DEPUTATLARDAN PROKURORLUĞA ÇAĞIRIŞ – “Сinayət işi açılmalıdır, milyardlardan söhbət gedir”
10-09-2019, 11:22
İki gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Siyavuş Novruzov olduqca ciddi bəyanatla çıxış edərək, bir sıra keçmiş nazirlərin milyardlar taladığını bildirib. Hakim partiyanın funksioneri eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, şok ittiham irəli sürüb və bəzi “sabiq”lərin xaricdəki mühacirləri maliyyələşdirdiyini iddia edib. Böyük əksəriyyət hakim partiya rəsmisinin dilindən səslənən bu ittihamları sözgəlişi iddia kimi qiymətləndirmir. Bu fikri formalaşdıran bir neçə amil var. Məsələn, hakim partiyada əhəmiyyətli nüfuza malik olan, MM-də komitələrdən birinə rəhbərlik edən Novruzovun sıradan biri kimi dəyərləndirilməsi, mahiyyətdən yayınmadan başa bir şey ola bilməz. Üstəlik, YAP funksioneri ittihamlarının çəkisini anlamamış deyil. O üzdən, “masasının üzərindəkinə” işarə etməsi, faktla danışmasına birbaşa işarə idi. Bu, həm də hüquq mühafizə orqanlarına işarə olmalı idi ki, hadisələrin gedişi göstərdi ki, olmadı… Xeyli vaxtdır mətbuata telefonlarını qapatmış bir neçə keçmiş nazir, artıq YAP rəsmisinin ittihamları ilə bağlı açıqlama verib.Açıqlamalarda ittihamları öz üzərinə götürən “sabiq” olmayıb. Ona görə də əlaqədar qurumların Siyavuş Novruzovun bu bəyanatından sonra işə qarışıb-qarışmayacağı maraq doğurur. Səslənən ittihamların üstündən 2 gün keçməsinə baxmayaraq, “sabiq”lər haqqında hüquq mühafizə orqanlarının hansısa bir addımı olmayıb. Görəsən, bu ittiham üzrə cinayət işi açılacaqmı? Və ya ümumiyyətlə, hansı “sabiq”lərə cinayət işi açıla bilər? Məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı Redaktor.az-a danışıb. Millət vəkili hesab edir ki, Siyavuş Novruzovun ittihamları kifayət qədər ciddi xarakter daşıyan açıqlamadır: “İttihamları kimin səsləndirməsinə diqqət yetirməliyik. Bu açıqlama kifayət qədər məlumatlı olan Siyavuş Novruzov tərəfindən verilirsə, deməli, buna adi iddia kimi yanaşmaq olmaz.Bunun ardı gəlməlidir. Onların kim olmasını, adlarının açıqlanmasını hər birimiz gözləyirik. Yəqin ki, onların kimliyi bəlli olacaq”. Millət vəkili vurğulayıb ki, bu gün yüksək vəzifədə çalışan məmur da, millət vəkili də, sabiq vəzifəlilər də, adi vətəndaş da dövlətin yanında olmalıdır: “Bu sirr deyil ki, daxildən də xaricdə olanları maliyyələşdirənlər var. Bunun kimliyini hüquq mühafizə orqanları araşdırmalı və məsələyə ciddi reaksiya verilməlidir.Eyni zamanda Azərbaycanı istəməyən antiazərbaycan qüvvələrinin Ermənistanla bağlı olan qüvvələrlə bağlantıları var”. F. Ağamalı daxildən xaricdəki antiazərbaycan qüvvələri maliyyələşdirən mənbələrin tapılmamasının səbəblərinə aydınlıq gətirib: “Onun müəyyənləşməsinə elə onların özü mane olur. Bu işin müəyyənləşməsinə kiminsə mane olduğunu məntiq deyir”. Millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı fikirlərini saytımızla bölüşüb. Millət vəkili hesab edir ki, bütün bunlar hakim partiyanın və yaxud hakimiyyətin daxili problemləri ilə bağlı məsələlərdir: “Çünki ittiham olunan “sabiq”lər əvvəllər YAP-ın üzvü olub, sonradan vəzifə tutanlardı. Ona görə də bizim həmin partiyanın daxili işlərinə qarışmağımız doğru deyil. Hər halda Siyavuş Novruzovun çağırışının, ittihamlarının ünvanı bəllidir. Konkret olaraq statistikaya, sənədlərə baxsaq, o dövrdə kimin vəzifədə olmasını, kimin niyə hakimiyyəti müdafiə etmədiyini aydın görə bilərik”. F. Mustafa bildirib ki, Siyavuş Novruzovun bu iddialarından sonra Baş Prokurorluq “sabiq”lərə qarşı cinayət işi açmalıdır: “Çünki bu əməlli-başlı kriminal fəaliyyətlə bağlı mesajdır. Bu mesaj mütləq araşdırılmalıdır. Hüquq mühafizə orqanları, Baş Prokurorluq tərəfindən S. Novruzovun iddia etdiyi kimi mənimsəmənin olub-olmaması aydınlaşdırılmalıdır. Bununla bağlı cəmiyyətə də müəyyən açıqlama verilməlidir.Çünki burada milyardlardan söhbət gedir. Mənimsəmədə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması aidiyyatı qurumlar tərəfindən təmin edilməlidir”. azpolitika.info