışan jurnalistika indi ən az meyl olunan peşəyə çevrilib. Mən jurnalistika fakültəsinin tələbələri ilə kontaktda oluram, inanın ki, onların dünyagörüşü aşağı səviyyədədir. Mən burada uşaqları günahlandırmıram, amma gələcəyin necə olacağına dair suallar açıq qalır. - Azərbayan televiziya kanallarını izləyirsinizmi? – Ara-sıra baxıram. - Qiymətləndirməniz necədir? – Ədalətsiz olmaq istəməzdim, amma durum bulanıqdır. Bizim televiziyalarda bilinmir ki, jurnalist məhsulu nədir, əyləncə, ovqat məhsulu nədir, araşdırma, bədii məhsul və ya informasiya məhsulu nədir. Bəlli deyil ki, kim jurnalistdir, kim insanları əyləndirmək üçün efirə çıxaraq jurnalistika vasitələrindən istifadə edir. Bu baxımdan televiziyada dəhşətli qarışıqlıq var. Düzdür, ara-sıra tv-lərdə işartılar olur. Son zamanlar Az.TV-də belə şeylər olur. Və ya informativ televiziya kanallarında. Amma burada bir sistemlilik, ictimai rəyi özünə çəkəcək bir şey də görmürəm. İnsanların Azərbaycan televiziyalarına üztutma dərəcəsini öyrənmək lazımdır. İnsanlar hansı televiziyalara, hansı proqramlara baxırlar məsələsi çox əhəmiyyətlidir. Azərbaycanda cəmiyyət həyatını işıqlandıran verilişlərə baxmırsansa, bu o deməkdir ki, sən cəmiyyət həyatına qatılmırsan, Azərbaycan vətəndaşı olmursan. Böyük mənada Azərbaycanın həyatı ilə yaşamırsan. Amma tv-lərimiz nə dərəcədə Azərbaycanın həyatı ilə yaşayır, sakinləri cəmiyyət həyatına qatır? Burada çox böyük problemlər var. - Televiziya kanallarında fərqlilik görürsünüzmü? – Səbəbə baxmaq lazımdır. Kökə baxanda məsələ aydın olur. Eynşteynin məşhur sözü var: sən eyni üsulla çalışıb, fərqli nəticə əldə etmək istəyirsənsə, bu gülməlidir. Fərqli üsullarla fərqli nəticə ala bilərsən. Bizim tv-ləri bu baxımdan bir-birindən fərqləndirmək olmur. Hamısı bir-birinə oxşayır, eyni məhsul hazırlayır. Yəni eyni simalar, eyni qonaqlar, eyni müsahiblər. Əgər media reklam bazarı məhduddursa, jurnalist və texniki işçilər aşağı əməkhaqqı alırlarsa, yaradıcılıq stimullaşdırılmırsa, digər tərəfdən siyasi məhdudiyyətlər, daxili senzura, habelə idarəetmə nöqsanları, qeyri-peşəkarlıq varsa, hansı məhsuldan, fərqlilikdən danışmaq olar? Biz Boloniya təhsil sisteminə keçmişik. Burada əsas idarəetmədə ön plana tələbə və müəllimlər çıxır. Söhbət dünya ilə yarışa bilməkdən gedir. Buraxılan məzun nəyi bacaracaq? Gəlin baxın, universiteti bitirən mühəndis, aktyor, dizayner, jurnalist nəyi bacaracaq? O, sualın cavabını kağızda yaza bilər, amma reallıqda baxırsan ki, biabırçılıqdır. Biz öz-özümüzü aldatmaqla məşğuluq. Nəzərə alın ki, məzun olan rejissoru da, texniki işçisi də, kameramanı da, jurnalist və aktyoru da sonda tv-lərə gələcək. Bir yandan daxili senzura, siyasi məhdudiyyətlər, digər yandan naşılıq, qeyri-peşəkarlıq, maaş azlığı, reklam problemi və cavabı bilinməyən suallar halında hansı məhsul hazırlana bilər? Ən asan yolla gedilir, maya dəyəri aşağı olsun və yola verək. Reallıq bundan ibarətdir. - Fakt budur ki, indi az qala hər bir ailədə ya kabel televiziyası, ya da sputnik antena var. Yəni yerli kanallara baxış azdır, hətta sosial şəbəkələr milli kanalları üstələyir. Bu minvalla hara gedirik? – Əslində mən bunu demək istəyirəm. Biz deyinirik, ümumi danışırıq. Amma Azərbaycan dövləti və vətəndaşlarımızın maraqları baxımından bunu araşdıran, sosioloji sorğu keçirib durumu olduğu kimi bilən bir qurum da yoxdur. Çoxlu suallar var, amma nə qədər xoşniyyətli olsan da, onlara cavab tapa bilmirsən. Baxın, rusdilli kursların sayı artır, rus dilini tədris edən bağçaların sayı artır. Amma sən şəhərin