Bir neçə gündür ölkə mətbuatında müzakirə mövzusu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı verdiyi açıqlamalardır.
Hakim partiyanın funksioneri sensasion sayılacaq açqılamasında bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra "qeyb”ə çəkiliblər.
S.Novruzov deyib ki, keçmiş nazirlər 10-20 il vəzifədə qalıblar, hərəsi özünə milyardlar qazanıb, amma son zamanlar müxalifətin hökumətə qarşı hücumlarına heç bir reaksiya vermir, mövqelərini bildirmirlər.
Eks-nazirlərə xəbərdarlıq edən S.Novruzov həmin nazirlərin bəzilərinin xaricdə oturanları maliyələşdirdiyini də açıqlayıb. Əlavə edib ki, həmin sabiq nazirlərlə bağlı dosyelər masa üzərindədir və onların kimlərə maliyyə ayırdığı aydındır.
Siyavuş Novruzovun haqqında danışdığı sabiq nazirlər kimlərdir?
"Yeni Müsavat”ın yazdığına görə, onlar heç şübhəsiz ki, rabitə naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov, MTN naziri olmuş Eldar Mahmudovdur.
Qəzet Əli Abbasovla bağlı maraqlı detalları açıqlayıb.
Yazıda bildirilir ki, Əli Abbasovun vəzifədən uzaqlaşdırılması "MTN işi”nin bir parçası idi. Əli Abbasov da Eldar Mahmudovun əlaltılarından idi və sonda o da "qurbana” çevrildi.
Abbasov rəhbəri olduğu nazirliyin onlarla vəzifəli şəxsi həbs edildiyi halda, özünü necə xilas etdi? Əlbəttə ki, milyonlar ödəyərək. Çünki "Rabitə işi”nə görə davam edən məhkəmə işlərində sabiq nazir adının çəkilməsini istəmirdi. Bunun qarşılığında isə o, keçmiş işçilərinin dövlətə vurduğu milyonları ödəyirdi.
Əli Abbasov canını həbsdən qurtarıb özünə yeni kreslo tapsa da, onun işçilərinin bəziləri həbsdədir, bəziləri 5 ilə yaxın aldıqları cəzalarını çəkib və azadlığa çıxıblar, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən qovulublar.
Həmin məhkəmə işlərindən xatırlatma: Azərbaycanda baş tutan ən səs-küylü məhkəmə işlərindən biri olan "Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasov barəsində veriləcək qərarı maraqla gözləyirdi. Ona görə ki, həm cinayət işi materiallarında, həm də sabiq nazirin həbs edilən işçilərinin dediklərindən məlum olurdu ki, Əli Abbasov heç də azadlıqda qalmağı haqq etmirmiş. Çünki həbs edilən rabitə işçilərinə qarşı elan olunmuş ittihamlar onu deməyə əsas verirdi ki, Əli Abbasov baş verənlərdən xəbərsiz olmayıb.
Aydın olur ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib. Bunu nazirliyin aparat rəhbəri olmuş, daha sonra həbs edilmiş Vidadi Zeynalov dəfələrlə məhkəmə iclaslarında açıqlamışdı.
Həmçinin bu iş üzrə həbs edilən 11 nəfərin əksəriyyəti onlara qarşı elan olunmuş ittihamların niyə Əli Abbasovdan yan keçdiyinə etiraz edir, haqlı olaraq da dilə gətirirdilər. Axı necə mümkün ola bilərdi ki, 100 milyon manata yaxın dövlət əmlakının mənimsənilməsindən Əli Abbasov xəbərsiz olsun? Əgər işçiləri Əli Abbasovdan xəbəsiz bu əməlləri törətmişdilərsə, belə olan halda da sabiq nazir də məsuliyyət daşımalı idi...
Lakin Əli Abbasov "ağıllı” tərpəndi. Bütün günahı "kassiri” olmuş Vidadi Zeynalovun boynuna "yükləyə” bildi.
Daha sonra Əli Abbasov adının hallanmaması üçün müəyyən yollara əl atmağa başladı. Məhkəmə iclaslarında onun adını çəkən işçilərinin dövlətə vurduğu zərərləri ödəməyi də öz öhdəsinə götürdü.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasov nə az, nə çox 10 milyon manatı elə "Rabitə işi” başlayanda dəymiş zərər kimi ödəmişdi.
"Rabitə işi”nin sonunda, gözlənildiyi kimi, Əli Abbasov azadlıqda qaldı...
11 il nazir postunda oturan Əli Abbasov bu milyonları necə qazanmışdı?
"Rabitə işi” ilə bağlı çap edilən məhkəmə yazılarını xatırlayanlar bilər ki, nazirlikdəki "pul yumaq sistemi” necə işləyib. Bu sistem sabiq nazirə hər ay milyonlar qazandırıb.
Heç şübhəsiz ki, Siyavuş Novruzovun xəbərdarlıq etdiyi eks-nazirlərdən biri də Əli Abbasovdur.
Əli Abbasovun Bakıda və bölgələrdə olan mülklərinin, ailə üzvlərinin adına xarici ölkələrdə olan əmlaklarının dəyəri milyonlarla ölçülür. Yəqin ki, hakim partiya da bundan xəbərdardır və Siyavuş Novruzov "dosye masanın üzərindədir” deyərkən bunu nəzərdə tutur.
Siyavuş Novruzovun nazirlərlə bağlı "heç bir mövqe bildirmirlər” deyərək irad tutmasını Əli Abbasova da şamil etmək olar. Çünki sabiq nazir hökumətlə müxalifət arasında gedən virtual savaşda heç vaxt mövqe bildirməyib. Abbasov bununla da hakim partiyanın "qara siyahı”sına düşüb.
Cebhe.info