"Medianı azad edin ki, nazirlərin malını, mülkünü sorğulaya bilsin" - Politoloq

8-09-2019, 14:23   

 

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzovun gündəmdən düşməyən fikirlərinə politoloq Fərhad Mehdiyev münasibət bildirib.

Demokrat.az xəbər verir ki, siyasi ekspert hesab edir ki, S.Novruzovun etirafı başqa bir məsələyə aydınlıq gətirib:
 
"Vəzifədən getmiş nazirlər milyonlar talayıb" deməklə, qəbul edir ki nazir vəzifə başında olanda ona nəzarət etmək mümkün olmur. Yəni talayırsa, bunu heç kəs əvvəlcədən yoxlaya bilmir. Nə vaxt ki oğru olduqları əyan-bəyan oldu, və gizlətmək də mümkün olmadı; ona Prezidentin özü vəzifədən alır bunları. Başqa bir sözlə qarantiyası yoxdur ki, indiki nazirlər də talamır. Burdan Siyavuş müəllimin alacağı dərslər bunlardır:
1. Medianı azad edin ki, onlar nazirlərin malını mülkünü sorğulaya bilsin.
2. Məmurların gəlir bəyannaməsi formasını hazırlayın!
3. Prokurorluq orqanlarına müstəqil və ancaq qanuna tabe olanları toplayın ki; barı vəzifədən getmiş nazirləri yoxlaya bilsin.
4. Dövlət satınalmalarını elektron qaydaya çevirin.
5. Vəzifələri rotasiyalı edin. Eyni akademiklə doğulub eyni akademiklə ölməyək".

Xatırladaq ki, deputat Siyavuş Novruzov "Yeni Müsavat”a açıqlamasında hakim partiya üzvlərindən bir sıra keçmiş nazirlərin vəzifələrindən uzaqlaşdıqdan sonra "qeyb”ə çəkildiklərini bildirib.
 
YAP-çı deputat onları mövqesizlik nümayiş etdirməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif  məsələlərdə ittiham edib.

“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!

Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!"".
 
Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz.

Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam!”,- deyə Siyavuş Novruzov bildirib.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar