Sami Kohen
Milliyet (Türkiyə), 06.09.2019
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bir gün qabaq Sivasda Mərkəzi Anadolu iqtisadi forumundakı sürəkli çıxışında son dərəcə önəmli bir açıqlama verərək deyib ki, onun fikrincə, Türkiyə nüvə silahına yiyələnməlidir və bu yöndə bəzi işlərin başlandığını da söyləyib.
Bu, prezidentin və ya hər hansı yüksəkməqamlı rəsminin ağzından bu mövzuda açıq səslənən ilk bəyanatdır.
Türkiyənin nüvə silahına yiyələnmək niyyəti haqda Sivasdan gələn bu xəbər dünya KİV-lərində böyük maraq doğurub.
Prezident Türkiyənin müdafiə bacarığını möhkəmlətmək üzrə müxtəlif uğurlu işlərdən danışaraq inkişaf etmiş bütün ölkələrin nüvə silahına yiyələndiyi, halbuki Türkiyənin oxşar imkandan məhrum olduğu durumu qəbuledilməz adlandırıb, habelə yada salıb ki, bölgəmizdə İsrailin belə bir potensialı var.
Prezidentin bu bəyanatı göstərir ki, artıq Türkiyənin gündəliyində hədəf durur – nüvə silahlı ölkələr sırasına daxil olmaq. ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya belə ölkələrə aiddir. İran da bu yolla getmək istəyir, amma bəlli mübahisələr üzündən əngəllərlə üzləşir.
Bundan savayı, bu, Türkiyənin hədəfini açır – hərbi sahədə də dünya dövləti olmaq. Amma bununla yanaşı buna nail olmaq üçün hansı strategiyanın tətbiq ediləcəyi, qeyd edildiyi kimi, artıq başlanmış ilk işlərin hansı mərhələdə olduğu və Türkiyənin buna görə hansı ölkələrlə təmasa girdiyi hələlik məlum deyil. Yəqin ki, bu önəmli ayrıntılar zaman keçdikcə aydınlaşar.
Ərdoğanın öz çıxışında bəhs etdiyi amillər Türkiyənin “nüvə klubu”na qoşulmaq istəyini tələsdirir. Bu istək təkcə “Başqalarında varsa, bizdə niyə olmamalıdır?” arqumenti ilə şərtlənməyib. Ankara güclü, bütün sahələrdə səs hüququ olan bölgəsəl və dünya dövləti olmaq istəyir. Türkiyə belə bir gücə söykənmək və balans siyasətini rəhbər tutmaqla öz fəaliyyətində daha müstəqil olmağa ümid edir.
Heç şübhəsiz, nüvə silahına yiyələnən Türkiyə bu kontekstdə müəyyən üstünlüklərə malik olacaq. Amma nüvə başlıqlarını düzəltmək, məsələn, hansısa ölkədən konvensional silah almaq kimi elə də asan deyil. Nüvə başlıqları (ya da, sadə deyilsə, atom bombaları ) başqasından alınmır, belə, ya elə, ölkənin öz potensialı əsasında istehsal olunur.
Türkiyə nüvə silahı düzəltmək üçün texnologiyaya, infrastruktura və istehsal üçün hazırlıqlı kadrlara yiyələnməli olacaq. Əlbəttə, bunların hamısı əldə ediləndir, amma buna zaman gərəkdir.
Siyasi baxımdan bəzi çətinliklər meydana çıxa bilər. Türkiyə 1980-ci ildə nüvə silahının yayılmaması haqda beynəlxalq müqaviləyə qoşulub, yəni “müqavilələrə əməl olunmalıdır” prinsipi çərçivəsində öhdəlik daşıyır. Bəzi ölkələr bununla bağlı Ankaraya qarşı, sadəcə, çıxış etməz, həm də xarici siyasətdə yeni ciddi problemlər yarada bilər. Şübhəsiz, Türkiyədə bu mövzu da ən yaxın günlərdə ayrıntılı müzakirə olunacaq. “Nüvə Türkiyəsi” layihəsi artıq gündəlikdədir.
Tərcümə Strateq.az-ındır.