Bu ittihamlar həmin eks-nazirlərə cinayət işi açılması üçün əsas olmalıdır! – “Siyavuş Novruzov bilmədiyi şeyi danışmaz” – HÜQUQŞÜNAS

9-09-2019, 15:05   

Son vaxtlar ilginc açıqlamaları ilə diqqət mərkəzində olan Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalar verib.
Hakim partiyanın funksioneri bildirib ki, vaxtilə həmin eks-məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub: 
“Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər”.

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək şok ittiham irəli sürüb: 
“Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.
YAP rəsmisi daha sonra bəyan edib: “Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”.
 Milli Məclisin komitə sədri bu açıqlamalarla eks-nazirləri dolayısı ilə korrupsiyada, dövlət əmlakını talamaqda və mənimsəməkdə  ittiham edib.
Bəs Siyavuş Novruzovun fikirləri sabiq nazirlərə cinayət işinin açılması üçün əsas sayıla bilərmi?


Modern.az-ın mövzu ilə bağlı suallarını Konstutusiya Araşdırmaları Fondunun  rəhbəri Əliməmməd Nuriyev cavablandırıb.

“Siyavuş Novruzov bilmədiyi şeyi danışmaz”
Ə. Nuriyev bildirib ki, ittihamlar olduqca ağırdır:

“Siyavuş Novruzov Milli Məclisin komitə sədri, deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini və ölkədə tanınmış şəxsdir. Onun qaldırdığı məsələ çox ciddidir, ümumiyyətlə korrupsiya cinayətləri ağır cinayətlərdir. Ona görə də rəsmi şəxsin səsləndirdiyi ittihamlarda dövlət əmlakını mənimsəmədən söhbət gedirsə, heç şübhəsiz cinayət işi açılmalıdır və konkret şəxslər istintaqa cəlb edilməlidir. Mənim bildiyim qədər Siyavuş Novruzov konkret adlar çəkməyib. O, şəxslərin ayrı-ayrı vəzifələrdə işləməsi, daha sonra böyük varidat əldə etməsilə bağlı fikirlər səsləndirib. Və onun bu açıqlaması cinayət predmeti, əsas ola bilər. Bunun üçün istintaq-axtarış əməliyyat tədbirləri aparılmalıdır. Siyavuş Novruzovun kimləri nəzərdə tutması daha da konkretləşdirilməlidir”.

“Bəzi nazirlər vəzifəyə gələndən sonra varlanıb”

Hüquqşünas bəzi sabiq nazirlərin YAP rəsmisinin açıqlamasına münasibət bildirməsini, bəzilərinin hələ də susqunluqlarını qorumasına fikir bildirib:

 “Bilirsiniz, bu bəyanat çox maraqlı və diqqətəlayiq bəyanatdır. Kütləvi informasiya vasitələrində zaman-zaman vəzifəli şəxslərin böyük varidatlarının olması ilə bağlı fikirlər səslənir. Amma söhbət həmin varidatın qanuni yoxsa qeyri-qanuni yolla əldə edilməsindən gedir. Doğrudur, bəziləri vəzifəyə gəlməz əvvəl də bizneslə məşğul olublar. Amma aralarında vəzifəyə gələndən sonra varlananlar da az deyil. Hətta ölkəyə gələndən sonra böyük imkanlar əldə edənlər də var. Bu isə hüquq-mühafizə orqanlarının baxış predmetidir”.


“Bütün sualların cavabı Siyavuş Novruzovdadır”
Ə.Nuriyevin ona ünvanladığımız  “Siyavuş Novruzovun səbrini daşıran son damla nə oldu ki, dilə gəldi” sualına cavabı birmənalı oldu:

“Siyavuş Novruzov rəsmi şəxsdir, bilmədiyi şeyi danışmaz. Görünür, müəyyən faktların toplanması və dəqiqləşdirilməsi gedirmiş. Bu, Siyavuş müəllimin fikirləri olduğu üçün konret fikir söyləməkdə çətinlik çəkirəm. Hər hansı şəxs barəsində fikirlər söylənərkən, arqumentlərə söykənilməlidir. Bu dəlillərin əldə edilməsi isə müəyyən vaxt tələb edir. Hər halda dəqiq məlumat millət vəkili, parlamentin komitə sədri Siyavuş Novruzovdadır. Onun yerinə hər hansı fikirlər səsləndirmək doğru olmaz”.turkustan.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar