Son zamanlar uşaq pullarının bərpa edilməsi məsələsi ictimaiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Mətbuat səhifələrində, sosial şəbəkələrdə bu məsələ ilə bağlı çağırışlar səsləndirilir. Bu məsələyə münasibət bildirənlər arasında uşaq pulunun yalnız demoqrafik problemlərlə üzləşən ölkələrdə (məsələn, Rusiya) verilməsinin məntiqə uyğunluğunu əsaslandırmağa çalışanlar da tapılır.
Bu sözləri professor Fikrət Yusifov qeyd edib. O bildirib ki, Azərbaycan neft ölkəsidir və bu məntiqlə çıxış edənlər digər neft ölkələrindəki vəziyyətə baxsınlar:
“Barəsində danışacağımız neft ölkələrinin heç birində ölkədəki əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində addımlar atılarkən demoqrafik durum əsas faktor kimi çıxış etmir və bu, heç kimin ağlına belə gəlmir. Sadəcə, bu ölkələrin hökumətləri neft pullarının bir hissəsinin birbaşa vətəndaşlara çatdırılması yolu ilə onların sosial müdafiəsini gücləndirmək seçimi edirlər.
Məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan uşaq üçün dövlət neft satışından 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Bundan başqa, Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Həmçinin, bu ölkədə təhsil tamamilə pulsuzdur.
Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir və əlavə olaraq 80 min dollar vəsait mənzil almaq üçün ödənilir. Bu ölkədə ali məktəbi bitirən hər bir məzuna 13 min dollar pul ödənilir. Səudiyyə Ərəbistanında neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur.
İqtisadi cəhətdən hərtərəfli inkişaf yolu keçmiş Norveçdə hər bir vətəndaşın hesabına neft pullarında 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar ödənilir. Bu ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur və dövlət bələdiyyəyə aid tibb ocaqlarına subsidiyalar verməklə əhaliyə yüksək tibbi xidmətin göstərilməsini təmin edir. Həmçinin, bu ölkədə təhsil pulsuzdur və Norveç tələbəyə çəkilən xərcin səviyyəsinə görə dünyada ilk yeri tutur”.
Professor bildirib ki, Azərbaycanın da belə təcrübələrdən yararlanması daha məqsədəuyğun olar:
“Düşünürəm ki, bu faktlar uşaq pulunun verilməsini demoqrafik vəziyyətlə əlaqələndirmək istəyənlər üçün nəticə çıxarmağa yetərlidir. Postsovet məkanında yerləşən neft ölkələrində hələlik bu təcrübədən istifadə olunmur. Bu ölkələrdə və Azərbaycanda neft pullarının büdcəyə yönəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsaitlərin büdcə xətti ilə xərclənməsinə üstünlük verilir. Əslində, burada ərəb ölkələrinin və Norveç kimi inkişaf etmiş bir ölkənin təcrübəsindən yaralanmağı düşünmək heç də pis olmazdı”. (axar.az)