mərkəzində olasan və Azərbaycan dilində bağça tapa bilməyəsən, bu biabırçılıqdır. Bu dildə təhsil nədən stimullaşdırılır, bu nə ilə bağlıdır? Guya Azərbaycan şəraitində rus dilli müəllimlər daha keyfiyyətli təhsil təqdim edəcək? Bu illüziyadır, aldanışdır, boş şeydir. Və ya rus və ingilisdilli uşaq bağçasında uşaqlar daha kreativ, sağlam, tərbiyəli və psixoloji sağlam olacaq? Bu aldanış kimə lazımdır? Bəyəm ingilisdilli bağçada ingilislərmi dərs deyir? Bunların hamısı biziksə, biz öz dilimizi inkar edib o dillərə tapınanda hansı məhsul alacağıq? Burada söhbət vətənpərvərlikdən, Azərbaycana bağlı olmaqdan da getmir, biz bu yolla dünyada da heç nə edə bilməyəcəyik. - Cəmiyyətin idarə edilməsində informasiya axını çox güclü vasitədir. Azərbaycan tamaşaçısının kütləvi olaraq Türkiyə, Rusiya və ya Avropa kanallarına baxmasının cəmiyyətə hansı təsirləri ola bilər? – Deməli başqa kanallara baxan vətəndaş üçün öz ölkəsinin həyatı tədricən maraqsızlaşacaq. Əlbəttə, Türkiyə kanallarında hazırlanan əyləncəli verilişlər bizdəkindən qat-qat keyfiyyətlidir. Üstəlik, vətəndaş türk və ya rus kanallarında xəbərlərə baxacaqsa, bu xəbərlərin nə dərəcədə doğruluğu, balanslı olması onun üçün maraqlı olmayacaq. Deməli təsirə düşə bilər. İkinci tərəfdən, o, bunu Azərbaycanda görmək istəyəcək. Bizimkilər daha çox türk seriallarına, əyləncə proqramlarına baxırlar. Rus kanalları isə başdan-ayağa təbliğat vasitəsidir. - Bu kanallara baxan insanların həmin ölkələrin təsiri altına düşməsi bizə perspektivdə necə təhlükə yarada bilər? – Biz Türkiyə ilə eyni xalqıq, eyni mədəniyyətik. Türk kanallarına baxmağın hansı ziyanlarının ola biləcəyini demək çətindir. Fikrimcə, bunu araşdırmaq lazımdır. Amma rus kanalları ilə bağlı məsələ göz önündədir və bəllidir ki, hansı ziyanlı təsirləri ola bilər. Ən maraqlısı kabel televiziyalarında bu iki ölkənin kanallarının say nisbətidir. Bu məqama diqqət etsəniz 75-in 25-ə nisbətini görəcəksiniz. Yəni 75 rus, 25 türk kanalı. Məsələnin bu tərəfi də çox önəmlidir. Üstəlik, həmin ölkələrin hansı kanalları siyahıda öz əksini tapır. Bir var xəbər televiziyaları bu siyahıda olsun, bir də var əyləncəli televiziya kanalları. Bunlar fərqli şeylərdir. Mən idmanla maraqlanıramsa, bu kanallar pulludur. Onsuz da, həmin şəxs pul ödəyib bu kanallara baxmalı olacaq. Hesab edirəm ki, bunlar araşdırılmalı məsələlərdir. Burada insanlarımızı, bölgələrimizi hansı informasiya axınına məruz qoyuruq? Məsələn, qərb bölgəsi Türkiyəyə, cənub bölgəsi İran və Rusiya kanallarına baxır. Bunlar ciddi söhbətlərdir, amma başlı-başına buraxılıb. Niyə kabel televiziyalarında rus kanalları daha çoxdur? Niyə orada bir özbək, bir türkmən, bir qırğız kanalı yoxdur? Eləcədə İraq türkmanlarının kanalı. Heç kim bizi aldada bilməz, bilirik ki, kabel tv-lərinə necə icazə verirlər. Burada sərbəst bazar, “get yarat” məsələsi yoxdur. Bu kabel televiziyalarının bir-biri ilə rəqabəti, “məndə olan kanal səndə olmasın”, “səndə olan kanal məndə olmasın” məsələsi də var. Amma onlar da bir-birinin təkrarıdır. - Siz cəmiyyətimiz ciddi xarici infomasiya axını ilə üz-üzədir… – Bəli. Bir şeyə uzun müddət baxanda, hətta onun əleyhinə olsan belə, təsirinə qapılırsan. Sovet dövrü üçün bir söz deyilirdi: hətta disidentlər də kommunist kimi düşünürdülər. Bizdə də belə ola, informasiya axını buna gətirib çıxara bilər. Yəni sən heç nəyi ifadə etmirsən, kim nə deyir, hə deyirsən. Bir baxış bucağı olur və təəssüf ki, onun içində Azərbaycan sözünün A hərfi də olmayacaq. Odur ki, bunlar düşündürücüdür. Vaqif NƏSİBOV AzPolitika.info