“Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Cebhe.info-ya açıqlamasında bildirib. O deyib ki, iddialar polisə qarşı təxribatdır, orada plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olması barədə söylənilənlər həqiqətə uyğun deyil:
“Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.
Qeyd edək ki, mediada Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr etməsi iddia olunur. Bu iddia ilə Kərbəla faciəsi ilə bağlı əzadarlığa toplaşan dindarlar çıxış edib. Onların dediyinə görə, Xəzər Rayon Polis İdarəsi bu addımı “yuxarıdan gələn göstəriş”lə əsaslandırıb.
Alçina Amilqızı
Cebhe.info